İnsanlara hürriyət, millətlərə istiqlal!

Riyakarlığın patenti

2006 09.05.2023 10:47 Yazarlar A A

“Hər kəsin çörəyi xəmirinə görədir”

(Azərbaycan ata sözü)

Öncə pul verib səfeh teleşoulara çıxırlar, bir anda olurlar “tanınmış həkim”. Yazıq, əlacsız, xəstə camaat başlayır bunların telefonlarını, adreslərini axtarmağa. Hamının xaricdə müalicəyə getməyə imkanı yoxdur axı. Nəticədə sabun köpüyü şöhrət, haram pullar sel kimi axır, qibtə, paxıllıq, dedi-qodu... Bir də baxırsan kriminal xəbərlərdə süjet getdi: “Tanınmış həkimi öldürüblər”. 

Bu yaxında Türkiyədə “Teknofest” keçiriləndə oradan paylaşılan bir xəbər diqqətimi çəkmişdi. Yazmışdılar ki, azərbaycanlı həkim-alimin patentləri burada böyük diqqətlə qarşılanıb, medal-zad almışdır. Patent də bir dənə ola, iki dənə ola... Düz dörd dənə! 1 olsa bəlkə heç maraqlanmazdım, bu cür “optovoy” patentlər istər-istəməz jurnalistlərin diqqətinə layiqdir. Axtardım, aradım, məlum oldu bu yoldaş Bakıda klinika açıb, camaatı... dazlaşmaqdan müalicə edir. Keçəlləşmə əleyhinə guya hansısa ot-motdan, dəvə qığından, nə bilim, eşşək sidiyindən (bunları fərziyyə olaraq yazıram, təbii ki, “patentin” sənədində keçəl başa tük gətirən bu sehrli maddənin tərkibi, inqredientləri yazılmamışdı - məlum məsələdir niyə) düzəldilmə mazın, kremin, gelin patenti idi. Deyəsən, hərəsinə bir patent almışdı, ona görə dörd olmuşdu. Oxuyanda mənim də gözüm dörd oldu. Nəyə görə? 

Ona görə ki, Bakıda tibbi klinika açıb ona “baş həkimlik” edən, saxta “elmlər doktoru” olan bu yoldaşın tərcümeyi-halını öyrənəndə heç tibb təhsili olmadığını da gördüm! Bəs o “tibb elmləri doktoru” adını haradan qapazlayıb? Heç zad, Rusiyada bir fırıldaqçı, dələduz idarə var, sağa-sola elmi adlar, diplomlar satmaqla məşğuldur. “Beynəlxalq akademik akkreditasiya və attestasiya komitəsi” (rusca abbreviaturası “MAAAK”) adlı bu qurum pulla istənilən adama “elmlər doktoru” adı satır. Təhsilin varmı, araşdırma varmı, kitab-dəftər varmı, rəy verən alimlər-zad varmı... Bunların heç bir önəmi yoxdur. Pulu ver, diplomu al. Rusiyada, o cümlədən keçmiş SSRİ məkanında həmin bu MAAAK-ın elmlər doktoru diplomunu almış şəxslər sırasında şəhər merləri, polis rəisləri, deputatlar, qubernatorlar, nə bilim, prokurorlar və JEK müdirləri kimi qəribə-qəribə tiplər saysız-hesabsızdır. 

Əlbəttə, yenə xüsusi qeyd edirəm ki, özünə cürbəcür adlar, təriflər, medallar taxmaq hər kəsin şəxsi işidir. Onsuz bu dəqiqə Maştağadakı məlum obyektə get, içəridə kefin istəyən qədər Napoleon, Yusif peyğəmbər, Nizami Gəncəvi və Stalin tapmaq olar. Ancaq bizim misalda adam heç bir tibbi təhsili olmadan saxta elmlər doktoru adı alır, klinika açır, patent qayırır və hətta beynəlxalq sərgidə ölkəmizi təmsil edir! Sabah bunun üstü açılanda biabırçılıq ölkəmizin adına deyilmi? 

Klinika cəhənnəmə, bu uydurma patentlərə sənəd verən Əqli Mülkiyyət Agentliyi nəyə imza atdığını bilmirmi? Nəyin, hansı çirkin sövdələşmənin əsasında bu patentləri, dövlət sənədlərini dələduzlara reklam üçün verirsiniz? 

Google-da həkim axtaranda bu saxtakarların adları xalqın qarşısına birinci çıxır, bunu bilirdinizmi? Çünki çoxu həmin o idiot televerilişlərdə, tok-şoularda “ekspert” kimi iştirak eləyib. Bu pullu, ödənişli reklamlarla nəsli kəsilməkdə olan əsl həkimləri də qatlayıb altlarına qoyublar. 

Yazıda niyə ad çəkmədim? Çünki mənası yoxdur. Azad Mirzəcanzadə uzanıb öləndən sonra guya bizim Ali Attestasiya Komissiyasının verdiyi elmi adlar çox düzgündür? “MAAAK”a sataşarsan, adama deyərlər get öz AAK-ına bax. Dilimizi hər yanda gödək ediblər. Bu baxımdan, riyakarlıq olmasın deyə ümumiyyətlə ad çəkmirəm. 

Riyakarlıq demişkən... Öldürülən “proktoloq-plastik-cərrah” temasında dünən bir şairə-aparıcının canfəşanlığını, qatilə “üsyanını” gördüm, sarkazmla gülümsündüm. Çünki ondan az öncə bir video izləmişdim. 2022-ci ilin payızında çəkilən o əcaib video proktoloqun kitabının təqdimat mərasimi idi. Düz bağırsağa aid kitabın üz qabığına rəhmətlik öz bər-bəzəkli fotosunu vurmuşdu, bununla işim yox. Ancaq təqdimatın aparıcısı elə bu şairə-xanım idi və orada həkimin ərinin şəninə təriflər yağdırılırdı. Nə oldu? Sağlığında alagözlüydü, öldürəndə kor Fatı oldu?

Riyakarlıq adətən qətllə bitir, biləsiniz. Çünki ikiüzlülük də bir cinayətdir. Nə olsun CM-də maddəsi yoxdur?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR