Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, ölkənin geosiyasi kursu ətrafında polemikalar daha da sərtləşir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni politoloq Artur Xaçikyan ABŞ və Qərbin Ermənistan seçkilərinə münasibətini sərt tənqid edib, Vaşinqtonun Moskvanın mümkün müdaxiləsi ilə bağlı açıqlamalarını ikili standart adlandırıb.
Azərbaycan və Türkiyə əleyhinə çıxışları ilə tanınan Xaçikyan Ermənistanda gedən siyasi prosesi “Qafqaz uğrunda oyun” kimi təqdim edib və Qərb ölkələrinin Nikol Paşinyan hakimiyyətinə dəstək verdiyini iddia edib.
Erməni politoloqun fikrincə, Ermənistan hakimiyyətinin mövqelərinin zəiflədiyini görən Qərb liderləri ardıcıl şəkildə İrəvana siyasi dəstək mesajları göndərir. O, ABŞ rəsmilərinin və Avropa nümayəndələrinin son açıqlamalarını, eləcə də Vaşinqtonun Ermənistan seçkilərinə dair bəyanatlarını bu kontekstdə qiymətləndirib.
Xaçikyan xüsusilə ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın Ermənistan seçkilərinə müdaxilə edə biləcəyi ilə bağlı açıqlamasını tənqid edib. Onun sözlərinə görə, Vaşinqton Moskvanı ittiham etsə də, Qərbin Ermənistanda uzun illər siyasi və informasiya təsiri göstərdiyi barədə iddiaları görməzdən gəlir.
O, beynəlxalq siyasətdə etik və prinsiplərdən çox maraqların rol oynadığını vurğulayaraq Ermənistan ətrafında geosiyasi mübarizənin daha da sərtləşdiyini iddia edib.
Qeyd edək ki, Ermənistan seçkiləri öncəsi həm Rusiya, həm də Qərbin mümkün təsiri məsələsi ölkə daxilində ən çox müzakirə olunan mövzulardan biridir. Hakimiyyət xarici müdaxilə ittihamlarını rədd edir, müxalif və revanşist çevrələr isə ölkənin geosiyasi kursunu əsas mübarizə mövzusu kimi təqdim etməyə çalışır.
Musavat.com






