İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqabət məcəlləsi

1375 28.05.2022 08:10 Yazarlar A A

Öncə bütün zəhmətkeşlərimizi 28 may bayramı münasibətiylə təbrik edirəm. Müstəqilliyin qədrini bilmək lazımdır. Cəmi 32 il qabaq biz aprelin 28-ni bayram edirdik. Kölə kimi yaşayırdıq. Neftimiz Moskvaya axıb gedirdi. Pambıq tarlasında zülüm çəkirdik. Dərmanın, kimyəvi zavodların əlindən Sumqayıtda uşaq qəbristanlığı yaranmışdı. İndi isə neftimiz Bolqarıstana, İtaliyaya gedir. İşləməyə tarla yoxdur, uşaqları isə UZİ-də mələdirik - əsasən qız xeylaqlarını.

Azadlıq qiymətli sərvətdir. O vaxtlar bir dənə raykom katibi olurdu, bütün rayonu minirdi. KGB-nin əlindən anekdot danışmaq belə mümkün deyildi, adamın nəslini Sibirə sürgün edirdilər. Ancaq indi, maşallah, nə qədər istəsən Putin, Bayden haqda anekdot danış. Gör sənə nəsə deyən var? İcra başçılarımız da xalqın qapısında yatır. Deyirlər, a millət, daha nə edək sənin qulluğunda durmağımız mümkün olsun? Hətta camaat icra başçılarını, deputatları qapıdan qovur, deyir imkan verin arvad-uşağımızla da gün keçirək. Xeyri yoxdur. Əl çəkmirlər. Nəticədə neçə deputat bacadan yıxılıb xəsarət almışdır.

Xülasə, bunun qədrini bilin. Dünyada belənçik müstəqilliyi olan cəmi 5-10 dövlət qalıbdır. Qalanları hamısı oyun-oyuncaq işlərdir. Odur, Ukraynanı da qabaqca aldatdılar ki, sən Putini çimdiklə, biz silah verəcəyik. Axırda tank-top vermədilər, yazıq Zelenski bütün günü qışqırır, az qalır qaçıb yerli Kələkiyə getsin.

Lakin mövzumuz tam olaraq müstəqillik gününə aid deyil. Bu yaxında, lap dəqiq yazsam may ayının 24-də ölkəmiz üçün tarixi hadisə baş vermişdir, nədənsə kütləvi informasiya vasitələri (KİV), o cümlədən, şəxsi informasiya vasitələri (ŞİV) məsələyə lazımi qədər diqqət ayırmadılar. Məsələ isə dəhşətli dərəcədə vacibdir. Buyurun, oxuyun:

“Azərbaycanda uzun illərdir gözlənilən bir sənəd - Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Musavat.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Layihə müvafiq dövlət qurumlarının müsbət rəyi alındıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib”. Sitatın sonu.

Bəli. Artıq bizi daha böyük iqtisadi islahatlar gözləyir. Bizim əsas problem nə idi? İnhisarlar. Monopoliya. Heç bir rəqabət yoxdur. Hara baxırsan, eyni şirkətdir, eyni adamlar həm bank saxlayır, həm pomidor becərir, həm inək sağır, həm təyyarə uçurdur. Nəticədə inkişaf çətinləşir. Özün-özünlə necə rəqabət aparasan?

Lap hesab edək buna cəhd elədin. Misal üçün, səhər yuxudan durursan, rəqabət üçün xaş yox, yağ yaxmacı yeyirsən. Günorta şirkəti bağlayıb açarını dənizə atırsan. Axşam başqa evdə gecələməyə gedirsən. Alınmırdı, çünki başqası yox idi! Hər şey sənin özünün, yəni, xalqın idi. İndi, inşallah, alternativ quruluşlar, şirkətlər, sistemlər yaradılacaqdır. Ola bilsin Müsavat Partiyasının qarşısında Müasir Müsavat, AXCP-nin yanında KXCP, BAXCP, YAXCP kimi siyasi qurumlar düzəldilsin. Rəqabət inkişafın əsasıdır. Ədalət mülkün təməlidir. Reklam ticarətin motorudur.

Yazını Əliağa Vahidin Rəqabət Məcəlləsi haqda qəzəli ilə bitirirəm:

“Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər

Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən

Məni fəqirə də qılsan nəzarə bir dənəsən".

 

Bayramınız da bir daha qutlu olsun. Müstəqillik əvəzsiz şeydir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR