İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionda riskləri önləyən sənədin 5 ili

687 17.06.2026 08:40 Siyasət A A

Şuşa Bəyannaməsinin əhəmiyyəti indi daha da artıb

Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötdü. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan bu sənəd təkcə iki dövlətin siyasi iradəsinin ifadəsi deyil, həm də regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji yol xəritəsidir.

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyat sahəsinə, humanitar əməkdaşlıqdan informasiya siyasətinə qədər geniş istiqamətləri əhatə edir. Burada əsas məqsəd ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı deyil, iki dövlətin strateji maraqlarının vahid baxış əsasında uzlaşdırılmasıdır.

Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyədə təsbit olunmasıdır. Bununla yanaşı, sənəd iqtisadi və geoiqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Son onilliklərdə Bakı ilə Ankara arasında həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, daha geniş coğrafiyanın inkişafına təsir göstərib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın yeni mərhələsinin siyasi təməlini formalaşdırıb.

Bəyannamədə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və diaspor fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalara da yer verilib.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddətdə sənədin müddəaları real nəticələrlə öz təsdiqini tapıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin intensivləşməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək bu sənədin praktik əhəmiyyətini nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin hüquqi bazasını möhkəmləndirən sənəd olmaqla yanaşı, regionda formalaşan yeni əməkdaşlıq mühitinin, sabitlik və inkişaf strategiyasının mühüm sütunlarından biridir. Regionda risklərin artdığı indiki məqamda bu sənədin əhəmiyyəti bir daha önə çıxır.

Elman Nəsirov: “Bundan sonra heç kim torpaqlarımıza göz tikə bilməz”

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, regionda geosiyasi risklərin artdığı, Yaxın Şərqdə gərginliyin yüksəldiyi, Rusiya-Qərb qarşıdurmasının davam etdiyi və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir dövrdə Şuşa Bəyannaməsinin əhəmiyyəti daha qabarıq şəkildə görünür: “Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərini rəsmiləşdirən sənəd deyil, həm də regionun gələcək siyasi və iqtisadi düzəninə təsir edən strateji çərçivədir. Əvvəla, sənəd iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən faktiki müttəfiqlik mərhələsinə yüksəldib. Bəyannamədə təhlükəsizlik, müdafiə, xarici siyasət, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq üzrə koordinasiya mexanizmləri nəzərdə tutulur. Bu isə regional təhdidlər fonunda Azərbaycan üçün əlavə siyasi və hərbi təminat rolunu oynayır.

İkinci mühüm məqam nəqliyyat və logistika məsələləridir. Şuşa Bəyannaməsi Orta dəhliz layihəsinin inkişafına, Türk dünyasının inteqrasiyasına və Şərqlə Qərbi birləşdirən alternativ marşrutların genişlənməsinə strateji dəstək verir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı şəraitdə bu amilin əhəmiyyəti daha da artır.

Üçüncü istiqamət regional sabitliklə bağlıdır. Azərbaycan və Türkiyə son illərdə əməkdaşlığı yalnız hərbi sahədə deyil, diplomatik və iqtisadi müstəvidə də genişləndiriblər. Bu əməkdaşlıq Cənubi Qafqazda yeni reallıqların formalaşmasına və uzunmüddətli sülh təşəbbüslərinin dəstəklənməsinə xidmət edir. Xüsusilə Azərbaycan-Ermənistan normallaşma prosesinin davam etdiyi bir vaxtda Bakı-Ankara koordinasiyası mühüm faktor olaraq qalır.

Digər tərəfdən, Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə də əlavə impuls verir. Bu sənəd təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə türk coğrafiyasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsini təşviq edən tarixi sənəddir".

Deputat hesab edir ki, hazırkı beynəlxalq şəraitdə sənədin əhəmiyyətini artıran əsas amil onun həm də preventiv xarakter daşımasıdır. Yəni Şuşa Bəyannaməsi yalnız hər hansı böhran yaranandan sonra reaksiya vermək üçün deyil, mümkün risklərin qarşısını almaq, regional balansı qorumaq və strateji koordinasiyanı təmin etmək üçün yaradılmış mexanizmdir: “Dünyada, regionda geosiyasi qeyri-müəyyənliyin artdığı indiki mərhələdə onun strateji əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə daha da yüksəlib”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR