İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəfipur başını quma soxub – Nə Ukraynadan xəbəri var, nə Həmədandan

2875 18.01.2023 07:33 Analitika A A

Bir neçə aydır İran və Azərbaycan dövləti arasında rəsmi Tehrandan qaynaqlanan gərginlik bu ilin ilk ayının yarısında səngimiş kimi görünsə də, fars millətçi-ideoloqları öz “milli dava”larından vaz keçmiş kimi görünmür.

Yanvarın 9-da Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olarkən İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşməsi, ikitərəfli münasibətlərə dair müzakirə aparması daima köndələn danışan iranlı təbliğatçıların ağzını yalnız bir həftə yuma bildi.

Budur, onlar yenə danışmağa başlayıblar və öz ritorikaları ilə İran İslam Respublikasını idarə edənlərin gerçək düşüncələrini ifadə edirlər. Belə olmasaydı, rəsmi dairələr onları susdurar, “Azərbaycan dövləti ilə münasibətimizin korlanmasına xidmət edən mülahizələrlə çıxış etməyin” tapşırığı verərdilər.

Vaxtilə Azərbaycanda və regionda işləmiş bəzi diplomatların ardınca bu dəfə paniranist ideoloq mantiyası geymiş Əliəkbər Rəfipur meydana atılıb və internet resurslarında (“Masaf Clip” “YouTube” kanalı) yaydığı 25 dəqiqəlik videogörüntülərdə ölkəmizə qarşı iddialar, hədyanlar səsləndirib.

Rəfipur deyib: “Mənim üçün iranlı olmaq (fars) və böyük İran kimliyi hər şeydən (yəni hətta şiəlikdən də) önəmlidir. Azərbaycan İranın Ukraynası olacaq. Bizim Azərbaycan dövləti ilə mübarizə aparmaq üçün iki əsas variantımız var: Azərbaycanda “Hüseynçilər” hərəkatını gücləndirmək və talış azlığını dəstəkləmək. Bu iki hədəf bizim əsas prioritetimiz olmalıdır”.

Bədnam ideoloqun dediklərindən belə anlaşılır ki, birincisi, İran artıq böyük güclərlə höcətləşməyi bir kənara buraxaraq Azərbaycanla uğraşmağa başlayıb, ikincisi, nisbi sakitliyə baxmayaraq, İran-Azərbaycan münasibətlərindəki soyuqluq davam etməkdə, hətta pis tərəfə qızışmaqdadır.

“Azərbaycan İranın Ukraynası olacaq” ifadəsi bunun göstəricisidir və olduqca təhlükəli söhbətdir. Bu, həm də onu göstərir ki, Rəfipur regionda gedən siyasi proseslərin, baş verən hadisələrin, eləcə də Ukraynada gedən müharibənin təfərrüatlarından bixəbərdir.

Sanki Rusiya Ukraynaya hücum etməklə xeyir tapıb ki, bu kampaniya da başqa bu cür fdüşüncələrdə olanlar üçün nümunə, örnək olsun. Rəfipur bilmirsə, bilsin ki, Rusiya Ukraynada bataqlığa saplanıb, özü də adi bataqlığa yox, qan bataqlığına – həm də əsasən öz qanının bataqlığına. O boyda ölkənin beynəlxalq reputasiyası yerlə bir olub, hazırda vəziyyətdən sifətini qoruyaraq çıxmaq üçün yol axtarır. Üstəlik, bu ölkə II dünya müharibəsindən sonra ən böyük itkiyə məruz qalıb. Rusiyanın 11 ayda verdiyi itkinin miqyası 10 ildə Əfqanıstanda verdiyindən 10 dəfə çoxdur.

Hal böyləykən Rusiyanın Ukrayna hərbi kampaniyasını örnək götürmək siyasət və hərb sənəti barədə sıfır bilgilərə malik olmağın göstəricisidir.

Azərbaycan dövlətinin rəhbərliyi, eləcə də onunla müttəfiq və İrandan güclü olan dövlətlər bunu sıradan bir təhdid kimi qəbul edə bilərlər, amma əgər İranda bir çox adamlarda, o cümlədən ideoloqlarda, ruhanilərdə, hərbçilərdə və siyasətçilərdə belə bir düşüncə varsa, demək, ayıldıcı mülahizələrə də ehtiyac var.

Birincisi, Azərbaycan dövləti artıq elə də rahat-hülqum deyil ki, iştahı qabaran onu “hopp” eləyib udmaq istəsin. O, istənilən dövlətin boğazında qala və onu çeçədə bilər.

İkincisi, Azərbaycan tək deyil, onun Türkiyə kimi çox yaxın olduğu strateji müttəfiqi, İsrail və İngiltərə kimi tərəfdaşı var.

Üçüncüsü, Rusiya Federasiyası bu regiondan vaz keçmiş, buraları tam olaraq boşaltmış deyil ki, sabah kimisə ora buraxsın.

Dördüncüsü, bu gün İran özü təklənmiş durumdadır, İsraillə, qonşu ərəb ölkələri ilə, ABŞ-la, İngiltərə ilə müharibə vəziyyətindədir. Onlar az qala İranı dağıtmaq üçün bəhanə axtarır, onun hansısa bir ölkəyə müdaxilə etməsini gözləyirlər ki, birdəfəlik haqq-hesabını çəksinlər.

Beşincisi, İranın Azərbaycana qarşı bu qədər aqressiv münasibət sərgiləməsinə əsas verəcək səbəb yoxdur.

Altıncısı, Azərbaycanın daxilini “hüseynçilər” və ya talışlar vasitəsilə qarışdırmaq layihəsi bəri başdan iflasa məhkumdur. Nə “hüseynçilər” bilindiyi qədər güclü deyillər, nə də qardaş talış xalqı min illərlə iç-içə yaşadığı xalqı kiminsə ayağına verməz. Ortada on minlərlə talış və türkün ən yaxın qohumluq bağı ilə bir-birinə qaynayıb-qarışması faktı var.

Yeddincisi, İranın öz daxilində  - Təbrizdə, Ərdəbildə, Həmədanda, Urmuda Azərbaycana rəğbət bəsləyən milyonlarla fəal var və amil Tehranı xam xəyallara düşməkdən məkindirəcək qədər ciddidir.

Bu baxımdan iranlı ideoloqların iddialarının hamısı, məşhur təmsildə deyildiyi kimi, “keçi suyu bulandırdı” qrafasından olan boş-boş bəhanələrdir. Ay, İsraillə Azərbaycanın münasibəti yaxşıymış, vay, Azərbaycan Zəngəzurdan Naxçıvana açmaq istədiyi dəhliz İranla Ermənistanın sərhədini qapayırmış və s.

İranın dərdi başqadır. Mollakratiya güclənən Azərbaycanın öz daxilinə mənfi təsir göstərəcəyindən əndişələnir, bir də özündən zəif hesab etdiyi dövlətə xox gəlməklə gücünün çata bilməyəciyini bildiyi dövlətlərin nəzərində “güc mərkəzi” kimi görünmək istəyir.

Regionda və dünyada isə hamı artıq İran siyasətçilərinin nə düşündüklərini, nəyə çalışdıqlarını bilir.

Ona görə də qoy rəsmi Tehran stəkanda fırtına yaratmaq məqsədilə ortalığı qarışdıran, lüzumsuz yerə gərginliklər yaradan rəfipurların ağzını Xoy skotçu ilə bağlasın.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR