İnsanlara hürriyət, millətlərə istiqlal!

Rabbani: Fransa bu siyasətindən beynəlxalq ictimaiyyətin xəbərdar olmasını istəmir

1049 16.12.2023 14:57 Müsahibə A A

Bu il 20 illiyini qeyd edən insan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” təşkilatının direktoru, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani Fransanın tələbi ilə Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” beynəlxalq konfransına buraxılmayıb. Konfransda iştirak etmək üçün Cenevrəyə gedən Rabbaninin tədbirə qatılmasına imkan verməmək üçün Fransa tərəfi İsveçrəyə təzyiq edib. Nəticədə Parisin təzyiqləri qarşısında İsveçrə polisi QHT sədrini sərhəddə saxlayıb və o, təxminən 1 gün hava limanında polis nəzarətində qaldıqdan sonra ölkədən çıxarılıb.

APA hüquq müdafiəçisindən Fransa tərəfindən davamlı məruz qaldığı repressiya, həmçinin İsveçrədə saxlanılmasının detalları barədə soruşub:

- Cənab Rabbani, müsahibə üçün vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Cenevrədə üzləşdiyiniz vəziyyət nə ilə əlaqədar idi? Belə bir münasibətə daha əvvəl də məruz qalmışdınızmı?

- Mən Cenevrəyə enəndə bu cür reaksiya gözləmirdim, çünki İsveçrənin səlahiyyətli orqanlarını səfərlə bağlı əvvəlcədən xəbərdar etmişdim və onlar mənə yazılı zəmanət vermişdilər ki, ölkəyə daxil olarkən heç bir problem olmayacaq. Mən əslində onların Şengen zonası ilə bağlı heç bir siyahısında yox idim. Ancaq təəssüf ki, mən hava limanına enib polislə danışdığım zaman onlar mənə izah etdilər ki, mənim girişimə icazə verilə bilməyəcəyinə qərar verilib. Polislər bu imtinanın səbəbinin Fransa hökumətinin tələbi əsasında olduğunu çox açıq şəkildə bildirdilər. O zaman mən vəziyyəti başa düşdüm, çünki Fransa hökuməti mənim şəxsi səfərimə ilk dəfə deyil ki, müdaxilə edir.

Bir müddət əvvəl mən Polşaya, Varşavaya səfər etmişdim. Onda da beynəlxalq konfransda çıxış etməli idim, lakin mənə qadağa qoyuldu. Bu, əslində son dərəcə problemlidir, çünki Fransa insan haqları ilə məşğul olan QHT-nin işinə müdaxilə edir, hərəkət və söz azadlığını məhdudlaşdırır. Buna görə də buna qarşı çıxmaq lazımdır və biz bunun üçün müvafiq hüquqi yolları nəzərdən keçiririk. Mən bir həftə əvvəl vəkilim vasitəsilə İsveçrə hakimiyyəti ilə əlaqə saxlamışdım və onlar mənə mane olmayacaqlarına dair zəmanət vermişdilər. Ona görə də ölkəyə girişin rədd edilməsi məyusedici idi. Bu o demək idi ki, mənim Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransda iştirak etməyimə qadağa qoyulub və konfransa töhfə verməyim əngəllənib. Lakin məsələnin kökü narahatlıq doğurur: necə ola bilər ki, Fransa kimi milli dövlətlərin və hökumətlərin insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-nin işinə müdaxiləsinə icazə verilir? Siz bir anlıq dayanıb bir qədər fərqli ssenari təsəvvür edin - məsələn, mən “Amnesty International” üçün işləyən hansısa Con Smitəm və tutaq ki, Rusiya hökuməti mənim BMT-dəki konfransda iştirak etməyimə mane olub. Siz hətta Fransanın hakimiyyət orqanları tərəfindən göstəriləcək qəzəbi, bunun necə qarşılanacağını təsəvvür edə bilərsinizmi? Deməli, burada ikili standart tətbiq olunur. Burada hesabatlılıq olmalıdır.

- Hava Limanında saxlanılma şəraitiniz necə idi? İsveçrə rəsmilərinin, polisin sizə təzyiqi oldumu?

- Hava limanına enəndə pasport nəzarəti masasına getdim və gördüm ki, orada iki polis məmuru məni gözləyir, masaya çatmağımı gözləyir. Mən çatanda masadakı məmur pasportuma baxdı və onu həmin iki polis əməkdaşına verdi. Polislər məndən onlarla getməyimi xahiş etdilər, məni sorğu-sual otağına apardılar və orada saxladılar. Bu, çox kiçik bir otaqdır, orada iki stul var idi və həqiqətən də başqa heç nə üçün yer yox idi. Beləliklə, məni orada saxladılar, axtarış apardılar, sorğu-sual etdilər, sonra bir-iki blank doldurdum. Ondan sonra mənimlə o qədər də maraqlanmadılar, sadəcə sorğu-sual edirdilər və gözləməyimi dedilər. Beləliklə, mən orada dörd saat, bəlkə də beş saat gözlədim. Həmin müddətdə mənə məhdudiyyətlər tətbiq edildi, kilid altında idim və otağı tərk edə bilməzdim. Mən faktiki olaraq həbs olunmuşdum. Mənimlə məşğul olan polislər peşəkar idilər. Onların mənimlə heç bir problemi olmadığı çox aydın idi və onlar da mənim kimi başlarını qaşıyaraq saxlanılmağımın səbəbinin nə olduğunu anlamağa çalışırdılar. Mənə görə məsuliyyət daşıyan polis rəisi ilə danışdı və sonra mənə bildirdi ki, qərar onun, rəisin səlahiyyətindən də artıqdır və bu işlə xarici ölkələrlə məşğul olan şəxslər məşğul olur. Mən onda hələ bütün bunların arxasında Fransanın dayandığını bilmirdim. Beləliklə, mən polis məmurlarına izah etdim ki, mənə bir az gəzməyə icazə verilsin, çünki uzun bir gecə uçuşundan sonra orada idim və bir az yorğun idim, eyni zamanda, qəlyanaltı almalıydım və s. Onlar bunu anlayışla qarşıladılar, ona görə də dindirmə otağından çıxmağıma icazə verdilər. Mən bundan sonra adi hava limanında oldum. Lakin pasportum əlimdən alındığı üçün hələ də heç yerə gedə bilmədim, hərəkətimə məhdudiyyət qoyulmuşdu. Mənim hava limanı rəsmiləri ilə münasibətim ümumilikdə, xoş oldu. Onlar çox peşəkar, səmimi idi və onlar məni əmin etdilər ki, bunun niyə baş verdiyini və məni necə yola sala biləcəklərini öyrənmək üçün əllərindən gələni edirlər.

Nəhayət, təxminən 10-11 saat sonra polis mənim yanıma geri qayıtdı və o zaman onlar məni Şengen İnformasiya Sistemi adlandırılan protokol vasitəsilə Fransa hökumətinin tələbi əsasında saxladıqlarını təsdiqlədilər. Fransa hakimiyyəti mənim İsveçrə ərazisinə girməyimə icazə verilməməsini tələb edirdi. Təəssüf ki, polis məmurları buna əməl edirdilər. Ona görə də təbii ki, təəccübləndim, çünki polisə izah edirdim ki, İsveçrə öz neytrallığı ilə tanınır. Ona görə də mən onlara məsləhət görürdüm ki, siz siyasi baxımdan bu işdə tərəf tutmayın. Siz neytral qalmalısınız. İkincisi isə, mən onlara tövsiyə edirdim ki, Avropa və ya xarici qanunların, xüsusilə də sizin qərar qəbul etməyinizə müdaxilə edən ölkələrin qanunlarının yurisdiksiyasındansa, milli qanunlarınıza üstünlük verməlisiniz. Bu heç də yaxşı görünmür. İki polis məmuru çox mehriban idilər və onlar gülümsədilər, mənimlə razılaşdılar, amma sonda dedilər ki, qərarı yuxarıdakı şəxslər verir. Daha bir neçə saatdan sonra məni iki polisin müşayiəti ilə gecələmək üçün təhlükəsiz təcridxanaya apardılar. Mən orada qaldım, tək idim. Lakin təcridxana çox təmiz, çox yaxşı işıqlandırılmışdı və əlbəttə ki, çox təhlükəsiz idi. Fransada da buna bənzər bir yer ilə qarşılaşmışdım, amma o həqiqətən də dəhşətli bir yer idi. Mənə bir az yatmaq lazım idi. Ertəsi gün səhər məni yenidən polislərin müşayiəti ilə polis mikroavtobusuna mindirib birbaşa uçuş-enmə zolağına apardılar. Pilləkənləri qalxaraq təyyarəyə mindim və məni kapitana təhvil verdilər.

- Qeyd etdiyiniz kimi, siz BMT-nin Baş ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransda iştirak edəcəkdiniz. Fransa tərəfindən iştirakınızın qarşısının alınmasının konfransın işinə nə kimi təsiri ola bilər?

- Mənim tədbirə girişimin ləğv edilməsi o demək idi ki, orada vacib bir perspektivin səsləndirilməsinin qarşısı alındı. Orada neokolonializmlə bağlı çox mühüm məsələlərdən danışan çox sayda tanınmış və təcrübəli iştirakçılar var idi. Bununla belə, mən hesab edirəm ki, ayrı-seçkilik, irqçilik və islamofobiya ilə bağlı Fransa siyasətinin və qanunvericiliyinin işini izləmək təcrübəsi olan Britaniya QHT-sinin fikirlərinin vacib bir perspektivi ola bilərdi. Mən Qərbdəki güclü milli dövlətlərin, keçmiş müstəmləkə güclərinin müasir dövrdəki neokolonializminin necə işlədiyindən, onların çox vaxt keçmiş müstəmləkələrindən gələn azlıq əhalisi ilə necə davranmasından danışa bilərdim. Bu fikirlər müzakirəyə töhfə verərdi. Buna baxmayaraq, düşünürəm ki, gələcəkdə yenə başqa fürsətlər olacaq və bu qadağa ləğv edildikdən sonra biz hələ də Fransanın siyasətini daha çox işıqlandıra və ondan hesab sora bilərik.

- Ümumiyyətlə, konfransda planlaşdırdığınız çıxışınızın əsas elementlərini bölüşə bilərsinizmi?

- Konfransdakı çıxışım xüsusən Fransanın keçmiş müstəmləkələrindən olan insanlara qarşı ayrı-seçkilik rəftarından bəhs edirdi. Fransanın özünə verdiyi bir sıra çox narahatedici səlahiyyətlər var ki, onlar əsasən, radara düşmürlər, beynəlxalq təşkilatlar və qurumlar, hətta sayılıb-seçilən insan haqları təşkilatları belə bu ifrat səlahiyyətlərə diqqət çəkməyə çalışmırlar. Xüsusilə qeyd edərdim ki, bunlardan biri “sistematik maneə” siyasəti adlanır. Bu səlahiyyət cəmi üç-dörd il ərzində Fransadakı müsəlman icmasından milyonlarla avronun müsadirə edilməsinə səbəb oldu. Həmçinin Fransanın müsəlmanlara məxsus müəssisələrə, məktəblərə, dərnəklərə, xeyriyyə təşkilatlarına və məscidlərə qarşı apardığı pozuculuq siyasətinin bir hissəsi kimi minlərlə araşdırmaya səbəb olub. Bu səlahiyyətdən bir neçə məscidi bağlamaq üçün artıq istifadə edilib. Buna görə hesab sormaq və etiraz etmək lazımdır, çünki Fransa ikili hüquq sistem həyata keçirir - qeyri-müsəlman və fransız ağdərili insanlar üçün bir hüquqi sistem, rəngli insanlar və bu halda İslam dininə mənsub olanlar üçün isə başqa bir hüquqi sistem.

Odur ki, mən bunu konfransda sözsüz ki, gündəmə gətirərdim. İkincisi, mən keçmişin müstəmləkəçi dövləti olan Fransanın, İngiltərə və Amerika ilə birlikdə bu güclərin bugünkü müstəmləkə layihələrinə necə yardım göstərdiyinə dair bağlantıları nümunə çəkmək istəyirdim. Xüsusən də Qəzzada baş verən və ekranlarımızda canlı yayımlanan dağıntılar. Bu, yalnız Fransa, İngiltərə və ABŞ kimi müstəmləkəçi güclərin köməyi ilə baş verir və buna son qoyulmalıdır. Kəşmirdəki kimi digər müstəmləkə layihələri də keçmiş müstəmləkəçi dövlətlərin iqtisadi və siyasi dəstəyi ilə asanlaşdırılır. Beləliklə, bunlar qlobal ictimaiyyətin, xüsusən də Qlobal Cənubdakı insanların müstəmləkəçilik və neokolonializmin təsirlərinə qarşı birgə işləməsi üçün vacib perspektivlərdir. Digər məqamlarla yanaşı, bunları da əlbəttə ki, vurğulamağa cəhd edərdim.

- Necə düşünürsünüz, Fransa sizin konfransdakı iştirakınızı əngəlləməklə nəyə nail olmağa çalışıb? Parisin bunda əsas məqsədi nə olub?

- Fransanın son nəticədə nail olmaq istədiyi bizim səsimizi və təşkilatımızı susdurmaqdır. Fransa xüsusilə beynəlxalq arenada özünü hər cür nəzarət və tənqiddən qorumağa çalışır. Fransa öz sərhədləri daxilində irqçi və islamofob siyasət həyata keçirdiyindən dünyanın, beynəlxalq ictimaiyyətin xəbərdar olmasını istəmir. Beləliklə, düşünürəm ki, Fransanın məqsədi bu idi. Fransanın problemi ondan ibarətdir ki, bir konfransda bir çıxışın qarşısını alsan belə, CAGE kimi bir təşkilatı susdura bilməzsən. Əslində, indiki dövrdə heç kimi effektiv şəkildə susdura bilməzsən, çünki bizdə sosial media alətləri və açıq ünsiyyət kanalları var. Beləliklə, baş verənlər əslində Fransanı beynəlxalq ictimaiyyətdə çox pis göstərir, çünki bu, Fransanın çox avtoritar olduğunu və gizlətməli bir şeyinin olduğunu göstərir.

- Fransanın sizə qarşı repressiv siyasəti, eləcə də bu insident sizin bundan sonrakı fəaliyyətinizə necə təsir edəcək?

- Bu hadisə son nəticədə CAGE-in gələcək işlərinə təsir etməyəcək və ya zədələməyəcək. CAGE-in həyata keçirməyə davam edəcəyi bir sıra layihələri və təşəbbüsləri var. Biz xüsusilə Fransa hökumətinin və bütün Avropa hökumətlərinin Fələstin həmrəyliyinə qarşı reallaşdırdıqları repressiv təzyiqlərə cavabımızla məşğuluq. Beləliklə, biz bununla bağlı hesabat hazırlayırıq və tezliklə bunu təbliğ edəcəyik. Biz, həmçinin məscidlər, xeyriyyə təşkilatları, humanitar təşkilatlar və təhsil təşkilatları üçün dövlət repressiyaları altında necə effektiv kampaniya apara biləcəkləri barədə təlimatlar hazırlayırıq. Bu işlərin heç biri təsirə məruz qalmayacaq. Bundan əlavə, bizim iştirak etdiyimiz və bir hissəsi olduğumuz "Phantom Parrot" adlı sənədli film var. Həmin sənədli film bütün Avropanın müxtəlif film festivallarında nümayiş olunur. Beləliklə, iş davam edəcək və Fransa bu işləri boğmağa çalışsa belə, səsimiz bir çox icmalar tərəfindən eşidilməyə davam edəcək. Bundan başqa, biz Fransada hüquqşünaslarla işləyirik və onlar Fransanın bizə tətbiq etmək istədiyi bu məhdudiyyətləri aradan qaldıra biləcəklərinə çox əmindirlər. Beləliklə, mən bunu səbirsizliklə gözləyirəm və çox nikbinəm ki, biz axtardığımız nəticəni əldə edəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR