İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədində yaş durum

1981 20.04.2023 09:41 Yazarlar A A

 

Hökumətin, Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejiminin müddətini daha 2 ay uzatdılar. İyulun 1-dək, konkret yazsam. Bu o deməkdir ki, zəhmətkeşlərimiz quru sərhədlərini iki ay da keçə bilməyəcəkdir. Çünki o xüsusi karantin rejimindən hazırda əslində bağlı sərhədlərdən başqa bir şey qalmamışdır. COVİD pasportu, peyvənd nişanı, maska, nə bilim, məsafə... Bunların hamısı xalqın yadından çıxmaq üzrədir, sanarsan heç o qorxunc epidemiyanı yaşamamışıq.

Yeri gəlmişkən, hökumət karantin vaxtı türməyə saldığı həkimlərin cəzasını da bugünlərdə yüngülləşdirdi. “Yeni Klinika”nın şefinin 8 illik həbsindən, deyəsən, hazırda 2-3 il saxlanılıb. İnşallah, onu da üçdə bir-filanla hesablayıb tezliklə insanı azadlığa buraxarlar. Gənc həkimdir, nə yatdı, nə yuxu görsün, onun həbsi də nəsə əlləm-qəlləm iddialar üzündən olmuşdu. Guya kimlərdənsə pul alıb, klinikaya yerləşdirib... Heç soruşan olmadı ki, niyə səhiyyəni bu kökə salmısınız, camaat xəstəxanaları seçir, hansınasa düşmək üçün ayrıca rüşvət verməyə, tapşırtmağa məcburdur. Bütün hallarda gənc, gələcəyi olan bir həkimə o cür yüngül problem üzündən 8-9 il həbs cəzası kəsmək, məncə, çox ağır olmuşdu. Həkimə 300 manat maaş verirlər, sonra tutub basırlar. Tutulmayan da xaricə qaçır. Nəticədə xəstələnəndə həkim tapmırıq.

Kim bilir, bəlkə də hökumət sərhədləri elə həkimlər, alimlər xaricə qaçmasın deyə bağlı saxlayır. Hamımız bu nəhəng islah-əmək düşərgəsinin sakinləriyik, özümüzü dinc aparmağa, qayda-qanunlara əməl etməyə borcluyuq. Mən özüm daim buna çalışıram. Məsələn, indicə nəzarətçi pəncərədən yeməyimi gətirəcək, oruc açıb, inşallah, cızmaqaramıza davam edəcəyik. Gündəlik hava gəzintisinə də izn verilir. Çox razıyıq, Allah artıq eləsin, amin. Bu əziz günə tapşırıram.

Lakin ədalətli olmalıyıq, son günlərdə bəzi yoldaşlar üçün də quru sərhədləri açıldı. Buraya xaricdə oxuyan tələbələr, onların ailə üzvləri daxil idi. Hökumət bununla xalqı təhsil almağa, oxumağa şövq edir. Zəhmət çəkin, Harvarda, Oksforda-zada girin, ondan sonra xoş getdin... Əks halda, yalnız uçmağa icazə var.

Azərbaycandan yalnız uçmaq icazəsinin saxlanılması da əslində müsbət haldır. Şair demişkən, azad bir quşdum, yuvamdan uçdum... Kim bacarır, uçsun. Uça bilməyənlər hoppanıb düşməsin. Bu bir sitatdır. Deyir, lətifəsi bizdən uzaq, bir gün heyvanlar təyyarədə uçurmuş. Qarğa başlayır salonda pərvaz eləməyə. Aslan da buna baxır, yerində hoppanır. Nəticədə təyyarənin altı qopur, heyvanlar kəlləmayallaq yerə düşməyə başlayır. Qarğa uçur aslan tərəfə, deyir, aslan qardaş, sən uça bilirsənmi? Aslan deyir gördüyün kimi, yox. Qarğa deyir uça bilmirdinsə, bəs niyə hoppanıb düşürdün. Şübhəsiz burada anlayanlar üçün böyük hikmət vardır (heç zad yoxdur, zarafat edirəm).

Ən maraqlısı isə odur ki, hazırda bu karantin qaydasına tabe olmayan azsaylı zəhmətkeşlərimiz... Qarabağ erməniləridir. Yalnız onlar rusların, Qırmızı xaçın maşınına minib istənilən vaxt quru sərhədimizi o üz-bu üzə adlamaq haqqına malikdir. Heç soruşan yoxdur tələbəsənmi, Operativ Qərargahdan bilet almısanmı və sairə. Minirlər, gedirlər. Biz də qıraqdan yana-yana baxırıq. Hələ utanmırlar, Azərbaycan hökumətinin guya bunları blokadaya aldığından dəm vururlar. Bəs bizim yerimizdə olsanız nə edərsiniz? Səsinizi kəsin, yoxsa Operativ Qərargahı üstünüzə salarıq.

Hələ bu harasıdır, hökumət dəfələrlə həmin ermənilərə “buranı bəyənmirsinizsə, çıxıb gedə bilərsiniz” söyləmişdir. Onlar isə bu cür üstünlüyə ağız büzürlər.

Ən birinci proqramla Qarabağda məskunlaşmaq arzusundayam. Hər mənada azad torpaqlardır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR