“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.
Musavat.com xəbər verir ki, Qurban Qurbanov “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışını simvolizə edən top və klubun şərfini Milli Qəhrəmanın əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarı üzərinə qoyub.
Qeyd edək ki, Allahverdi Bağırov vaxtilə əvvəlcə "Qarabağ"ın şərəfini qoruyan futbolçusu, sonra da klubun baş məşqçisi olub.
1970-ci ildə "Qızıl sünbül" kubokunun "Cəbrayıl" komandası ilə keçirilən final oyununda Ağdam klubunun kapitanı məhz o idi - 5 nömrəli futbolçu Allahverdi Bağırov.
O, 1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rol oynamışdı.
1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranlarının 1:1 hesabı ilə başa çatan qarşılaşmasında Ağdam klubunun qolunu Allahverdi Bağırov vurmuşdu.
Şahanə Rəhimli
Musavat.com






