İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı baş üstünə qoymaq Allaha sayğısızlıqdır iddiası - Qədr gecəsinin fəziləti haqda bir daha

5213 15.04.2023 08:00 Mənəviyyat A A

Mübarək Ramazan ayının 24-cü günündəyik. Ayın ən fəzilətli günləri isə Qədr gecələri sayılır. Çünki onların birində məhz müqəddəs Qurani-Kərim nazil olmağa başlayıb. Təəssüf ki, həmin günlərlə bağlı iman əhlini yanlış səmtə yönəltmək cəhdləri var.

Bəziləri deyir ki, Qədr gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi, xüsusi olaraq səhərə qədər oyaq qalmalı olduğumuz gecə deyil: “Bu gecədə bəzən insanların Quranı açaraq başlarının üstünə qoyduğunun şahidi oluruq, bunun dinlə heç bir əlaqəsi yoxdur. Quranı başımızın üstünə qoyduğumuz zaman orada yazılanlar beynimizə girəcəksə, o zaman hamı əlinə Quran götürüb başının üstünə qoysun. Quran ayələri kitabın vərəqlərindən sızılıb ürəklərimizə süzülməyəcək. Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır. O müqəddəs kitabı başın üzərinə qoymaq ilk növbədə onu göndərənə qarşı hörmətsizlik əlamətidir”.

Məlumdur ki, müsəlman ailələrdə Qurani-Kərim həmişə başdan yüksək olan bir yerdə qoyulur, qüsl-abdəst alınmadan ona toxunulmur - Allahın kitabına sayğı əlaməti olaraq. O zaman Quranı açaraq və ya açmayaraq baş üstünə qoymaq Allaha niyə hörmətsizlik sayılsın ki? İnsan ən əziz bir şeyi başı üstündə tutmurmu? Birinə vəd verəndə sədaqətli olmağın jesti kimi “baş üstə!” demirmi?

Aydındır ki, heç bir iman adamı Quranı baş üstünə qoymaqla oradakı ayələrin onun beyninə “köçəcəyini” və ya qəlbinə “süzüləcəyini” zənn etmir. Sonuncu peyğəmbər də artıq gəlib və gedib...

Kimsə özünü şərəfə layiq bilmirsə, seçimində azaddır" - 27.07.2016, Sputnik  Azərbaycan

Rəsul Mirhəşimli: “Bu ölkədə hər kəsin dini ayinləri yerinə yetirməkdə sərbəst olması dövlətin konstitusiyasında təsbit olunub”

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, cəmiyyətdə olan bəzi adamların dediklərini dinlədikcə belə təsəvvür yaranır ki, sanki bu adamların işi-gücü qurtarıb, ilboyu başqalarında qüsur axtarmaqla məşğuldur: “Məsələ təkcə Əhya gecələrində müsəlmanların hansı ayini hansı şəkildə icra etmələri ilə bağlı deyil. Bu adamların fəaliyyətini izlədikcə müxtəlif zamanlarda məzmunca fərqli, mahiyyətcə eyni yanaşmanın şahidi olarsınız. Adamlar Ramazan ayı başlayanda oruc tutan müsəlmanlara mütləq bir irad tutur, Məhərrəmlik mərasimində nələrisə "tənqid" edir, bir sözlə, inanclı insanların əleyhinə istifadə etmək üçün mütləq bir vasitə və metod tapırlar.

Bu ölkədə hər kəsin dini ayinləri yerinə yetirməkdə sərbəst olması dövlətin konstitusiyasında təsbit olunub. İnsanların konstitusion hüquqlarına müdaxilə etmək isə qadağandır və bu müdaxilə hüquqi məsuliyyət yaradır. Məsələnin başqa tərəfi isə baş verənlərə etik çərçivədən baxmaqla müəyyən oluna bilər. Bir insanın əqidəsinə, həyat tərzinə, düşüncəsinə müdaxilə etmək heç bir halda etik deyil. Siz inanırsınız ki, bu irad tutulan məsələ ilə bağlı hansısa din alimi çıxıb bütün dini dəlilləri ilə geniş izahat versə, bu adamlar sakitləşəcək və onunla razılaşacaq? Mən buna inanmıram. Çünki insanlar hər il bu barədə danışmağı artıq adət halına gətirib. Alət dəyişər, adət isə dəyişməz.

Bir qədər keçsin, Qurban bayramında başqa bir bəhanə ilə inanclı kəsim bu adamların hədəfində olacaq, bu hal bütün il boyu təkrarlanacaq. Qəribəsi də odur ki, heç bir dinə inanmadığını deyənlərin çoxunun hədəf seçdiyi ünvan yalnız İslam dini və müsəlmanlar olur. Başqa dinlər və onun mənsubları barədə mənfi bir söz deməzlər bu adamlar. Hər kəs öz həyatını yaşayır. Başqasının həyatına qarışmaq isə yolverilməzdir. Əgər bir qrup insanın həyat tərzi və dini əqidəsi başqalarının həyatına heç bir halda mənfi təsir etmirsə, o zaman buna qarışmaq da lazım deyil".

Gənclərin İmam Hüseyn (ə) yolunu dini radikalizmdən necə ayırmalıdır?-Hacı Samir  Əzizov - YouTube

Samir Əzizov: “Necə ki, möminlər simvolik olaraq Həcc ziyarətində şeytana daş atırlar, Qədr gecəsində də...”

İlahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mehdiabad qəsəbəsi üzrə imamı Samir Əzizov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. Q qeyd edib ki, bununla bağlı dəfələrlə iddia sahiblərinə cavab verilib: “Amma yenə də zərurət var ki, bu barədə danışaq. İlk olaraq qeyd edim ki, məzhəb olaraq Əhli-Beyt məktəbi bu ayini icra edir. Dinini kimdən əldə etməsi, kimdən öyrənməsi, hansı kanal vasitəsilə əldə etməsindən çox şey asılıdır. Peyğəmbərin, Allah rəsulunun elminin pak, məsum şəxslər vasitəsilə ötürülməsindən gedir söhbət. Yəni peyğəmbərdən bizə hətta əlimizdə aşkar şəkildə dəlil olmasa belə, əgər imamların hansısa birindən bu barədə söz, rəftar, davranış varsa, bu artıq Əhli-Beyt məktəbinin düşüncəsinə görə elə peyğəmbərin etdiyi bir ayin sayılır. Məhz İmam Əli (ə) göstərişlərində görürük ki, bu ayinin hansı formada olduğu rəvayət olunub. Buradan da aydın olur ki, məsələ peyğəmbərin göstərişinin başqa imam vasitəsilə ötürülməsidir.

Qaldı ki, məsələnin mahiyyətinə, bilirik ki, “Qədr” surəsində, birinci ayədə qeyd olunur ki, biz onu Qədr gecəsində nazil etdik. “Duxan” surəsinin birinci ayəsində isə “Biz onu mübarək bir gecədə nazil etdik” deyə bildirilir. Deməli, iki ayədən çıxan nəticə budur ki, Qurani -Kərim mübarək bir Qədr gecəsində nazil olub. Bu ayinin  də mahiyyəti bundan ibarətdir ki, yəni Quranı qarşılayırıq".

İlahiyyatçı əlavə edib ki, İslam dini iki əsasdan ibarətdir: “Bir var şüar, bir də var şüur hissəsi. Şüar hissə onun simvolik hissəsidir. Misal üçün, bir nəfər Həcc ziyarətinə gedir və etiraz edən yoxdur ki, bütün hacılar şeytana niyə daş atır. Çünki bu onun şüar hissəsidir. Amma şüur hissəsinə gəlincə, hər bir insan daxilində şeytanı daşlamalı, onu qovmalıdır. Deməli, şüur və şüar bir-birini tamamlamalıdır. Məsələ öz həqiqətinə yetişməlidir. Bu baxımdan Qurani-Kərimin başa qoyulması görüntü hissəsidir ki, buna simvolik hissə deyilir. Onu oxuyub, təfəkkür edib, başımızın üstündə, ağlımızın, təfəkkürümüzün ən üst hissəsində ona yer verməliyik. Bu gün bəziləri Qədr gecəsindən görüntülər paylaşır, bu görüntünü əsas tutaraq cəmiyyətə gülünc formada təqdim edirlər. Buna qarşıyam, ona görə ki, heç kim o insanların Quran əhli olmadığını deyə bilməz. Deyə bilməzlər ki, onlar heç vaxt Quran oxumurlar. Bunlar boş iddiadan ibarətdir. Amma böyük alimlərdən olan, əslən azərbaycanlı Məhəmməd Hüseyn Təbətabayi 20 cildlik Quran təfsirinin müəllifidir. Qurani-Kərimin Quranla təfsirinin metodikasının əsasını qoyan böyük bir alimdir. Bu cür böyük alim də bu ritualı edir. Həmin iddia sahiblərinə, sadəcə, bunu deyirəm ki, bu şəxsə nə deyirsiniz? Yəni məsələ zahiri görüntünün dəyərləndirilməsidir ki, mən bunu bəyənmirəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR