İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən Azərbaycanın daxili işlərinə qarışanlarla bağlı çağırış

658 31.05.2024 13:29 Siyasət A A


Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında önəmli məsələlərə toxundu.

Musavat.com-un məlumatına görə deputat əvvəlcə spiker Sahibə Qafarovanı son səfəri və uğurlu parlament diplomatiyasına görə təbrik etdi. Bildirdi ki, dünən də parlamentdə Fransa polineziyası və dekolonizasiya mövzusunda konfrans keçirildi: “Hesab edirəm ki, bu konfrans da çox uğurlu bir tədbir oldu”.

Ardınca Q.Həsənquliyev bildirdi ki, dünən Moskvada “Lazerev klubu” adı altında erməni-rus millətçiləri tərəfindən beynəlxalq konfrans təşkil edilib və həmin konfransda dumanın komitə sədrinin müavini, hakim partiyanın üzvü Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannamasinə tam zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, sepratizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib: “Baxmayaraq ki, həmin sazişə əsasən tərəflər separatizmə qarşı birgə mübarizəyə dair öz üzərilərinə öhdəlik götürüblər... Görünür, qana susamış bu adam üçün tökülən qanlar yetərli deyil və Moskva Bəyannaməsinin dəyəri onun üçün sazişin imzalandığı kağızın dəyəri qədər də deyil. O, bir qrup revanşist separatçını başına yığaraq Azərbaycan əleyhinə kampaniya təşkil edib və yığıncaqda bəyan edib ki, Qarabağda erməni xalqının öz müqəddəratını təyin etmək hüququ zorakılığa məruz qalıb. Ona görə təklif edirəm, Xarici İşlər Nazirliyi Rusiyaya NOTA versin, bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulmasını tələb etsin”.

Deputat ardınca digər məsələlərdən də bəhs etdi: “Başqa bir vacib məsələ - bu da hökumətin birbaşa fəaliyyəti ilə bağlı məsələdir. 2-3 gün bundan öncə türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlu çıxış edərək bəyan edib ki, Azərbaycan polisi Türkiyə vətəndaşlarının hüquqlarını Azərbaycanda pozur və Azərbaycan yetkililəri buna cavab verməlidirlər. Araşdırma aparmadan, bir nəfərin şikayəti əsasında belə ciddi ittihamla çıxış etmək bizim qardaşlıq münasibətlərinə sığmır. Qanunçuluğun keşiyində dayanan polisin imici dövlətin imicidir. Hazırda Azərbaycana qarşı düşmənçilik edən bəzi qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar bundan istifadə edib, sosial şəbəkələrdə ölkəmizin əleyhinə böyük bir kampaniya başladıblar. Bu cür çıxışlarla polisin, dövlətin beynəlxalq imicini korlamaqla ölkəyə investisiya qoyuluşunun qarşısını alırlar.

Daxili işlər naziri azsaylı nazirlərdəndir ki, deputatların müraciətlərini şəxsi nəzarətə götürür və şəxsən cavab verir. Ömər Faruk maraqlansaydı və xoşniyyətli olsaydı, əsil həqiqəti üzə çıxara bilərdi. Çox təəssüf ki, o da Azərbaycana qarşı belə bir çirkin kampaniyaya qoşulub. Türkiyədə azərbaycanlıların hüquqları pozulmur? Naxçıvandan bir tikə çörək dalınca Türkiyəyə pənah aparmış vətəndaşlarımızın qul kimi istismar olunmasına dair faktlar var. Xəstəxanalarda, ictimai iaşə obyektlərində, təhsildə vətəndaşlarımız ağlasığmaz dərəcədə aldadılır. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə əlaqə saxlamalı, belə fəaliyyətin pislənməsinə nail olmalıyıq”.

Q.Həsənquliyev daha sonra dedi ki, Azərbaycan Respublikasının Konstitusiyasının Milli Məclisin həll etdiyi məsələlər adlanan 95-ci maddəsinin 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət haqqında qanun qəbul etməlidir: “Əslində bu qanunun tənzimləmə predmetini büdcənin icrasına nəzarətin necə təmin edilməsi təşkil etməlidir. İctimai münasibətləri tənzimləyən hər hansı sənədin qanunla təsdiq olunması onun qanun qüvvəsi alaması deməkdir. Normativ hüquqi aktlar haqqında qanuna görə, qanun tənzimləmə predmeti olan qeyri müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Konstitusiyada büdcənin icrasına nəzarət haqqında qanunun qəbul olunması tələb olunsa da biz, hər il büdcənin icrası haqında qanun qəbul edirik. Bu qanun hansı münasibətləri tənzimləyir? Qanunun heç bir tənzimləmə predmeti yoxdur və dəfələrlə tətbiq üçün nəzərdə tutulmur. Biz, əslində büdcənin icrasına nəzarət haqqında qanun qəbul etməliyik. Biz, bu gün qanun qəbul etməsək, bu hansı hüquqi nəticələr doğuracaq? Ona görə təklif edirəm ki, Nazirlər Kabineti haqqında Konstitusiya qəbul olunsun, orada Nazirlər Kabinetinə etimad məsələsi Nazirlər Kabinetinin hesabatının verilməsinin çərçivəsi müəyyənləşdirilsin”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR