İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryanın mübhəm səfəri - İrəvan ABŞ-la hansı mövzuda “pıçıldaşır”?

536 05.07.2023 11:48 Siyasət A A

Ermənistan Təhlükəsizlik Şurası katibinin nazirlərin Vaşinqton görüşündən dərhal sonra Amerikaya səfəri təsadüfi sayılmır - rəy

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfər edib. “Yeni Müsavat” erməni mediasına əsasən bildirir ki, səfər zamanı onun ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli rəsmilərlə görüşləri planlaşdırılır.

Qriqoryan Vaşinqtonda Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığını müzakirə edəcək. Bu səfərin xarici işlər nazirlərinin Vaşinqton görüşündən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Qriqoryan ABŞ kəşfiyyatına yaxın kadr sayılır və onun “digər yüksək vəzifəli rəsmilərlə görüşləri” həmişə bu kateqoriyadan olur.

Məlumdur ki, İrəvanla Vaşinqton arasında əsas koordinasiya ilə  Qriqoryanla Sallivan məsuldur. Paşinyanın açıq-aşkar Rusiya əleyhdarı kimi tanınan Qriqoryanı indiki tarixi şəraitdə Amerikaya yollaması maraq doğurur. İstisna deyil ki, Nikol xüsusilə sülh sazişi baxımından “Rusiya faktoru” ilə hesablaşmağın vacibliyini qarşı tərəfə anlatmaq istəyir. Ancaq belə görünür ki, bu kimi gedişlər ABŞ-da Paşinyan hökumətinə rəğbəti və dəstəyi çətin ki, artırsın. İrəvan hələ də ABŞ-a qarşı Rusiya “kartı”ndan yararlanmağa ümid edir. Amerikalıları inandırmağa çalışırlar ki, Rusiya ilə münasibətlərdə sərt dönüş edə bilməzlər, başqa çıxış yolları yoxdur və bu vəziyyəti Qərbin anlayışla qarşılayıb İrəvandan xüsusilə maddi dəstəyi əsirgəməməsini umurlar.

Amma “Rusiya kartı” ilə şantaj üsulu köhnəlib, əvvəlki effekti vermir. Ehtimal etmək olar ki, bu səfər Bakı-İrəvan və Ermənistan-ABŞ münasibətlərini yenidən təftiş etmək məqsədi daşıya bilər. Maraqlıdır ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə koordinatoru səfir Ceyms Obrayan Ermənistana səfər edib. Obrayanın Ermənistana səfəri bu ölkənin Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsinin qarşısının alınması ilə əlaqəlidir. Vaşinqton bir neçə dəfə Ermənistanı Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım göstərməkdə ittiham edib. 

Vaşinqton danışıqlarına gəlincə, ABŞ dövlət katibi Entoni  Blinken üçtərəfli təmaslarda irəliləyiş əldə olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün çox işin olduğunu vurğulayıb. Onun sözlərinə görə, razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır. Blinken yekun sənədə yeni razılaşdırılmış bəndlərin daxil ediləcəyini də söyləyib. Dövlət katibi bu bəndlərin nədən ibarət olduğunu açıqlamasa da, bunun Bakının Qarabağ erməniləri ilə dialoquna aid olduğunu ehtimal etmək mümkündür. Yeri gəlmişkən, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası ABŞ-ın paytaxtı Vaşinqtonda “artsax”a dəstək üçün 7 günlük etiraz aksiyası keçirib. Azərbaycan səfirliyinin qarşısından başlayaraq bir həftə davam edən aksiyada anti-Azərbaycan şüarlar səsləndirilib. Bir sözlə, erməni tərəfi ABŞ poliqonunda fəal görünməyə çalışır. Qriqoryanın səfəri hansı nəticələrlə yadda qala bilər?

Brüssel platformasının bərpa edilməsi Azərbaycanın siyasi və diplomatik  uğurunun nəticəsidir – Xəyal Bəşirov (ÖZƏL) - Azer.Press

 Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirov Qriqoryanın səfərini təsadüfi saymır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ üçün Cənubi Qafqaz mühüm regiondur: “Azərbaycanla müzakirələrdə də təhlükəsizlik mövzusu əsas olur. Uzun illərdir ki, Amerika ilə bu sahədə əməkdaşlıq edirik. Ona görə belə bir görüş Bakını narahat etməyə bilməz. Ermənistan uzun müddət bölgədə təhlükəsizliyə təhdid olub, indi də belədir. Bu baxımdan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın səfəri diqqətdə saxlanmalıdır”. Onun fikrincə, səfər təşəbbüsü hansı tərəfdən olub, bunu bilmək vacibdir: “Əgər xarici işlər nazirləri səviyyəsində bərabərhüquqlu görüşlər keçirilirsə, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi ilə də müzakirələr aparılmalıdır. Niyə birtərəfli qaydada olmalıdır? Eyni zamanda ABŞ Qriqoryanla görüşdə müzakirələr haqda Azərbaycanı məlumatlandırmalıdır. Əks halda, XİN başçılarının görüşlərinə kölgə salınır. Çünki bu görüşdən dərhal sonra Qriqoryan ABŞ-a gedirsə, deməli, birtərəfli yanaşma var”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev 

Siyasi icmalçı Fuad Əliyev Ermənistan TŞ-nin katibinin gedişini Rusiya ilə əlaqələndirir: “İrəvan KTMT məsələsində təminat istəyir. Əgər blokdan çıxacaqsa, amerikalılar onları müdafiə etməlidir. Səfərin ikinci səbəbi Ermənistanın NATO ilə yaxınlaşma cəhdləridir. Vaşinqton açıq bildirir ki, rusların hərbi bazasını Gümrüdən çıxarın, hərbçilərin sərhədlərdən uzaqlaşdırın, təhlükəsizliyinə biz zəmanət verək. Xatırlayıram ki, Rusiyanın baş diplomatı Lavrov da belə söyləmişdi. Ancaq çətin məsələdir. Qərbin bölgəyə tam yerləşməsi və Rusiyanı Cənubi Qafqazdan çıxarması üçün möcüzələr baş verməlidir. Hər halda bu strategiya var və Qriqoryan da dəstəyin artırılması üçün ABŞ-a səfər edir”. Təhlilçi səfər çərçivəsində üçüncü amilin Azərbaycanla danışıqlar olduğunu düşünür: “Qriqoryan amerikalıları inandırmağa çalışacaq ki, Rusiya Azərbaycanın Qarabağdakı addımlarını sükutla qarşılayır. Spiker Alen Simonyan da bugünlərdə açıq formada sülhməramlılardan giley-güzar etmişdi. Yəni Vaşinqtondan daha böyük dəstək gözlənilir. Amma ABŞ balansı pozacaqsa, neytrallıq statusunu Fransa kimi itirəcək, moderatorluq təşəbbüsü Rusiyaya keçəcək”.

Ekspert Qərbin son zamanlar Ermənistan hakimiyyətindən narazı qaldığını fikirləşir: “Rusiyanın müharibəsində Paşinyan iştirak edir - sanksiyalardan yayınmağa dəstək verməklə, Avropadan mallar sifariş edib Rusiyaya satmaqla. Qərbdəki tərəfdaşları bunu görürlər. Bayden isə Ukraynaya humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib. O cəhətdən düşünmürəm ki, Qriqoryan nəsə əldə edə biləcək. İrəvanın əsas arzusu Rusiyadan uzaqlaşmaqdır. Bu, səfərdə əsas müzakirə mövzularından biri olacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR