İnsanlara hürriyət, millətlərə istiqlal!

Qranada görüşü ərəfəsində: Qərb nə edəcək?..

614 03.10.2023 12:01 Yazarlar A A

Otuz ildən də çox idi ki, addım-addım bu böyük qələbəyə doğru gedirdik - bəli, otuz ildən sonra, nəhayət ki, ərazi bütövlüyümüzü tamam təmin etdik və azad edilmiş torpaqlarda öz suverenliyimizi bərqərar etdik. İndi qalır bu uğurların “dünya birliyi”, yaxın-uzaq dövlətlər tərəfindən, necə deyərlər, həzm edilməsi...

Başlayaq şimal qonşumuz Rusiyadan. Moskva ilə İrəvan arasındakı ziddiyyətlər kritik həddədir. Ona görə ki, bu otuz il ərzində Rusiya ilk dəfə olaraq 2020-ci ildən başlayaraq Ermənistanın tərəfində vuruşmadı.

Belə də isə ermənilər artıq buna alışmışdı ki, Rusiyanın hərbi birləşmələri onlar üçün vuruşsun, Azərbaycanın ərazilərini işğal etsin, yaxud da Bakının öz torpaqlarını azad etməsinə maneçilik törətsin! Bəli, it yatmışdı qaya kölgəsində və elə bilirdi ki, guya bu onun öz kölgəsidir.

Biz daim yazırdıq ki, heç darıxmayın, gec-tez Rusiya ilə Ermənistanın münasibətlərində “çat”lar yaranacaq.

Birincisi, ona görə ki, ermənilər istəyirlər ki, Moskva bölgədəki maraqlarını onların maraqlarına tabe etsin. Amma Rusiya bunu edə bilməz, çünki o, regionda ən böyük dövlətdir və Azərbaycan da onun üçün az əhəmiyyət kəsb etmir. Xüsusən də nəzərə almaq lazımdır ki, uzun sürən təmaslardan sonra Bakı, necə deyərlər, Moskvanın damarını tuta bildi. Kreml istəyirdi ki, Bakı NATO ilə dərin əlaqələrə girməsin, Rusiyanın geosiyasi maraqlarını nəzərə alsın. Azərbaycan da bunu etdi, Qoşulmama Hərəkatının üzvü oldu, NATO ilə inteqrativ əlaqələri dayandırdı.

İkincisi, Qərblə Rusiya arasında kritik durum yaşananda birinci tələb edəcəkdi ki, Ermənistan, nəhayət ki, seçim etsin. Belə də Qərb dairələri əvvəllər erməni diasporalarına və lobbilərinə irad tuturdu ki, onlar ABŞ-dan, Fransadan, hətta NATO-dan Ermənistana dəstək verilməsini tələb edirlər, amma İrəvan Moskva ilə ən sıx təmasdadır. Ukrayna müharibəsi Qərb-Rusiya müstəvisində xüsusi vəziyyət yaratdı və hazırda Qərb daha çox ona çalışır ki, Moskva Ermənistandan və Cənubi Qafqazdan getsin, bunun üçün onlar öz kadrlarından - Paşinyandan da seçim etməyi tələb edir və yavaş-yavaş Rusiyanı Ermənistandan sıxışdırırlar. Ona görə də Kremlin bölgədəki dayaqları Bakının öhdəsinə qalıb. Təsadüfi deyil ki, Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bu günlərdə bildirdi ki, Rusiya öz sülhməramlılarının məsələsini bundan sonra yalnzı Bakı ilə müzakirə edəcək. Amma düşünmürük ki, Rusiya bununla öz sülhməramlılarının olmayan mandatını uzatmış olsun. Rəsmi Bakı bir tərəfə, bir-iki ay bundan əvvəl Türkiyə prezidenti də xatırlatdı ki, bəs Kreml 2025-ci ilə qədər öz sülhməramlılarını Azərbaycan ərazsindən çıxarmalıdır...

O ki qaldı ABŞ-a və Fransaya, onlar da dinc durmur, yaman vurnuxurlar, xüsusən də Paris lap əldən-ayaqdan gedir. Ona görə ki, bu ölkənin beynəlxalq nüfuzu gündən-günə aşağı enir. Bu yaxınlarda belə deyildi ki, üç Afrika ölkəsi qoşunlarını çıxarmaq üçün Fransaya vaxt veribdi, ona görə də Parisə “yeni bacılar” lazımdır.

Amma qara Afrika belə Fransanı ərazisindən qovursa, o, Cənubi Qafqazda möhkəmlənə bilərmi? Düşünmürük. Bu, Moskva ilə Paris arasında açıq qarşıdurmaya gəirib çıxarardı və Qərblə Rusiya arasında ikinci cəbhə Qafqazda açılardı 

Həm də Parisin BMT-dəki səyləri bir nəticə vermədi, Azərbaycana qarşı hansısa ciddi “qətnamə” qəbul etmək mümkün olmadı.

ABŞ da dinc dayanmır, Dağlıq Qarabağda yerləşdirilmək üçün beynəlxalq mexanizmlər axtarır. Bakı artıq bəyan edib ki, BMT-nin müşahidə missiyasını keçmiş Dağlıq Qarabağın ərazisinə buraxa bilər.

Odur ki, hamı oktyabrın beşində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşü gözləyir. Orada Qərb dövlətləri bizə öz “buynuz”larını göstərməyə çalışacaqlar. Amma Qranada görüşünün elə bir ciddi statusu yoxdur və o, Azərbaycana qarşı heç nə qəbul edə bilməz. Həm də görüş İspaniyanın şəhərində keçiriləcək - bəli, o İspaniyanın ki, ildırım sürəti ilə Katoloniya separatizminə son qoydu. İndi bunlar nə edəcəklər? Bizə öz torpaqlarımızda nə etmək lazım gəldiyini öyrədəcəklərmi? Gülünc səslənir, deyilmi?..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR