İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə - Təşkilata nüfuz qazandıran QƏRARLAR

417 05.07.2023 16:44 Siyasət A A

1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur.

qosulma.jpg (202 KB)

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycan hərəkatın işini daha da faydalı etdi və tarixi ənənələr inkişaf etdi, təsisatın fəaliyyəti genişləndi, beynəlxalq aləmdə nüfuzu bir qədər də artdı. Buna görə də sədrliyimiz 1 il də uzadıldı.  

Prezident İlham Əliyev Hərəkatın sədri kimi bir sıra təşəbbüslər, təkliflər irəli sürüb və onların hər biri həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Məsələn, pandemiya dövründə Azərbaycan prezidentinin qaldırdığı təkliflərə nəzər salmaq olar. Azərbaycan Hərəkata sədr seçildiyi il dünya pandemiya dalğası ilə sarsıldı. Lakin Azərbaycan özünün çevik və effektiv qərarları ilə yeni reallığa uyğunlaşdı.  

SERİYA.jpg (82 KB)

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Eyni zamanda bu pandemiyadan çıxış yolları, peyvəndlənmə, əhalinin qorunması istiqamətində də Azərbaycanın xidmətləri böyük oldu.

Lakin həmin ərəfədə peyvənd millətçiliyi var idi. İri dövlətlər normadan da artıq peyvənd alır, kasıb, lakin əhalisi kifayət qədər çox olan ölkələrə peyvənd dağıdılması ləngiyirdi.

Azərbaycan pandemiya dövründə Hərəkatın sədri kimi peyvənd millətçiliyinə qarşı da mübarizə apardı.

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.

Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.

Onu da diqqətə çatdıraq ki, həmin ərəfədə Azərbaycan həm də Vətən müharibəsi aparırdı. Lakin buna baxmayaraq, hər iki düşmənə qarşı əzmlə savaşdı, bəşəriyyəti, regionu bu iki bəladan xilas etdi.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib.

ÜST.jpeg (86 KB)

2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Belə də oldu.  Hərəkata sədrliyimiz dövründə bu istiqamətlərdə ciddi addımlar atıldı.

2019-cu ildə keçirilən Bakı sammitində dövlətimizin başçısı ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu da bildirdi. Bunun məntiqi nəticəsi olaraq bu ilin martında ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının sammiti zamanı Prezident İlham Əliyev inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa 1 milyon ABŞ dolları məbləği ayırdı.

belqrad.jpg (120 KB)

Eyni zamanda, 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd etmişdi. Bu istiqamətdə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazandı. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü.

Prezident İlham Əliyev məsələ ilə bağlı çıxışında bildirib ki, məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

Bu il martın 2-də ölkəmizdə Qoşulmama Hərəkatının COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti uğurla keçirildi.

mart.jpg (84 KB)

Həmin tədbirdə çıxışında ölkə Prezidenti bildirdi:

“2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq.

Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.

Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.

Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.

cixis.jpg (208 KB)

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alındı. 2022-ci ildə də bənzər hadisə baş verdi.

Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR