İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustan həbsxanasında QANLI dava

1667 17.05.2023 18:06 Kriminal A A

Penitensiar xidmətin Qobustan həbsxanasında kamera yoldaşını qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan iclasda hökm elan olunub.

Musavat.com xəbər verir ki, məhkəmənin hökmü ilə Zahidikəhriz Abbasova 18 il cəza verilib.

Onun ömürlük azadlıqdan məhrumetmə cəzası ilə hazırkı cəzası birləşdirilib, qəti olaraq ömürlük cəza təyin olunub. İttihama görə, hadisə ötən il sentyabrın 2-də Qobustan həbsxanasında baş verib. Zahidikəhriz Abbasov həbsxananın 4-cü korpusunun 410-cu kamerasında onunla bir yerdə qalan Oleq Abişevin ünvansız söyüşlər söyməsinə etiraz edib.

Zahidikəhriz Abbasov etirazlara məhəl qoymayan Oleq Abişevi əvvəlcə yumruq zərbələri ilə vurub. Sonra qaldıraraq yerə çırpıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yerdən qalxan Oleq stəkan götürərək Zahidikəhrizin üstünə hücum çəkib. Zahidikəhriz stəkanı Oleqin əlindən alıb, onun baş nahiyəsinə zərbələr vurub. Kameraya gələn həbsxana nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. Nəzarətçilər gözyaşardıcı qazdan istifadə edərək onu Oleqdən ayırıblar. Oleq müalicə müəssisəsinə yerləşdirilib. Tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Oleq sentyabrın 10-da müalicə müəssisəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Zahidikəhriz Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Zahidikəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunmuşdu.

Hadisənin şahidi olmuş ömürlük məhkum Səmədağa Hənifəyev 1958-ci ildə Hacıqabul rayonunda anadan olub, 1992-ci ildən ömürlük cəza çəkir. Onun sözlərinə görə, Zahidikəhrizi “Zaxa” kimi çağırıblar. Səmədağa Hənifəyev qeyd edib ki, hadisə zamanı yatıb. Bərk yatdığını söyləyən məhkum nəzarətçilər içəri daxil olandan sonra oyandığını deyib. Onun sözlərinə görə, Oleqin döşəmədə uzanmış vəziyyətdə qan içində olduğunu görüb. O bildirib ki, Zahidikəhrizlə Oleqin mübahisələrini eşitməyib. Səmədağa Hənifəyev deyib ki, Oleq rusdilli olub və tez-tez söyüş işlədib. Amma mehriban olduqlarını deyən məhkum 30 il müddətində cəza çəkdiyi dövrdə kamerada ilk dəfə belə hadisə ilə rastlaşdığını bildirib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR