İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ-nin fitrə pulu açıqlaması narazılıq yaratdı

5288 21.04.2023 09:30 Mənəviyyat A A

“Adam var “ikra” yeyir, demək, onun fitrə zəkatı adambaşına 100 manat olacaq?”

 Ramazan ayı bütün dünya müsəlmanları üçün müqəddəs aydır və İslam dinində bu ayda möminlərin oruc tutmaları, fitrə zəkat vermələri buyurulub. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında builki fitrə məbləği açıqlanıb. Belə ki, fətvada adambaşına 10-15 manat fitrə verilməsi tövsiyə olunub.

Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.

Bəs hər kəs göstərilən məbləğdə fitrə zəkat verməyə məcburdur? Cebhe.info-ya bu barədə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, şəxs orucluq ayı ərzində nə ilə qidalanıbsa, o qida növündən fitrə verməlidir: “Bizdə ildən-ilə anlaşılmazlıq olur. Hər dəfə yeni pul məbləği elan edirlər. Tutaq ki, adambaşına 15-20 manat yığırlar, bu da insanlarda narazılıq yaradır. Bəziləri deyir ki, buna imkanım yoxdur. Bunun tam təfsilatı da verilmir. Fitrə zəkatın mahiyyəti ondan ibarətdir ki, oruc tutan şəxs 30 gün ərzində günorta yemədiyi yeməkləri toplayıb həmin vəsaiti və ya qidaları kasıb, fəqir insanlara verməlidir. Ölçü məsələsinə qaldıqda, burada bir neçə seçim qoyulub. Xurma, kişmiş, buğda, qarabaşaq və sair ərzaq məhsulları siyahıda var. Bunun da səbəbi odur ki, o dönəmdə Ərəbistanda başqa ərzaq məhsulları yox, sadaladığım məhsullar vardı. Artıq bunu dövrümüzdə olan ərzaq məhsulları ilə əvəz edə bilərik”.

Onun sözlərinə görə, burada ziddiyyətli görünən daha başqa məsələ çəkidir: “Xurmanın 1 kiloqramı 15-17 manat, buğdanınkı isə 40-50 qəpikdir. Bunu necə müqayisə edək? Hər bir insan imkanına görə, xurmadan, buğdadan ayıra bilər. Adam var "ikra" yeyir, onun fitrə zəkatı adambaşına 100 manat olacaq. Adam da var, düyü qaynadıb yeyir, yeməyə heç nəyi yoxdur. Buna görə qiymət açıqlamaq düzgün deyil, hamı öz evində olan, öz qidalandığından fitrə verməlidir".

Tural İrfanın sözlərinə görə, ortaq məbləğ açıqlamaq düzgün deyil: “Bu, şəriətə, dinə, insanların sosial vəziyyətinə də ziddir. Məsələn, elan edirlər ki, builki fitrə adambaşına 15 manatdır. Bu, qətiyyən düzgün deyil. Adam var onun heç 3 manata imkanı çatmır, sən necə onun boynuna qoya bilərsən ki, 15 manat verməlisən?”

Kimsə özünü şərəfə layiq bilmirsə, seçimində azaddır" - 27.07.2016, Sputnik  Azərbaycan

 Rəsul Mirhəşimli

Tanınmış ilahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ramazan ayının zəkatı hansı miqdarda və kimlərə verilməsi barədə din alimləri izah edir, həmçinin hər Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi bu qaydaları açıqlayır: “Fitrə zəkatının hikməti nədir? Bir deyim çox sadə dillə bunu izah edir: Sizə qalan aldığınız deyil, verdiklərinizdir. "Sevdiyinizdən infaq etmədikcə gerçək ehsan sahibi olmazsınız" - Ayənin hikməti də insana sevdiyindən ehsan etmək, ehtiyac sahiblərinə hədiyyə verməyi öyrədir. Ən gözəl ehsan sahibi də özü üçün qiymətli bildiklərindən ehtiyac sahiblərinə bağışlayandır. Fitrə zəkatını nə qədər səxavətli şəkildə versəniz, bilin ki, qazandığınız da o qədərdir".

İlahiyyatçı əlavə edir ki, Islamda bütün ibadətlər imkana bağlı olaraq həyata keçirilir: “Zəkat da imkanı olan müsəlmanlar üçün buyurulan ibadətdir. Zəkat vermək vacib ibadət olsa da, heç bir şey verməyə imkanı olmayan insanı buna məcbur edəcək ibadət deyil. Allah-Təala bəyan edir ki, biz ibadətləri sizin üçün asanlaşdırdıq. Zəkat da ibadətdir. Allahın asanlaşdırdığı ibadəti çətinləşdirmək düzgün sayılmaz.

Bəzən Fitrə zəkatı barədə açıqlama verilərkən zəkatın miqdarı milli valyuta ilə ifadə olunur. Bir çox hallarda Azərbaycanda yaşayan müsəlmanlar üçün zəkatın verilməsinin bu şəkildə ifadəsi çaşqınlıq yaradır. Bir dini hökm birtərəfli olaraq bir dövlətin milli valyutası ilə təyin edilə bilməz. Hansısa ərzaq məhsulunun dəyərinin nisbətində zəkat olaraq ölçü kimi qəbul edilir. Çünki dini hökm millət və dövlətlər üçün deyil, ümmət üçündür. Yəni sadə dildə məsələ bu şəkildə izah edilə bilər. Fitrə zəkatı 3 kiloqram arpa, buğda, kişmiş və yaxud xurmanın dəyərində verilə bilər. Bu məhsulların birinin qiymətini seçib, kimin hansı məhsulun qiymətinin üç misli həddində zəkat vermək imkanı varsa, o şəkildə verə bilər. Fitrə zəkatını verərkən bir məsələyə də xüsusi həssaslıqla yanaşmaq lazımdır. Zəkatı bayram namazından əvvəl vermək gərəkdir ki, bu zəkatı alan şəxslər də könül xoşluğu ilə bayram edə bilsinlər. Allah ehtiyac sahiblərini sevindirsin, zəkat verənlərin zəkatını qəbul etsin!"

Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən  problemləri var” - MÜSAHİBƏ

Elvüsal Məmmədov

İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O qeyd etdi ki, fitrə zəkatı imkanı yetən kimsənin Ramazanın sonuncu günü orucunu açdıqdan növbəti gün bayram namazınadək olan müddət ərzində verdiyi sədəqə hesab olunur: “Bu müddət ərzində fitrə zəkatını verə bilməmək ehtimalı varsa, yaxud uzaq məsafədə yaşayan kimsələrə zəkat vermək niyyət edilibsə, bayramdan bir neçə gün əvvəl (çatdırılma şəraitini nəzərə almaqla Ramazanın ilk günündən, yaxud yarısından bu sədəqəni çıxmağın mümkünlüyü haqqında görüşlər mövcuddur. Amma indi dövr dəyişib, kommunikasiya və çatdırma işi sürətlənib, - bu fakt nəzərdən qaçırılmamalıdır) bu sədəqəni vermək mümkündür. Fitrə zəkatı hədisdə qeyd edilmiş məhsullardan (buğda, kişmiş, xurma, yağsız pendir) verildiyi kimi, bu məhsulların sayını artırmaq (ət, düyü, yağ, makaron...), eləcə də məhsulları pulla əvəzləmək mümkündür. İslam şəriətinin məqsədlərini nəzərə alsaq, vasitələrə deyil, məqsədə, qayəyə, hikmətə köklənsək, fitrə zəkatının pulla verilməsi daha münasibdir. Keçmişdə Həsən əl-Bəsri, Əta, Süfyan əs-Sövri, Ömər ibn Əbdüləziz, İmam Əbu Hənifə və Şeyxülislam İbn Teymiyyə, müasir dövrdə Şeyx Yusif əl-Qərdavi fitrənin pulla verilməsini bildirmişlər”.

Dosent əlavə etdi ki, fitrə zəkatının verilməsindəki əsas məqsədlərdən biri imkansızları, yoxsulları bayram sevincinə ortaq etmək, onları da sevindirmək, sosial bütövləşməni təmin etməkdir: “Yəni elə etmək lazımdır ki, yoxsul da bayramı keçirə bilsin. Üstəlik, Peyğəmbərin dövründə qidalanma pulla deyil, tədavüldə olan və asanlıqla əldə edilən məhsullarla təmin edilirdi. İnsanların daha tez qidalanmaları üçün pula deyil, hazır məhsula ehtiyacı vardı. Həmçinin əmtəəni əmtəə ilə dəyişmə faktı da o dövr haqqında daha düzgün təsəvvür yaradır. Bir sözlə, ehtiyacı ödəmək qidalarla, yeməklərlə yanaşı, pulla da mümkündür. İstəyən bayramı keçirmək üçün lazım olan ərzaq və qida məhsulları ilə, istəyən də pulla bu sədəqəni çıxa bilər”.

Ceyhun Məmmədov - Deputat - Azərbaycan Respublikasının Milli Məclisi |  LinkedIn

Ceyhun Məmmədov

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov isə bildirir ki, əgər fitrə zəkatı buğdanın qiyməti ilə hesablansa, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablansa daha baha olacaq: “Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 manat arasında dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə imkansız insanlara verilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR