İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ məktəblərdə dini fənn tədrisini istəyir, bəs ekspertlər nə deyir - mövqe

6299 15.12.2022 08:29 Mənəviyyat A A

“Radikalizmi yaradan səbəblər içində, bəli, dini səbəblər də var. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında cəmiyyətdə təxribat yaratmaq istəyən bir qrupun şüarı kimi dəyərləndirməliyik”. Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı deyib. O, dini radikalizm ifadəsi ilə razılaşmadığını qeyd edib: “Dini radikalizm ifadəsi doğru deyil. Biz əgər radikal olsaq, bizim multikultural cəmiyyətimizdə məzhəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur. Yəni mən burada "dini" ifadəsini çıxaracağam".

Qəmər Cavadlı radikalizmə yol açan əsas məqamlardan çıxış yollarını diqqətə çatdırıb: "Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir və dini maarifləndirmədir. Bununla da cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür. İkincisi, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyillərə yol açmaqdadır. Korrupsiya, yerlibazlıq kimi hallar cəmiyyətin beyninə nüfuz edir. Üçüncüsü isə psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Mən xahiş edirəm, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşsin, müzakirə və təkliflərə açıq olsun".

Sirr deyil ki, ölkəmizdə dini ideyaların yayılması və təbliğində, xarici təsir dairələrinin din amilindən istifadə etməsi məsələsi ilə bağlı ciddi problemlər var. Ölkəmizin yerləşdiyi coğrafi ərazi elədir ki, burada böyük güclərin, qonşu ölkələrin ciddi maraq toqquşmaları var. Bu kontekstdə də din amilindən yararlanmağa çalışılır. Bu baxımdan ölkəmizdə dini təbliğat məsələsinə ciddi önəm verilir və bu, prioritetə çevrilib.

Ceyhun Məmmədov - Benefisiar

Ceyhun Məmmədov: “Gəncləri radikal fikirlərdən qorumalıyıq”

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu proses çoxdan başlamalı idi. O hesab edir ki, orta məktəblərdə din haqqında biliklərin verilməsi önəmlidir: “Bəzən bu barədə danışanda müxtəlif yanaşmalar olur. Söhbət orta məktəblərdə dinin tədrisi, dinin təbliğ olunmasından deyil, gənclərə din haqqında məlumatın verilməsindən gedir. Biz gənclərin milli-mənəvi dəyərlərə sahib çıxmasını istəyiriksə, onları zərərli təsirlərdən, radikal fikirlərdən qorumalıyıq.  Təəssüf ki, yanlış təbliğat nəticəsində gənclər mövhumata, radikal təriqətlərə meyl edir. Çıxış yolu din haqqında məlumatın verilməsidir. Bu baxımdan belə bir fənnin tədrisinə ehtiyac var. Təəssüf ki, aidiyyəti qurumlar bir sıra hallarda bu məsələlərlə bağlı fərqli mövqe ortaya qoyurlar. Azərbaycan İlahiyyat İnstitutunun bu fənni tədris edə biləcək çox sayda məzunu var. Türkiyədə, Rusiyada, Avropanın əksər ölkələrində din mədəniyyətinə geniş şərait yaradılıb.  Məndə olan məlumata görə, Azərbaycanda bununla bağlı aidiyyəti qurumlar tərəfindən təkliflər hazırlanmışdı. Lakin bu günə qədər məsələ açıq qalır. Nə qədər gec deyil, lazımi addımları atmalıyıq. Hesab edirəm ki, din haqqında universitetlərdə də məlumat verilməlidir”.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil: “İnsanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları" adlı fənn tədris olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi həm şagirdlərin sağlam əsaslar üzərində dini cəhətdən savadlanmasına, həm də onların tarixi ənənəmizi və keçmişimizin dini tərəfini öyrənməsinə imkan verəcək. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklərin tədris olunmasını zəruri edir.

Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Din fənninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaqı, davranışı, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Həmçinin vurğulamaq istəyirəm ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd Peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə, din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər İslamı düzgün dərk etmədikdə yanlış yollara meyl edirlər. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək".

K.Əsədov eyni zamanda qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və "Təhsil haqqında" Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hər hansı dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR