İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal iqtisadiyyata pandemiya, yoxsa Ukraynadakı müharibə daha böyük zərbə vurub? - Faktlar, rəqəmlər

569 16.04.2022 09:50 İqtisadiyyat A A

İqtisadçı-ekspert: “Həm pandemiyanın, həm də müharibənin nəticələrini müqayisə etmək mümkün deyil, çünki...”

İki ildən çoxdur davam edən koronavirus pandemiyası qlobal iqtisadiyyata son 50 ilin ən böyük zərərini vurdu. Ötən ilin ikinci yarısından başlanan bərpa prosesini yaşayan dünya iqtisadiyyatı 50 gündür Rusiyanın Ukraynaya hücumunun yaratdığı şoklarla üz-üzədir.

Belə ki, müharibə dünyanın ən kəskin humanitar böhranlarından birini yaratmaqdadır: qlobal ərzaq zəncirində ciddi qırılmalar var. Bu qırılmalar həm dünya ərzaq təchizatında mühüm payı olan Ukrayna və Rusiyadan ixracı azaltmaqla qiymətlərdə sürətli bahalaşmaya səbəb olub, həm də bir sıra mühüm istehsal sahələrində fəaliyyətlərin məhdudlaşmasını şərtləndirib.

Ukrayna ərazisinə görə Avropanın ən böyük ölkəsi olmaqla qlobal ticarətdə əhəmiyyətli rol oynayır. Ölkə buğda ixracına görə dünyada beşinci, qarğıdalı və arpanın ixracına görə isə dördüncü yerdədir. Günəbaxan yağı bazarında ən böyük payın sahibi də Ukraynadır: Qlobal günəbaxan yağı təminatının 46 faizini bu ölkə reallaşdırır.

Ukraynanın kənd təsərrüfatı məhsullarının əsas alıcıları Şimali Afrikanın, Asiyanın kasıb ölkələridir. Məsələn, İndoneziya və Livan kimi ölkələr əhalisini qida ilə təmin etməkdə Ukrayna taxılından asılıdırlar.

Kənd təsərrüfatından əlavə, Ukrayna faydalı qazıntılarla da zəngindir. Ölkənin mədən sənayesinin dəyəri 15 milyard dollardan çoxdur. Ukrayna dəmir və titan ixracına görə dünyanın müvafiq olaraq beşinci və dördüncü ölkəsidir.

Bundan əlavə, Ukrayna yarımkeçiricilərdə, fiber optiklərdə və işıq yayan diodlarda istifadə olunan qalium və germaniumun əhəmiyyətli istehsalçısıdır. Ukrayna həmçinin yarımkeçiricilərin istehsalında istifadə edilən neonun təxminən 70 faizini, kriptonun isə 40 faizini istehsal edir. Bu vacib texnologiya elementlərinin təchizatında pozuntular COVID-19 pandemiyasının yaratdığı çip qıtlığını daha da artıracaq.

Bütün bu məhsulların böyük hissəsini Ukrayna Qara dəniz limanları ilə ixrac edirdi. Müharibə başlayandan bu ixracat tamamilə dayanıb. Ukrayna ixracatını az miqdarda çay, avtomobil və dəmiryol nəqliyyatı ilə həyata keçirə bilir.

Ukraynaya hücum edən Rusiya həm də özünün qlobal ticarətdəki mövqelərinə sarsıdıcı zərbə vurub: inkişaf etmiş ölkələr Rusiyadan neft-qazdan kənarda olan demək olar ki, bütün məhsulların alışını dayandırıb. Bura almazlardan tutmuş, polada, kömürə qədər çoxsaylı məhsullar aiddir. Bundan əlavə, 800-dək xarici şirkət - bura avtomobildən tutmuş kontraseptivlərə qədər çoxsaylı məhsul brendləri aiddir - Rusiyada istehsalı tamamilə dayandıraraq ölkəni tərk edib.

İnkişaf etmiş dünya - hansı ki, Rusiya özünü onun bir parçasına çevirməyi hədəfləyirdi, Rusiyaya əksər məhsulların satışını da dayandırıb. Bura isə yüksək texnoloji məhsullardan tutmuş, adi kağız salfetlər, dəmir mıxlara qədər yüzlərlə məhsul daxildir.

Nəticədə qlobal əmtəə bazarlarında, ilk növbədə isə ərzaq bazarında qiymətlər kəskin bahalaşıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən 2022-ci ilin mart ayında qlobal ərzaq qiymətləri indeksi 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, mart ayında indeks 159,3 bəndə yüksəlib. Bu, fevral ayından 12,6 faiz, 2021-ci ilin eyni dövründən isə 33,6 faiz çoxdur.

FAO bildirir ki, bu kəskin artım bitki yağlarının rekord səviyyədə, dənli bitkilər, ət, şəkər və süd məhsullarının isə əhəmiyyətli dərəcədə bahalaşmasının nəticəsində qeydə alınıb. Ukraynadakı müharibə üzündən çoxsaylı ölkələr taxıl, ələlxüsus da buğda qıtlığı ilə üzləşiblər. Buğdanın dünya bazar qiyməti 19,7 faiz, qarğıdalı 19,1 faiz, bitki yağları 23,2 faiz bahalaşıb.

Rusiya neft-qazının ən böyük alıcıları - Avropa ölkələri Moskvanı əsas iki gəlir mənbəyindən məhrum etməyə də hazırlaşırlar. Neftlə bağlı qərarın ən yaxın həftələrdə veriləcəyi gözlənilir, qazdan imtina üçünsə ciddi fəaliyyətlər başladılıb. Ən pis halda Avropa 2,5 il ərzində Rusiya qazından asılılığını minimum səviyyəyə endirəcək. Buna həm də alternativ enerji mənbələrindən istifadəyə keçidin sürətləndirilməsi yolu ilə nail olunacaq. Bu isə uzunmüddətli dövrdə Rusiyanın digər bazarlara yönəldəcəyi neft-qazın alışının da minimuma enməsi demək olacaq.

Beləliklə, Ukraynadakı müharibənin qlobal əmtəə bazarları və iqtisadiyyata mənfi təsirləri getdikcə güclənir. Artıq bir sıra beynəlxalq qurumlar müharibə nəticəsində qlobal iqtisadiyyatın artım sürətinin azalacağına dair proqnozlarını açıqlayırlar.

Belə ki, Ümumdünya Ticarət Təşkilatı(ÜTT) hesab edir ki, müharibə nəticəsində dünya ticarətinin həcmi 3 faiz artacaq. Bu, qurumun əvvəlki proqnozundan - 4,7 faizdən xeyli aşağı gözləntidir. ÜTT-yə görə, qlobal ticarətin həcmi 2023-cü ildə 3,4 faiz artım nümayiş etdirəcək.

Ümumdünya Ticarət Təşkilatı fəaliyyətini dayandıra bilər • Cumhuriyyət

Təşkilatın hesabatına əsasən, Ukraynadakı müharibənin inkişafından asılı olaraq bu proqnozlara 0,5-5,5 faiz diapazonunda dəyişikliklərin edilməsi mümkündür.

ÜTT hesab edir ki, Ukraynadakı müharibə nəticəsində 2022-ci ildə qlobal ÜDM artımında da azalma olacaq. Artım 4,1 faiz deyil, 2,8 faiz təşkil edəcək. MDB ölkələrində (ÜTT-yə ÜTT-də Avropa kimi təsnif edilən Ukrayna istisna olmaqla birliyin indiki və keçmiş ölkələri daxildir) 2022-ci ildə ÜDM-in 7,9 faiz, idxalın isə 12 faiz azalacağı, ixracın 4,9 faiz artacağı proqnozlaşdırılır.

Rusiya Federasiyasına qarşı sanksiyalara görə xidmət ticarəti kəskin şəkildə azalacaq. Bundan əlavə, məhdudiyyətlər koronavirusdan artıq təsirlənmiş turizm və hava nəqliyyatı sahələrinə də zərbə vuracaq - pandemiyadan əvvəl Rusiyada bütün xidmət ixracının 46 faizi və idxalının 36 faizi onların payına düşüb.

2022-ci ildə idxalın ən yüksək artım templəri Yaxın Şərqdə (11,7 faiz), ən aşağısı isə artan xammal tədarükündən (2 faiz) asılı olaraq Asiyada proqnozlaşdırılır.

ÜTT həmçinin hesab edir ki, qaz qiymətlərinin artması ABŞ-dan daha çox Avropaya təsir edəcək. Təşkilat həmçinin MDB-də istehsalın 7,9 faiz, regiona idxalın isə 12 faiz azalacağını gözləyir. Bundan əlavə, ÜTT Çində COVID-19-a qarşı “sıfır tolerantlıq” siyasətinə görə karantin tədbirlərinin yaradacağı fəsadları da diqqətə alır. Çinin mühüm liman şəhərlərində tətbiq olunan karantinlərə görə daşımaların dayanacağı gözlənilir. ÜTT yeni ixrac sifarişlərinin azalmasından da narahatdır - 2022-ci ilin martında onlar 2020-ci ilin iyul ayı səviyyəsinə uyğun idi.

Rusiyaya qarşı sanksiyalar nəticəsində kəskin dəyişikliklər yaşayan ticarət axınlarının 2023-cü ilin sonunadək yenidən bölüşdürülməsi gözlənilir. İdxalın həcmi 2019-cu il üçün orta dəyərə qədər ən çox Latın Amerikası (19 faiz) və Asiyada (18 faiz, ən az Afrikada (5 faiz) və Avropada (8 faiz) artacaq, MDB-də isə 10 faizdən çox azalacaq. ÜTT-nin proqnozuna görə, 2019-cu ilin orta göstəricisi ilə müqayisədə 2023-cü ilin sonunda ixracın ən yüksək artım templəri Asiyada (22 faiz) və MDB-də (6 faiz), ən aşağısı isə Latın Amerikasında (3 faiz) müşahidə olunacaq, Afrikada isə ixrac 4 faiz azalacaq.

Aydın görünür ki, Ukraynadakı müharibənin davam etməsi qlobal iqtisadiyyata mənfi təsirlərin də güclənməsinə gətirib çıxaracaq. Belə şəraitdə bu təsirlər COVID-19 pandemiyasının təsirlərindən nə qədər fərqlənəcək? Və onların aradan qaldırılması hansı müddətdə mümkün olacaq?

Bankların kredit faizləri (Elman Sadıqov) - ARB 24 (Bank vaxtı) - YouTube

Elman Sadiqov 

Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, hazırda dünyanın koronavirus pandemiyasından tam qurtulduğunu söyləmək mümkün deyil: “Bildiyiniz kimi, hazırda Çində koronavirusun yeni ştammının kütləvi yayılması müşahidə olunur. Düzdür, inkişaf etmiş ölkələrin əksəriyyətində peyvəndləmə nəticəsində kütləvi immunitet yarandığına görə qadağalar aradan qaldırılıb, Afrikada da azalma müşahidə olunur. Lakin Çinlə bağlı bunu demək mümkün deyil. Burada əlbəttə, Çində pandemiyanın yenidən kəskinləşməsində bəzi siyasi çalarlar da ola bilər: Çinin aktiv şəkildə Rusiyanın tərəfində dayanması anti-Rusiya koalisiyasına sərf etməyən variantdır. Hər bir halda, dünyanın ikinci iqtisadiyyatında qapanmalar davam etdiyinə görə biz pandemiyanın tam aradan qalxdığını söyləyib, onun yekun təsirlərindən danışa bilmərik. Digər tərəfdən, pandemiyanın iqtisadiyyatlara təsirlərinə dair ölkələrin açıqladıqları statistikanı da real saymaq mümkün deyil. Məsələn, 2021-ci ildə elan olunan qlobal iqtisadi artım göstəricisi real deyil. Çünki bir çox hökumətlər ölkələrindəki real inflyasiyanı gizlədərək yalan göstəricilər elan etdilər. Bu isə dünya üzrə real artımın dəqiq hesablanmasına imkan vermədi”.

Ukrayna müharibəsinə gəldikdə, ekspertə görə, hərbi əməliyyatlar hələ davam etdiyi üçün onun nəticələrini dəqiq qiymətləndirmək mümkün deyil: “Bu baxımdan, həm pandemiyanın, həm də Ukraynadakı müharibənin nəticələrini müqayisə etmək mümkün deyil”.

Dünya SAKİT
"Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR