İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılcanın arealı genişlənir - xüsusilə 4 yaşa qədər uşaqlar...  

1165 05.12.2023 08:13 Gündəm A A

Pnevmoniya ilə xəstəxanalarda yatanların sayı artır; həkimlər təxirə salmadan peyvəndlənməyi tələb edir

Qızılca bütün dünyada, eləcə də Azərbaycanda uşaqlar arasında geniş yayılmaqdadır. Yayılmasının səbəbi kimi isə valideynlərin peyvəndlərdən imtina etməsi göstərilir. “Yeni Müsavat” xəbər verir ki, məşhur rusiyalı həkim-terapevt Valeriya Txorikova da qeyd edir ki, dünyada qızılca xəstəliyinin yayılması valideynlərin kütləvi şəkildə uşaqlarını peyvənd etməkdən imtina etməsi səbəbindən baş verib: 

“Bu, kollektiv immunitetin yaranmasının qarşısını alır və virus zəncirvarı şəkildə ötürülür”. Həkim əlavə edib ki, vaksin əleyhinə kampaniya ilk dəfə 1998-ci ildə  ildən başladı: sonra Andrew Wakefield tərəfindən ingilis jurnalı olan “The Lancet”də peyvəndlərin olmasının uşaqda autizm spektri pozğunluğunun inkişafına təsir etdiyini iddia edən bir məqalə çıxdı. Bundan sonra Britaniyada uşaqlarını peyvənd etməkdən imtina edən valideynlərin faizi artdı və sonradan antivaksin kampaniyası Rusiyaya doğru getdi.

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, qızılca üçün xüsusi antiviral terapiya yoxdur, buna görə də müalicə yalnız dəstəkləyici sayılır: xəstələrə simptomatik müalicə təyin olunur. Müalicədən 9-11 gün sonra sağalma baş verir. Qızılcanın təhlükəsi ondan ibarətdir ki, o, tez-tez ciddi fəsadlara səbəb olur. Daha çox immuniteti zəif olan insanlarda, hamilə qadınlarda və yaşlılarda baş verir. Ensefalit və pnevmoniya ümumi ağırlaşmalardır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin son məlumatına görə, hər 100 adamdan 65-də yoluxma baş verir, onlardan 1-dən 3-ə qədəri ölümcül olur. Ümumiyyətlə, qızılcadan ölüm statistikası məyusedici görünür: 2022-ci ildə dünyada qızılcadan ölənlərin sayı 43 % artıb. Valeriya Txorikova izah edir ki, virusun yayılmasının dayandırmaq üçün kollektiv immunitet 85-95% səviyyəsində saxlamaq lazımdır: “Buna nail olmağın yeganə yolu kütləvi peyvəndləmədən keçir. Eyni zamanda peyvənddən imtina yalnız qızılca xəstəliyinin yayılmasına deyil, həm də digər xəstəliklərə səbəb olur ki, bu da difteriya, poliomielit və sarı qızdırmadır”.

Azərbaycanda isə qızılcadan 4-cü uşaq ölümü faktı təsdiqini tapıb. Belə ki, 2 yaşlı uşaq Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım maşını vasitəsilə təxliyə olunub. TƏBİB-dən bildirilib ki, azyaşlı noyabrın 30-da saat 21:32-də 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub. Xəstə süni tənəffüs aparatına qoşulub. Qızılcadan ölən bu uşağın peyvəndlənmədiyi məlum olub. 

Son günlər virusun yayılması və ölüm hallarının artması fonunda insanlar, epidemiyanın hansı səbəbdən elan edilmədiyini sorğu-sual edirlər. Qeyd etmək yerinə deşər ki, epidemiya-insanın hər hansı bir infeksion, yaxud invazion xəstəliyinin məlum ərazidə adi (sporadik) xəstələnmə səviyyəsindən xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik olmasına deyilir. Eləcə də, yaşayış yerində (ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi şəkildə yayılmasıdır. Epidemiya yerli və gətirilmə ola bilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə isə pandemiya adlanır. 

“Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir”. Bu fikirləri isə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-tükdür: “Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda böyük pandemiya təhlükəsinin olmadığını göstərir”.

E.Əmrullayev valideynlərə bir daha çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar: “Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəm və durumdan asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ nəzarətimizdədir”.

Bu arada, qızılca ilə mübarizə məqsədilə məktəb və universitetlərdə məhlullarla dezinfeksiya işlərinə başlanılıb. Bununla belə, mütəxəssislər bildirirlər ki, qızılcaya qarşı tədbirlər COVİD-dən fərqli olmalıdır. Dezinfeksiya işləri virusun yayılmasının qarşısını almır. Bir binada bir xəstə uşağın olması kifayət edir ki, binanın 90 faizi virusa yoluxsun. 

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Liseyin 5-ci sinfində yoluxma aşkarlanıb. Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib. 

Nəzərə çatdıraq ki, son günlər tanınmış pediatrlar TV-lərdə, sosial şəbəkələrdə aparıcıların, bəzi insanların  peyvənd əleyhinə açıqlamalarına qarşı etiraz ediblər. Etiraz edənlərdən biri tanınmış pediatr Vaqif Qarayev bizimlə söhbətdə insanlar arasında qızılca ilə bağlı lağ-lağı edənləri qınayıb: “Əşşi qızılcadır da nə hay-küy salmısınız? Uşaq xəstələnər də” kimi fikirlər səsləndirənlər var. Yəni uşaq xəstəliyidirsə, fikir verməmək olar. Əsas böyüklər xəstələnməsin. Bu cür fikirlərin daşıyıcıları çoxdur. Sovet vaxtı, hələ 100 il qabaq “Sağlamlıq haqqında” dekret imzalamışdı. “Əlləri tez-tez yu”, “yerə tüpürmə”, “ öskürəndə, asqıranda ağız-burnunu bağla”, “yoluxucu xəstəliklərdən qorunmaq üçün uşaqlara peyvənd vurdur” və s. kimi tezislər vardı o zaman. Mən sovet vaxtı işlədiyim dövrdə məcburi peyvənd altına düşən heç bir xəstəliyin epidemiyasını görmədim. İndi azadlıqdır. İnsan hüquqları filan deyirik. “İstəmirəm və peyvənd vurdurmuram” azadlığı var. O qədər azadlıqdır ki, hətta efirdən peyvənddən yayınmağa çağırışlar edilir. Baxın, bu “azadlığın” nəticəsində ölkə indiki duruma düşüb. Uşaqları qorumaq hər birimizin borcudur". 

MUSA QƏNİYEV. PROFESSOR | Azərbaycan Tibb Ensiklopediyası

Musa Qəniyev

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev hesab edir ki, qızılca infeksiyasının hazırkı artımı qanunauyğun bir haldır: “Ümumdünya Səhiyyə Təşkilatının 28 aprel 2022 tarixli məlumatında deyilirdi, "sanitar-karantin məhdudiyyətləri tezliklə aradan qaldırılarsa, bizi, qızılcanın uşaqlar arasında pandemik halı ilə bağlı “mütləq faciə riski” gözləyir". Əslində bu xəbərdarlığın ilkin bəndi, məlum infeksiyanın baş verəcək labüd  sıçrayışlı artımının səbəbi idi. Yəni sərt karantin və maska taxılması, dövrü infeksiyaların nisbi “aqressivləşməsini” və sonda, epidemiya şəkilli artımını qaçılmaz edirdi. Bu haqda 2020-ci ilin aprel ayından başlayaraq, dəfələrlə bildirmiş, xüsusən ilkin uşaqlıq (1-3 yaş) və birincili uşaqlıq (3-6 yaş) dövründə olanlara maska taxdırmağın, bağışlanılmaz səhv olduğunu söyləmişəm. Ümumiyyətlə, istənilən infeksiyanın potensial fəallığını dəyərləndirilən yalnız 2 əsas göstərici olur: yoluxuculuq qabiliyyəti - (Ro indeksi) və  letallıq (ölüm törətmə) əmsalı.  Ro indeksinə görə, qızılca bütün məlum virus infeksiyaları içərisində birincidir. Yəni bir qızılca xəstəsi 11-18 nəfəri xəstələndirir (Ro=11-18). Halbuki bu indeks COVİD-19-da 2-2,2; Fəsli qripdə 1,3-ə bərabərdir və sairə. Odur ki, qızılcaya “heç bir vaxt yoluxmamaq” fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyil. İnsanın (uşağın) olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olmuşsa, yenə də yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır".

Həkim əlavə edib ki, infeksiyaların xüsusi təhlükəliliyini dəyərləndirən letallıq əmsalıdır: “Bu göstəriciyə görə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm, cəmi 0,004%-0,28%-dir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalardan geridir, yəni qorxusuzdur, yalnız Parotit (0,006%) və Su çiçəyindən  (0,0001%) öndədir.

Bəzi müəlliflər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn qrip, COVİD-19 və s. ) yoluxma ehtimalını ön plana çəkir. Bu hal nə nəzəri, nə də praktik olaraq mümkündür. Çünki viruslara hüceyrədaxili mühitdə “mütləq konkurent antaqonizm” prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal “keçid qapısının bloklanması” kimi dəyərləndirilir. Yəni buna görə də xüsusi narahatlığa əsas yoxdur. 

Digər tərəfdən, qızılcaya ən həssas insan qrupu 4 yaşına qədər uşaqlar, ən etibarlı qorunma vasitəsi isə peyvəndləmədir. Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır ki, aparılır. Bizim ölkəmizdə peyvənd “Azərbaycan Respublikasının Milli peyvənd təqvimi” siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir (bəzi özəl sektorda müxtəlif qiymətlər deyilə bilər; əslində bu peyvəndin dünya bazarında real qiyməti 1 dollardan aşağıdır). 

Bu peyvəndin birinci dozasını hər bir uşaq, bir yaşında (dünya üzrə bu rəqəm 83%-dir), ikinci dozasını isə 6 yaşında alır (dünya üzrə bu rəqəm 74%-dir). Qızılca zamanı formalaşan təbii immunitet isə daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir. Uşaqlar və gül üzlü körpələr qorunmalıdır. İlk növbədə, milli peyvənd təqviminə uyğun olaraq peyvənd olunmaqla. Digər zəruri hal isə uşaqların üzündən, xüsusən kənar şəxslərin öpməsinə, onlara nəfəs verilməsinə (o cümlədən “çopçüyə” aparmaq), eləcə də digər qeyri-gigienik prosedurlara, qətiyyən yol verilməməlidir. Bu elementar qaydalara əməl etməklə, uşaqlara öz uşaqlıq dünyasını yaşamağa imkan verək. Bunları son günlər insanlar arasında qızılca xəstəliyinin kəskin artımı ilə bağlı narahatlığa görə bildirirəm. COVİD-19 stressindən sonra insanlar, bir də əsassız olaraq, doğmalarını itirmək qorxusunu yaşamamalıdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR