İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl suyu

1915 22.06.2023 13:14 Yazarlar A A

 

22 iyun alman faşistlərinin keçmiş vətənimiz SSRİ-yə gecə yarısı, qəfil, xaincəsinə hücuma keçməsinin növbəti ildönümüdür və hesab edirəm ki, Gədəbəy hadisələrinin bu ərəfəyə təsadüf etməsində hansısa gizli, təxribatçı qüvvələrin əli vardır. Həmçinin Gədəbəy hadisələri Bəhram Bağırzadənin toyda fıştırıq çalaraq oynamasından ictimai diqqəti yayındırmağa da xidmət etmişdir. Gündəmi qəsdən dəyişdilər.

Hesab edirəm xalqımız yenə də emosional davrandı, proseslərə soyuqqanlı qiymət verə bilmədi. Məsələn, bütün reaksiyaların başında duran cümlə nədir? “Ağbirçəyin üzünə qaz sıxıblar!” Halbuki bizim heç bir qanunda yazılmayıb ki, qaz sıxanda adamın yaşına diqqət edilməlidir. Əgər hüquqi dövlət qurmaq istəyiriksə, bu cür “ağsaqqal-ağbirçək”, “mental dəyərlər” mövzularından qətiyyətlə əl çəkməliyik.

Mövzunun elə bu cür ağbirçəklik üzərinə yönəlməsindən ən çox faydalanan iqtidardır, biləsiniz. Çünki hüquq və qanun şah olmalıdır, süni yaş institutu yox. İnsanların hüquqları yaşından, cinsindən, irqindən, dinindən və sairədən asılı olmayaraq qorunmalıdır. Yoxsa bizim hökumətdən istədiyimiz nədir? Bunu düzgün qoymadıqca, nəticə alınmayacaq. Hökumət ağbirçəyi, ağbirçək gəlini, gəlin uşağı, uşaq pişiyin balasını... boğmağa davam edəcəkdir.

Mövzunun hüquqi və ən vacib tərəfi isə ilk növbədə həmin Gədəbəy kəndlisinin ərazidəki qızıl yatağından hansı xeyiri görməsidir. Camaata qızıl zavodunda iş versən, qızıl zavodu kənddə sosial yatırımlar eləsə (məktəbin remontu, xəstəxanaya UZİ, yaxud bələdiyyə üçün yeni bina və sairə) kəndlilər də razı qalar, bəlkə heç süxur yumaq üçün ikinci gölün qazılmasına etiraz etməzdilər (bu əhvalat, açığı, mənə Molla Nəsrəddinin “Filin dişisi də gəlir” lətifəsini xatırlatdı, bilənlər bilir, bilməyənlər də indən sonra bilsə nə mənası var?) Bizim hökumət ingilis şirkətləri ilə karbohidrogen istismarı sahəsində uzun illərdir əməkdaşlıq edir, gərək bu sosial məsuliyyət işini onlardan öyrənərdilər. Məsələn, bp şirkəti Bakı-Ceyhan kəmərini tikdirəndə torpağından boru keçən kəndlərdə az qala tısbağalara və kərtənkələlərə də yardımlar etmişdi. Necə deyərlər, kəndxudanı gör, kəndi çap. Lakin Gədəbəyin həmin kəndindəki dərəbəylikdən görünürdü ki, orada heç kəndxuda qoyulmamışdır. Bələdiyyə yoxdursa, ortaya belə acınacaqlı durumlar çıxacaq.

Abşeron yarımadasının ekoloji durumu guya Gədəbəydən yaxşıdır? Hara baxsan zəhərli göllərdir. Bəs camaat niyə dinmir? Çünki neft-qazdan nəsə onlara da çatır. Dövlət qulluğu, pensiya-mensiya, lap elə rüşvətlər şəklində. Qızıl çıxarırsan, əcəb edirsən, kəndliyə, elə həmin ağbirçəyə bir-iki qızıl diş qoydur, qoy sakitləşsinlər.

Əslində yuxarıdakı cümlədə “acınacaqlı” sözünü şişirdərək yazdım, guya nə olub? Allaha şükür, ölüm-itim yoxdur. Bir az qanqaraçılıq yarandı, hökumət dərhal reaksiya bildirdi, böyük ehtimal həmin qaz püskürən yoldaşı qonşu rayona ezam edəcəklər, yüngülvarı töhmət-zad verilsə lap müsbət olar. Gədəbəylilər də tarixi kasıbçılıqlarını davam etdirəcəklər, rayonun bəxti açılası deyil. Buraları hələ “Simens” şirkətinin zamanından soyub-talayıblar, kəndlilərə də bir-iki sınıq körpü yadigar qalıbdır. Çünki yenə əvvələ qayıdıram, mövzu düzgün qoyulmamışdır.

Bax, açıqlanan diskussiyanın alov püskürən ən işlək ikinci cümləsini xatırlayın: “Ermənilər bunu görüb bizə nə deyəcəklər?” Pah. Ciddi yanlışdır və yenə qaz püskürdənlərin dəyirmanına su axıtmaqdır. Ermənistan da ekoloji-ictimai-siyasi mövzularımızın, üzr istəyirəm, təzə pazı olmuşdur. Guya biz ekologiyamızı Ermənistan üçün qoruyuruq. Guya bizdə insan hüquqlarına ona görə hörmət qoyulmalıdır ki, Vartanla Anuş çəpərin üstündən baxır, ayıb olar. Ermənistan baxsa nə olacaq, baxmasa nə olacaq? Paşinyan bizi tənqid eləyir, cəhənnəmə eləsin. Biz özümüz üçün, öz daxili insan haqlarımız, müstəqil, demokratik dövlət quruculuğumuz üçün yaşamağı öyrənməliyik. Demokratiya “ayfon” telefonu deyil ki, qonşuna bununla fors atasan.

Şınıx dağlarından milli “Janna d Ark” çıxmayacaq. Heç lazım da deyil. Siz qızılı çıxarın, camaat da kartofunu, qol-boyun yaşayın.

Fıştırığımızı tanıyırıqmı - əsas məsələ budur.   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR