İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qisas -3" öncəsi Rusiyaya konkret vaxt, separatçılara ultimatum zamanı! - ya tərk-silah, ya da...

1108 04.07.2023 11:40 Siyasət A A

Siyasi ekspert: “Azərbaycan rus sülhməramlılarla bağlı da prinsipial mövqe ortaya qoymaq hüququnu özündə saxlayır”

Artıq şübhə yox ki, Bakı-İrəvan sülh danışıqları hansısa ciddi pozitiv nəticəyə yaxınlaşdıqca erməni separatçıların silahlı təxribatları daha da intensivləşəcək. Özü də sülh müqaviləsinin əleyhinə olan Rusiyanın “dobro”su ilə.

Bunu keçən həftə Vaşinqton danışıqları başlar-başlamaz separatçı-terrorçuların 27 iyunda hərbçimizi yaralaması bir daha təsdiqlədi. Daha bir neçə gün sonra isə Rusiya “sülhməramlıları”nın müşayiəti ilə qanunsuz erməni silahlı birləşmə üzvlərinin Xankəndi-Kərkicahan yolu ilə silah daşıdığını əks etdirən yeni video yayıldı.

Bu qəbildən insidentlər Qarabağdakı silahlı erməni quldurlara qarşı antiterror əməliyyatının nə qədər aktual olduğunu bütün çılpaqlığı ilə göstərir. Diqqətçəkicidir ki, bu arada rəsmi dövlət televiziyası olan AzTV-də yeni müharibənin anonsu ilə bağlı süjet yayımlanıb. Süjetdə Rusiya və rus sülhməramlılarının açıqlamaları və hərəkətləri sərt tənqid edilib. Qarabağda 10 mindən çox silahlı separatçının varlığının Rusiya tərəfindən görməzdən gəlinməsi və İrəvanın hərəkətlərinin yeni əməliyyata zəmin yaratdığı bildirilib.

QİSAS 3 əməliyyatının başlaması an məsələsidir - VİDEO Pravda.az

Hərçənd bəzi siyasi müşahidəçilər hesab edir ki, məsələdə maksimum ehtiyatlı hərəkət etməyimiz daha məqbuldur. Məsələn, hərbi analitik Şair Ramaldanov mövzunu Musavat.com-a şərh edərkən belə bir məqama diqqət yönəldib. Sitat: “Yaxın tarixdə (2008 avqust, 5 günlük müharibə - red.) gürcülər (Cənubi Osetiyada - red.) antiterror əməliyyatı keçirdilər. Əməliyyat dayandırıldı, referendum keçirildi, ərazilər Rusiya tərəfindən mənimsənildi. Analoji proses Ukraynada da baş verdi. Rusiyanın eyni addımı Azərbaycanda da atacağı istisna olunmur. Rusiya sülhməramlılarının xidmət dövrü iki ildən sonra bitir. Buna görə də biz istər-istəməz antiterror əməliyyatını razılaşdırmalıyıq. Əks halda, döyüşlər hər hansı formada dayandırıla bilər. Əgər Qarabağ erməniləri referendum keçirsələr, nəticəni öncədən bilə bilərik. Bu halda risk daha da çoxalır. Ali Baş Komandan nəyi, nə zaman, necə etməli olduğunu bildiyini dəfələrlə bəyan edib. Məqam yetişsə, əmr veriləcək. Əgər hələ əmr verilməyibsə, deməli, risklər var”.

Yəni Donbas variantı. Bu variant Rusiyanın Ukraynadakı uğursuzluğu fonunda da aktual olacaqmı? Doğrudanmı Rusiya buna gedər? Hər şey qırağa, bəs Türkiyə faktoru, Şuşa Bəyannaməsi? Bu ki, həm də Türkiyə ilə toqquşmaq demək olar. Nəhayət, Rusiya niyə də eyni vaxtda Bakı və Ankara ilə düşmənçilik kursu götürərmi, üstəlik, özünün bunca təcrid olunduğu durumda?

Yada salaq ki, politoloq Ərəstun Oruclu da Musavat TV-yə demişdi ki, antiterror əməliyyatı ilə bağlı diqqətli olmalıyıq, çünki Rusiya o halda qəsdən bir neçə rus hərbçisini qurban verib vəziyyəti öz xeyrinə qəlizləşdirə bilər.

Əslində Bakının antiterror əməliyyatına, “Qisas -3"ə lüzum olmaya bilər. Yetər ki, Rusiya 10 noyabr sənədinin 4-cü bəndinə əməl eləsin. Rusiyanı buna necə məcbur etməli? Separatçılara ultimatum, Moskvaya konkret vaxt vermək zamanı çatmadımı?

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Qarabağdakı maraqlarını daha da inkişaf etdirmək niyyətləri haqqında müzakirələr zaman-zaman aktuallaşır və müxtəlif ssenarilər irəli sürülür: “Xüsusilə bunu avrasiyaçılar bildirir. Qarabağı və ümumilikdə Cənubi Qafqazı özlərinin strateji prioriteti elan edən şəxslər, siyasi texnoloqlar burada Krım və yaxud Luqansk, Donbas senarisi haqqında da mülahizələr səsləndirirlər. Bu iddiaları irəli sürənlərin dilə gətirdiyi bir variant bundan ibarətdir ki, Qarabağda Rusiya pasportları paylanılacaq və referendum keçirilməklə Qarabağ Rusiyaya birləşdiriləcək. Digər tərəfdən isə orada yox həddində olan süni yaradılmış “rus icması”nın maraqlarının qorunması, rus dilinin qorunması adı altında bu qurum Rusiya tərəfindən tanınacaq. Necə ki, 24 fevraldan öncə Rusiya bunu Ukraynada tətbiq etdi. Belə halda gərginlik, eskalasiya yaranır. Əlbəttə ki, Rusiya Azərbaycanla yanaşı həm də Türkiyənin gücünü qiymətləndirməlidir, nəzərdən keçirməlidir. Türkiyə bu gün böyük bir coğrafiyada təhlükəsizliyi təmin edir. Türkiyənin hava hücumundan müdafiə sistemləri, PUA-aları, ordusunun gücü, NATO-dakı rolu Rusiya üçün bir analiz elementi olmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Vaqner qruplaşmasının Kremlə qarşı “ədalət marşı”ndan sonra “Qisas-3" əməliyyatı haqqında Azərbaycanda rəsmi mənbələr qeyd edirlər. Belə görünür ki, "Qisas-3" əməliyyatı qaçılmazdır. Azərbaycan nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra ölkəmizə qarşı şər-böhtan kampaniyasının aparılması, Azərbaycanın daxili işlərinə qarışmaq, Qarabağda reinteqrasiya prosesinin qarşısını almaq kimi pozucu və destruktiv niyyətlər açıq görünür. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinə uyğun olaraq Rusiya sülhməramlıları bölgəyə yerləşdirildikdən sonra paralel olaraq Ermənistan silahlı qüvvələrinin qalıqları ərazini tərk etməli idi. Təəssüf ki, 3 ilə yaxın müddətdir bu maddənin implementasiyası baş tutmur. Rusiya tərəfi bir andaca bu maddənin icrasını təmin edə bilər. Lakin maraqlı görünmür. Məhz buna görə də Azərbaycan təhlükəsizliyi təmin etmək hüququnu öz əlində saxlayır və limitlər tükənir, zaman keçir və Azərbaycanın səbri hədsiz deyil. Separatçılara vaxt verilməlidir və bu vaxt çərçivəsində onlar bölgəni tərk etməlidirlər. Bunu amnistiya kimi qəbul etmək olar. Ancaq verilmiş zaman çərçivəsində Azərbaycan ərazisini tərk etməyən həmin əlisilahlılar legitim hədəf kimi qəbul olunacaq və zərərsizləşdiriləcək. Burada Azərbaycanın prinsipiallığına və qətiyyətinə heç kim şübhə etməməlidir. Azərbaycan rus sülhməramlılarla bağlı da prinsipial mövqe ortaya qoymaq hüququnu özündə saxlayır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR