İnsanlara hürriyət, millətlərə istiqlal!

Qışa hazırlıq

1681 06.10.2022 09:50 Yazarlar A A

Yaxud işıqforu niyə oğurlamışdılar

Yayda, lap konkret yazsam iyulun 25-də Bakının Buzovna qəsəbəsində qəribə oğurluq baş vermişdi. Paytaxt sakini S.Abdullayev qəsəbədəki “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinərək saxlanmışdı.

O vaxtdan bəri bu xəbər mənim yadımdan heç çıxmır. Bir insan işıqfor (el dilində yazsaq, svetofor) dirəyini niyə oğurlasın? Bunu axı aparıb hara satmaq olar? Belə də əlacsız oğurluq ola bilərmi? Örnək üçün, kanalizasiya qapaqlarını, yol qırağındakı yağış qəfəslərini oğurlayanları haradasa başa düşmək mümkündür. Aparıb metal qəbulu sexlərinə verərlər, beş-üç qəpik qazanarlar. Ancaq işıqfor dirəyi nəyə yarayır? Bunu kim alır?

Bəlkə dirək elə-belə, necə deyərlər, quru, “məhsulsuz”, bar-bəhərsiz olmur, üstündə işıqforun özü də olur və kimlərinsə şəxsi yolları var, orada bunu quraşdırırlar? Nə biləsən... Avqustda Bakı kəndlərinin birindən yolum düşmüşdü, orada işıq idarəsi vurhavurla hansısa oliqarx-məmurun bağ evi üçün təzə transformator quraşdırır, elektrik xətti çəkirdi. Əməllicə iş gedirdi, sanki ərazi təzə işğaldan azad olunmuşdu. Abşeron yarımadasında şəxsi transformatoru olmayan məmura pis baxırlar. Beləsinin qızı evdə qarıyır, “Lamborgini”si qarajda çürüyür, arvadının ağzındakı silikon çartlayır, oğlunun təsbehi qırılır.

Şəxsi təsərrüfatın, şəxsi işıqforun, şəxsi elektrik stansiyan olması yaxşı haldır. Babamız demişkən, bir gün fəhlə kimi yaşayınca, qırx il icra hakimiyyətində şöbə müdiri ol. Hindistanda dələduzlar qrupu saxta polis şöbəsi yaradıb əhalidən xeyli pul yığmışdılar. O xəbəri bir neçə ay qabaq oxuyanda mən 1990-cı illərin axırlarında hardasa Ağsu-Ağdaş tərəflərdə olmuş əhvalatı xatırlamışdım. Lotular yolda şlaqbaum qoyub sürücüləri cərimə edirmiş, guya yol polisi postudur. Postun saxta olması yalnız bir neçə aydan sonra ortaya çıxmışdı. Lakin bunun özü novatorluq, yeni kəşf sayılmağa layiq deyildi, çünki hələ sovet dövründə, 1970, ya da 1980-ci illərdə “Mozalan” satirik telejurnalında göstərilən süjet vardı, orada adam gəlirdi təkrar qara metal sexinə, “Stop” yazılmış (belə yadımda qalıb, bəlkə də ayrısıydı) yol işarəsini alıb aparırdı, yolda quraşdırıb pul yığırdı.

Necə deyərlər, Ayın altında heç nə təzə deyil. Xalq şairimizin misralarındakı kimi: “Yenə təptəzə qaldı söz, Mən sözün tozunu aldım”. Hərçənd Heraklit müəllimin bunu inkar edən fikri var, deyir hər şey axır, hər şey dəyişir. Hər şey dəyişirsə, bizdə niyə dəyişmir? Nə qədər eyni Hacı Madəri deputat seçməliyik? Haçana qədər Anar müəllim AYB sədri olmalıdır? Müəllim günündə rüşvət yığmaq, manısların yiyəsizlik şəraitində, uşaqların dayəsizlik şəraitində, şairlərin qayəsizlik şəraitində, kasıbların icra hakimiyyəti şəraitində rəhmətə getməsi, məhərrəmlikdə sinə vurmaq, orucluqda tüpürcəyi udmaq... Nə vaxtacan oxşar, bambılı mövzuları müzakirə etməliyik?

Sanki bizim təkcə ictimai işıqforumuzu çırpışdırmayıblar, yolumuzun özü yoxa çıxıbdır. Bir sonsuz çevrəyə girmişik, orada fırlanırıq. (“Haçana qədər biz sənin cızmaqaralarını oxumalıyıq?” - oxucular fikirləşirlər. Burada Molla Nəsrəddinin Əmir Teymura verdiyi cavablardan biri ola bilərdi, lakin yazmıram, bilənlər bilməyənlərə danışsın).

Sonda bir xəbər: "Tovuz, Qazax, Ağstafa, Göygöl, Goranboy, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonlarında qazlaşdırılmayan 149 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir". Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Manset.az-a bildirib”.

Sağ ol, Cabbar müəllim. Yenə sənin mişarın işləyir, yoxsa bu xalq nə edərdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR