Paraqvayda fəaliyyət göstərən “Nanduti” radiostansiyasının məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026 mundialının paraqvaylı şərhçisi Xorxe Veranın akkreditasiyasını ləğv edib.
Musavat.com xəbər verir ki, buna səbəb şərhçinin təşkilat rəhbərliyini tənqid etməsi olub.
Şərhçi Xorxe Vera Cənubi Amerika komandasının 1-0 hesabı ilə qalib gəldiyi Paraqvay-Türkiyə matçından sonra kənarlaşdırılıb. Matç zamanı paraqvaylı hücumçu Migel Almironun bir epizodda əli ilə ağzını tutaraq türkiyəli futbolçuya təhqiramiz nəsə dediyinə görə meydandan qovulması şərhçinin hiddətinə səbəb olub və o, FİFA rəhbərliyini sərt və ağır sözlərlə ədalətsizlikdə ittiham edib.
Qeyd edək ki, bu, yeni qaydadır və ilk dəfə bu mundialda tətbiq olunur. Məqsəd irqçi çıxışların, təhqirə görə oyunun gedişinə təsir göstərə biləcək situasiyaların yaranmasının qarşısını almaqdır. Veranın akkreditasiyasının ləğv edilməsi "FIFA rəsmilərinə ünvanlanan və təkrarlanan şəxsi hücumlar və təhqiramiz ifadələr" mülahizəsi ilə izah edilib.
Musavat.com






