İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərblə son illərdə açıq qarşıdurma fonunda bölgəmizdə münaqişələrin davamı Rusiyanın siyasətidir”-politoloqdan şok açıqlamalar

480 14.04.2023 19:22 Siyasət A A

“Bu gün bölgədə gedən proseslər ötən əsrin 20 -ci illərinə çox bənzəyir. O zaman da bölgəyə hakim olmaq davası gedirdi və eyni cür ermənilər alət kimi istifadə olunurdu”.


Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, o zaman ermənilərə bəzi ərazilər vəd olunur və bu torpaqların qoparılması üçün cəhdlər edilirdi: “ABŞ prezidenti Vilsonun böyük bir ərazidə Ermənistan yaratmaq planları vardı, Osmanlı dövlətinə qarşı bir Sevr hücumu olmuşdu. Lakin Mustafa Kamalın dühası sayəsində bütün bunlar tarixin zibilliyinə atıldı. O zaman da Türkiyə müdaxilə etməsəydi elan olunmuş ADR- ın taleyinin necə olacağı bəlli deyildi. Amma Azərbaycan ərazilərində ədalətsizcəsinə elan olunmuş Ermənistanı himayə sırası İngiltərə və Fransadan Sovet hakimiyyətinə keçdi. Azərbaycan əraziləri hesabına bu ölkənin torpaqları nəinki genişləndirildi, hətta bu gün bəhs etdiyimiz münaqişə ocaqlarının təməli də o zaman atıldı. Qarabağ da, Zəngəzurun hər iki hissəsi mübahisə doğurmayacaq dərəcədə Azərbaycana məxsus olsa da, buraya ermənilər yerləşdirildi”.

Q.Çaxmaqlı ardınca qeyd edib ki, eyni cür 44 günlük müharibədən sonra erməniləri Rusiya yenidən Xankəndi və digər yerlərə daşıyıb gətirməklə problemin həllinə mane olmaq siyasəti güddü: “Rusiya buralarda münaqişə olmasa, edəcəyi bir şeyin olmayacağını bilir və ona münaqişə ocağı lazımdır. Qərblə son illərdə açıq qarşıdurma fonunda bölgəmizdə münaqişələrin davamı Rusiyanın açıq siyasətidir. Bu dəyişməyincə, bölgədə sabitlik gözlənilən deyil. Sərhədlərdəki insidentdən yararlanıb Rusiyanın buralara əsgər yeridəcəyi planı olduğu açıqdır. İndiki halda bu KTMT - nın müşahidəçi adı ilə gətirəcəyi kontingent ola bilər”.

Politoloq bildirdi ki, Rusiyanın bu siyasəti İranın da maraqlarına uyğundur: “İran Qərbin burya yerləşməsindən narahatdır və hətta Ermənistanla bu məsələdə mövqeləri üst-üstə düşmür. İran Azərbaycanın güclənməsini istəmir və onu daha çox qorxudan Türkiyə faktorudur. Unutmaq olmaz ki, Türkiyə NATO-nun üzvüdür və NATO-da ikinci hərbi gücə malik ölkədir. Türkiyənin seçkilərə başı qarışdığından baş verən proseslərə hələ ki, aktiv müdaxilə etmir. Amma onun başı nə qədər qarışıq olsa da, milli maraqlar çərçivəsində istənilən addımı atacağına şübhə yoxdur”.

Q.Çaxmaqlı dedi ki, bu günlərdə məsələyə ilginc reaksiya verən Türkiyə generalı Erdoğan Karakuş paşanın fikirləri də dövrün tələblərindən qaynaqlanan qənaətlərdir: “Bəli, Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda hərbi baza yarada bilər və siyasi-hərbi gedişat bu işin gerçəkləşməsini tələb edir. Bu işdə əslində gecikmişik. Bu baza 44 günlük müharibə bitən anda yaradılmalı idi. Mənə elə gəlir ki, Azərbaycan Türkiyəyə öz ərazisində baza yaratmaq təklifi bölgədə yeni siyasi və hərbi situasiya yaradacaq və bir çox müşkül görünən məsələlər, o cümlədən Zəngəzur koridoru məsələsi avtomatik həllini tapacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR