İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin yalançı diplomatları- Alman nazir də bu qəbildən çıxdı

1399 06.11.2023 15:48 Siyasət A A

 

Qərb dövlətlərində sanki bir siyasi xaos yaşanır. Nüfuzlu siyasətçilər dünyada baş verən haqsızlıqlara doğru-dürüst qiymət verə bilmirlər. Çox uzağa getmirik, elə bunu biz Qarabağ məsələsində gördük və görməkdə də davam edirik. Azərbaycanın haqq səsini müdafiə etmək istəmədilər. İşğalçı Ermənistana tərəf çıxıb, beynəlxalq hüququn pozulmasına göz yumdular. BMT-nin belə qətnamələrinə 30 il əməl olunmadı.

Son zamanlar isə diplomatların dilindən diplomatiyaya yaraşmayan ifadələr eşidirik.

Ötən həftələrdə Kanadanın xarici işlər naziri bölgəyə gəlib Azərbaycanın ünvanına hədələr səsləndirdi. O, binoklla sərhəddən Azərbaycan mövqelərini izlədi. Halbuki bu, heç bir məntiqə sığmır.  İndi isə Almaniya kimi dövlətin XİN başçısı regiona səfər edib və yalan bəyanat verib. Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Xarici İşlər Nazirliyindəki mətbuat konfransında yalan açıqlama ilə çıxış edib. Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə “Real” Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib. 

Əslində isə ona qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, bu görüşdən imtina edib.  Ermənistanda Qarabağı könüllü şəkildə tərk etmiş şəxslərlə “qaçqın” kimi görüşən nazirə Azərbaycandakı məcburi köçkünlərlə də görüş təklif olunub, amma o, görüşdən imtina edib. Bu azmış kimi yalandan guya görüşdüyünü bildirib.

Almaniyanın naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi. Qarabağdan çıxan ermənilər öz xoşları ilə oranı tərk ediblər. İstədikləri əşyaları yanlarına alıb, avtobusa, maşınlara əyləşərək oradan çıxıblar. Bizim məcburi köçkünlər isə şəhid verib, əli-ayağı yalın, güllə altında yurdlarından məcburi formada çıxarılıblar. Ona görə də  bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir. Almaniya kimi dövlətin bu səviyyədə xarici işlər nazirinin olması təəssüf doğurur.

Berbokun hamının gözü qarşısında Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşməsi haqda yalan danışması nəinki diplomatik qaydalara, ümumilikdə adi insani davranışa belə ziddir.

Bundan başqa Berbok Azərbaycan şəhərlərinin adlarını da təhrif edib. Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert” kimi qeyd edib.

Əslində, Almaniyanın Qarabağla bağlı siyasəti uzun zamandır ikili standartla müşahidə olunur. Almaniya təəssüf ki, Fransanın əlaltısına çevrilib və onun diktəsi ilə oturub-durması nəticəsində müstəqil beynəlxalq siyasət yürütmək iqtidarında deyil. Qranadada Oland Şoltsun Makronla çiyin-çiyinə oturması diqqətlərdən yayınmadı.

Ümumilikdə isə Qərb Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında heç vaxt maraqlı olmayıb. Bunu zaman göstərib, 30 il ərzində yaşadıqlarımız təsdiqləyib.  Ona görə də biz Qərbdən heç də kömək ummuruq. Lakin qanunsuzluq, bu cür davranışı da görmək istəmirik.

Uzun illər Almaniya Avropa İttifaqında Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli yanaşması ilə seçilən ölkə idi. Keçmiş kansler Angela Merkel Azərbaycanla münasibətlərə xüsusi önəm verirdi və Qarabağla bağlı problemin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmasını dəstəkləyirdi. Eləcə də Almaniya Bundestaqı məhz suverenlik prinsipini dəstəkləyən bir neçə qətnamə qəbul edib və orada işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi vurğulanıb. İndiki məqamda isə Berbokun bu cür davranışı təəssüf doğurur.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR