İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi azərbaycanlılar BMT-dən İrəvana missiya göndərməsini istədi

367 12.04.2023 09:28 Siyasət A A

Qərbi azərbaycanlıların hüquqları məsələsi artıq BMT-nin gündəminə daxil edilmiş məsələ sayıla bilər

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib.

Məktubda bildirilir ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb: “Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Öncə qeyd edək ki, geri qaytarma ən yaxşı şəkildə müvafiq beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verdikdə təmin edilir. Qayıdış prosesi beynəlxalq ictimaiyyətdən müvafiq təhlükəsizlik, humanitar və sosial-iqtisadi yardım tələb edəcək. Geri qayıtmış əhalinin yenidən qovulmasının, onlara qarşı ayrı-seçkiliyin və zərərin qarşısını almaq üçün beynəlxalq sülhü qoruma, monitorinq, hesabatlılıq, müdaxilə və digər zəruri fəaliyyətlər zəruri olacaq. Qayıdanların davamlı reabilitasiyasını və yenidən inteqrasiyasını təmin etmək üçün beynəlxalq nəzarət altında müvafiq yenidənqurma və barışıq tədbirlərinə ehtiyac duyulacaq. Bir daha qeyd etmək istərdik ki, bizim təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun təmin edilməsinə dair Ermənistandan qanuni tələbimiz bu ölkənin ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirəcək şəkildə yanlış tövsif edilə bilməz. Biz insan hüquqlarına və insanların qanun qarşısında bərabərliyinə inanırıq. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir. Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz:

- ümumi vəziyyəti qiymətləndirmək, təhlükəsiz və ləyaqətlə könüllü qayıdışa əlverişli şəraitin yaradılması üçün addımlar müəyyən etmək;

- beynəlxalq humanitar yardım və uzunmüddətli reabilitasiya, reinteqrasiya proqramları kimi repatriasiya prosesinin ehtiyaclarını müəyyən etmək;

- geri qayıdan azərbaycanlıların hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini, onların reinteqrasiyasını təmin etmək üçün Ermənistanın həyata keçirməli olduğu qanunvericilik və icraedici tədbirləri, habelə barışığa nail olmaq üçün atmalı olduğu addımlarını müəyyən etmək;

- Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək, zərər vurulmuş və məhv edilmiş irs nümunələrinin bərpası üçün tələb olunan addımları müəyyən etmək;

- azərbaycanlılara məxsus qanunsuz zəbt olunmuş əmlakın inventarlaşdırılmasını aparmaq;

- münaqişənin Ermənistandakı evlərini tərk etməyə məcbur qalmış etnik azərbaycanlıların hüquqlarına təsiri barədə məlumat toplamaq;

- Ermənistanın qovulmuş azərbaycanlı sakinlərinin bu ölkədəki evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni irsini ziyarət etmələrinə imkan yaradan etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək;

- repatriasiyanın dəstəklənməsi məqsədi ilə beynəlxalq aləmin mümkün təhlükəsizlik rolunu müəyyən etmək üçün təhlükəsizlik vəziyyətinin texniki-səhra qiymətləndirməsini həyata keçirmək".

Ümumiyyətlə, son bir neçə ayda Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlara arda-arda bu tipli müraciətlər göndərir. Belə müraciətlərin hansı əhəmiyyəti var və nə zamansa hansısa nəticələri ola bilərmi? Ermənistan cəmiyyətində Qərbi Azərbaycan İcmasının bu cür müraciətlər və sənədlər vasitəsilə müəyyən narahatlıqlar yaratması əsaslıdırmı?

Oktay Qasımov

Qərbi Azərbaycandan olan politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Qərbi Azərbaycan İcmasının BMT daxil olmaqla, digər bir sıra beynəlxalq təşkilatlara göndərdiyi müraciətlər şübhəsiz əhəmiyyətli sənədlərdir. İlk olaraq o baxımdan 35 il öncə Ermənistandan qovulan 250 mindən artıq soydaşımızın hüquqları ilə bağlı məsələlər gec də olsa gündəmə gətirilir və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur: “Beynəlxalq ictimaiyyət hələ sovetlər dönəmində keçmiş SSRİ ərazisində baş verən etnik təmizləmə siyasəti ilə tanış edilir və bu məsələlər beynəlxalq gündəmə çıxarılır. Yəni məsələnin əsas önəmli qismi bu gün üçün bundan ibarətdir. Digər tərəfdən, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər və bu münasibətlərin kompleks həlli üçün vaxtilə Ermənistan adlanan ərazidən qovulmuş soydaşlarımızın hüquqlarının bərpasının zəruri olduğu meydana gəlir. Bu baxımdan da məsələnin önəmli tərəfi var. O ki qaldı başlanan prosesin nəticələrinin olub-olmayacağına, istənilən nəticəni almaq üçün sistemli, ardıcıl, kampaniya xarakteri daşımayan iş aparılmalıdır. Hesab edirəm ki, qısa müddətdə bu istiqamətdə müəyyən addımlar atılıb və bu addımlar sistemli xarakter almağa başlayır. O cümlədən BMT-nin üzvü olan ölkələrin təmsilçilərinə Qərbi Azərbaycan İcması ilə bağlı məlumatlar və onun müraciətləri təqdim olunur. Qərbi azərbaycanlıların hüquqları məsələsi artıq BMT-nin gündəminə daxil edilmiş məsələ sayıla bilər”.

O.Qasımov qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının formalaşdırılması və onun beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər, göndərdiyi sənədlər Ermənistan cəmiyyətində bir həyəcan, təşviş yaradır. Hətta Ermənistan hakimiyyəti narahatlığını rəsmi çıxışlarda ifadə ediblər. Onlar Ermənistan dövlətinin azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya həyata keçirməsi faktının, nəhayət, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların gündəminə gətirilməyə başlanmasından həyəcanlanırlar: “Çünki nə qədər böyük bir cinayətə yol verdiklərini bilirlər və düşünürlər ki, Azərbaycanın başlatdığı proses Ermənistanın beynəlxalq səviyyədə ifşası ilə nəticələnə bilər. Ermənilər ənənəvi böhtanlarını bu məsələdə də nümayiş etdirir, bəyan edirlər ki, Qərbi Azərbaycan İcmasının yaradılması və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər guya Ermənistana ərazi iddiasıdır. Ermənilərin bu hay-küyünün əsası yoxdur. Azərbaycanın qaldırdığı məsələ insan haqları və təhlükəsizlik məsələləri ilə bağlıdır. Qərbi Azərbaycan İcması BMT-yə müraciət edərək xahiş edir ki, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın təhlükəsiz şəkildə tarixi vətənlərinə, evlərinə geri dönüşü ilə bağlı addımlar atsın. Bu da tamamilə beynəlxalq hüquqa tamamilə uyğundur. Çünki azərbaycanlılara qarşı etnik təmizləmə çox da uzaq olmayan keçmişdə baş verib və etnik təmizləməyə məruz qalmış yüz minlərlə insan və onların övladları həyatdadır, onların öz vətənlərinə, evlərinə qayıtması hüququ var. BMT onların bu hüquqlarının bərpası üçün addımlar atmalıdır. Azərbaycanın istədiyi budur”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR