İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Pekindən mövqe dəqiqliyi istəyir - Çin və Hindistan Rusiyanı dəstəkləyəcəkmi?

1029 07.04.2022 09:20 İqtisadiyyat A A

Çin şirkətləri Rusiyada böyük imtiyazlar almaq üçün hərəkətə keçiblər

Ukraynada müharibə davam etdikcə, Qərbin Rusiyaya qarşı sanksiyaları kəskinləşir. Artıq ABŞ-ın ardınca Avropa Birliyi Rusiyadan enerjidaşıyıcılarının idxalına məhdudiyyət tətbiq etməyə başlayıb. İlkin olaraq 4 milyard avroluq kömür alışı dayandırılır. Avropa Şurasının sədri Şarl Mişel bəyan edib ki, əvvəl-axır Rusiyanın neft-qazından da imtina olunacaq.

Enerjidaşıyıcıları ilə yanaşı Rusiya gəmilərinə Avropa Birliyi sularına daxil olmaq qadağan edilir, Belarus və Rusiya avtomobillərinin birlik ərazisində hərəkəti məhdudlaşdırılır.

Bu qədər ağır sanksiyalara məruz qalan Rusiyaya hansı dövlətlərin dəstək verəcəyi hazırda ciddi şəkildə müzakirə olunmaqdadır. Müzakirələrdə iki böyük dövlətin sanksiyalara baxmayaraq Rusiya ilə neft-qaz və digər məhsullar üzrə ticarəti davam etdirəcəyi qeyd olunur. Bunlar Hindistan və Çindir. Qərbin, xüsusilə də ABŞ-ın kəskin sanksiyalarına məruz qalan İrana münasibətdə məhz bu iki ölkə dəstək nümayiş etdirib. Çin hətta 2021-ci ildə İranla 300 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb ki, sənəd İranın neft-qaz, neft-kimya sektoruna böyükhəcmli investisiyaları nəzərdə tutur. Buna görə də analitiklərin bir çoxu bu iki dövlətin indi də Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını, həmçinin Moskvanı dəstəkləyəcəklərini gözləyirlər.

Lakin İranla Rusiyanın belə müqayisəsində ciddi bir məqamı nəzərə almaqda fayda var: İran heç bir ölkəyə hərbi müdaxilə etməmişdi. Rusiya isə Ukraynaya hərbi müdaxilə ilə özünü kifayət qədər çətin vəziyyətə salıb. Hazırda bu ölkəni dəstəkləmək faktiki olaraq Ukraynaya hücumu dəstəkləmək anlamına gəlir. Digər tərəfdən, Çinin Rusiya ilə yanaşı Ukraynada da ciddi iqtisadi maraqları var. Buna görə də müharibə başlayandan bəri Çinin sərgilədiyi münasibət kifayət qədər balanslıdır: Pekin nə Rusiya banklarına qarşı qadağalardan kənara çıxmır, nə də bu ölkəyə yüksək texnologiyaların ixracını dayandırmır. Yəni harada mümkündür, o istiqamətdə Rusiya ilə əlaqələri davam etdirir, hətta daha da genişləndirməyə çalışır. Eyni zamanda Ukraynın ərazi bütövlüyünü dəstəklədiyini açıq mətnlə bəyan edir.

Hindistan və Çinin xüsusi nümayəndələri arasında Hindistan-Çin sərhəd  bölgəsində baş verən son hadisələrə dair danışıq aparılıb

Çinin belə balanslı siyasətinin nə qədər davam edəcəyi ciddi sual altındadır. Belə ki, bu həftə ərzində həm ABŞ, həm də Avropa Birliyindən Pekinə öz mövqeyini dəqiqləşdirmək çağırışı səsləndirilib. Belə ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dünən Avropa Parlamentindəki çıxışında Çinin Ukraynadakı vəziyyətlə bağlı dəqiq mövqe tutmasının gərəkdiyini bildirib: “Avropa İttifaqı Pekini Ukraynadakı vəziyyətlə bağlı daha dəqiq mövqe bildirməyə çağırır, həmçinin digər ölkələrin də Brüsselin Rusiyaya qarşı sanksiyalarına hörmətlə yanaşacağını gözləyir. Hazırkı şəraitdə heç kim neytral mövqe tuta bilməz. Buna görə də digər dövlətlərin ən azı Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan yan keçməyə çalışmayacağını gözləyirik. Keçən cümə günü (aprelin 1-də) sammitdə bizim Çinə əsas çağırışımız bu olub”.

Avropa Komissiyası rəhbəri əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Çinin beynəlxalq səviyyədə sülh və stabilliyin dəstəklənməsində xüsusi məsuliyyəti var.

No nation is more important than India as US seeks to counter China: Think  tank

Aprelin 5-də ABŞ prezident administrasiyasının mətbuat katibi Cen Psaki bildirib ki, ölkəsi Hindistanı Rusiyadan enerjidaşıyıcılarının alışını artırmaq fikrindən daşındırmağa çalışır. Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinqhin Yeni Dehliyə səfərinin məqsədi məhz bu olub. Amerika rəsmisi Hindistan rəhbərliyinə Rusiya neftinin və digər enerjidaşıyıcılarının daha çox alınmasının bu ölkənin dövlət maraqlarına cavab vermədiyini çatdırıb.

ABŞ tərəfinin məlumatına görə, hazırda Rusiya nefti Hindistanın neft idxalının 1-2 faizini təşkil edir.

Psaki həmçinin qeyd edib ki, ABŞ Çinin də Qərb tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara əməl edəcəyinə inanır. Eyni zamanda Pekinin Ukraynın Buça şəhərində Rusiya hərbçilərinin törətdiyi qətliama münasibətdə tutduğu mövqenin doğru olmadığını vurğulayıb.

Göründüyü kimi, artıq Qərb Çindən öz mövqeyini dəqiqləşdirməsini tələb etməyə başlayıb. Böyük ehtimalla, yaxın həftələr ərzində bununla bağlı Çinə yönəlik tələblər daha da artacaq.

中国の王毅外相「米露協議を」 シリア情勢、対話呼び掛け - 産経ニュース

Qeyd edək ki, martın sonlarında Çin xarici işlər naziri Van İ bəyan edib ki, ölkəsi Rusiya ilə münasibətləri yeni səviyyəyə çatdırmaq və əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bundan əlavə, Çinin dövlət rəsmiləri ABŞ-ın Ukrayna böhranını sanksiyalar deyil, danışıqlar yolu ilə həll etməli olduğunu səsləndirirlər. Bu baxımdan, Çinin yaranmış vəziyyətdə Rusiya ilə ticarəti artıracağı gözləniləndir: bütün dünyaya ucuz mal satan ölkənin xammalı da ucuz alması lazımdır. Bu baxımdan, Pekinin yaranmış vəziyyətdən iqtisadi baxımdan maksimum yararlanmağa çalışacağı realdır. Və artıq buna başlanıb da. Rusiyanın rəsmi statistikasına əsasən bu ilin mart ayında Çinlə dəmiryol vasitəsilə konteyner daşımaları 24 faiz artıb. Lakin bundan artığının reallaşması mümkün deyil, çünki BAM və Transsibir dəmiryol xətlərinin potensialı imkan vermir. Halbuki Avropa Birliyi və Böyük Britaniya limanları Rusiya gəmilərinə bağlı olduğuna görə xüsusilə payız-qış aylarında (Şimal dəniz yolu buz bağlayanda) daşımaların yeganə yolu dəmiryol və avtomobil nəqliyyatına bağlıdır. Rusiya ilə Çin arasında Sibir çöllərindən keçməklə avtomobil daşımalarını qurmaq mümkünsüzdür. Dəmiryolu potensialını artırmaq üçünsə milyardlarla dollar investisiya, illərlə vaxt, nəhəng insan resursları lazımdır. Vaxtilə hazırda mövcud olan iki xətt məhz SSRİ respublikalarının resursları hesabına on ildən yuxarı müddət ərzində tikilmişdi. Hazırda Rusiyanın belə imkanları yox dərəcəsindədir.

Çinlə Rusiyanı yaxınlaşdıran amillər hansılardır?

Rusiyadan Çinə mal daşınmasında mühüm vasitələrdən biri Şimal dəniz yoludur. Buzlaşma olmadığı fəsillərdə bu yolla daşımaları əhəmiyyətli şəkildə artırmaq mümkündür. Nəzərə alsaq ki, Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan edilir, o zaman Asiyaya daşımaların artırılması üçün imkanların daha da artacağını söyləmək olar. Rusiya ekspertlərinin açıqlamalarına görə, normal logistika imkanları olarsa, Çin Rusiyanın dəmir filizi və mis ixracının tamamını almaq imkanındadır. Belə ki, Rusiyanın dəmir filizi ixracı Çinin idxalının 1 faizini, misi isə 7 faizini təşkil edir. Rusiyanın nikel ixracının həcmi Çinin bu məhsul üzrə idxalının 30 faizinə bərabərdir. Alüminium ixracı isə Çinin alışlarının 100 faizi həcmindədir. Çin hazırda əlvan metalları dünya bazar qiymətindən yuksəyə alır. Rusiyadan onları daha aşağı qiymətə əldə etmək imkanını Pekinin əldən verməməyə çalışacağı təbiidir.

Çin həmçinin Rusiya neftinin və kömürünün hamısını almaq gücündədir. Lakin bütün bu məhsulları yalnız Çinə və qismən Hindistana satmaq Rusiya üçün nə qədər əlverişlidir? Şaxələnmiş satış bazarları əvəzinə iki bazardan asılı olmaq Moskvaya yaxşı nələrsə vəd etmir. Hələ bu bazarlardan birinin sahibi - Çin dünyada ən amansız ticarət tərəfdaşı kimi tanınırsa, öz məhsullarının tamamını, yaxud mühüm hissəsini belə tərəfdaşa satmaq yalnız Rusiya deyil, heç bir dövlətə sərf etməz. Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində müxtəlif ölkələrə münasibətdə davranışlarından aydın görünür ki, küncə sıxılan Rusiyanın Pekinlə bərabərhüquqlu ticarət qurmaq imkanları sıfıra bərabərdir.

Son 12 ildə Rusiyanın Çinə ixracı ilk dəfə idxalı üstələyib | Banco.az

Yeri gəlmişkən, Çin mətbuatının yazdığına görə, artıq bu ölkənin iri biznesi Rusiyada böyük imtiyazlar almaq üçün hərəkətə keçiblər. Xüsusilə Qərb texnologiyalarının çəkildiyi sahələrdə çalışan Çin nəhəngləri boşalan bazarları qlobal bazar şərtlərindən qat-qat əlverişli şərtlərlə tutmağa çalışırlar. Məsələn, Çin mayeləşdirilmiş təbii qaz (LNG) istehlakçıları bazar qiymətindən böyük endirimlə satılan Rusiya istehsalı xammalı əldə etmək niyyətindədirlər. “Bloomberq”in məlumatlı mənbələrə və treyderlərə istinadən yaydığı məlumata görə, “Sinopec” və “Petroshina” da daxil olmaqla, Çinin dövlət şirkətləri Rusiyadan spot LNG partiyalarını böyük endirimlə almaq üçün təchizatçılarla danışıqlar aparır.

Treyderlərin sözlərinə görə, bu LNG Mərkəzi Asiyadan gətirilən xammalın qiymətinə nisbətən 10 faizdən çox endirimlə satılır. Çinin hazırda isti hava və COVİD-19 qorxusunun azalması səbəbindən bu yanacağın kəskin çatışmazlığı yaşamamasına baxmayaraq, belə ucuz enerji resursunun alınması Pekinə qiymətlərin mövsümi artımından əvvəl rezervuarlarını doldurmağa imkan verəcək.

Onu da qeyd edək ki, Avropa Birliyi Rusiyadan neft alışını da məhdudlaşdırmağa hazırlaşır. Artıq ən yüksək səviyyədə bununla bağlı açıqlamalar verilməkdədir. Bu isə Rusiyanın Asiya bazarlarına yönəlməsi ilə nəticələnə bilər. Hazırda Rusiyanın Urals markalı nefti Avropa bazarlarında Brentdən 40 dollara yaxın aşağı qiymətə təklif edilir. Aydın məsələdir ki, Çin də nefti məhz bu endirimlə almaq istəyəcək. Nəzərə alsaq ki, Rusiya nefti ilə dolu tanker Baltik limanlarından Asiyaya 40 günə çatır, onda bu alverdə Rusiyanın itkisinin hər barelə görə 60 dollara yaxın olacağını söyləyə bilərik.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR