İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb işğalı durdura bilmir - Donbas əldən gedərsə...

4475 09.04.2022 22:31 Gündəm A A

Kiyevə gələn liderlərin qapalı danışıqlarda nələrin müzakirə etdiyi bilinmir, amma mümkündür ki, bu səfərlər Ukraynanı qarşıdakı ciddi ərazi itkisinə psixoloji hazırlamaq  və sifətlərini qorumaq cəhdidir... 

Ukrayna müharibəsində həlledici mərhələ başladığını prezident Zelenski də etiraf edib. Rusiya qoşunlarını Kiyev ətrafından çəkdikdən sonra, Ukrayna paytaxtına gələn qonaqların sayı da artıb. Kiyevdən qayıdan Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell münaqişənin diplomatik deyil, hərbi yolla həllini arzuladığını deyib. "Bu müharibəni döyüş meydanında qazanmaq lazımdır"- Twitter səhifəsində belə yazıb. Heyrətamizdir, ancaq gerçəkdir ki, bir Avropa İttifaqı rəsmisi XXI əsrdə bu cür mövqe ortaya qoyub. Bu gün isə Britaniyanın baş naziri Boris Conson da Kiyevə gəlib.  

6807ba68f7a41fa85181c152c2f8f252.jpg (70 KB)

Kiyevə gələnlərin qapalı danışıqlarda nələrin müzakirə etdiyi bilinmir, amma nədənsə, bu səfərlər mənə Ukraynanı qarşıdakı ciddi ərazi itkisinə psixoloji hazırlamaq kimi görünür. Allah eləsin yanılım, amma bu səfərlər Qərbin işğala qarşı çarəsiz çırpıntılarına, sifətini saxlamaq cəhdinə daha çox oxşayır. Çünki Avropa Birliyi bütün mümkün sanksiyaları tətbiq edib, onlar da Kiyevin tələbləri qarşısında necə deyərlər, tükəniblər. Slovakiya SSRİ dövründən qalma olsa da, S-300 havadan müdafiə sistemini Ukraynaya verdi, ağır texnikadan başqa digər silahlarlarda heç bir problem yoxdur. Amma belə görünür ki, ölkənin şərqindəki vəziyyəti Ukraynanın xeyrinə dəyişmək bəlkə də artıq mümkün deyil. Bunun anonsu Kiyev rəsmilərinin dilindən də səslənməkdədir. Zelenski bir müddət əvvələ kimi deyirdi ki, Qərb müharibəni dayandıra bilər, filan-filan sanksiyalar olsun. Oldu da. Bunlar bəlkə Rusiyanın hərbi strategiyasını dəyişməyə məcbur etdi, Kiyev ətrafından çəkilsə də,  müharibəni dayandırmadı. Zelenski alman nəşrinə son müsahbəsində deyib ki, müharibəni indi ancaq Putin dayandıra bilər. 

large_2TA11mTTyVUH43EY.jpg (93 KB)

Əgər Ukrayna Donbası itirsə, bu Qərbin də ayağına yazılacaq, Zelenski bu boyda məsuliyyəti üzərinə götürəsi deyil. Avropa İttifaqın da artıq çatlaq səslər artıb. Polşanın Makrona “niyə Putinə zəng edirsən” iradından sonra Fransa ilə münasibətləri korlanıb, qazı rus rubluna almağa razılaşan Macarıstanla isə Varşava diplomatik əlaqələri kəsmək istəyindədir. Macarıstana Avropa İttifaqı daxildə etiraz edən dövlətlər var. Almaniya Rusiyanın enerji asılılığından qurturlmaq üçün 2024-cü ilədək vaxt istəyib, Avstriya isə 90 faiz asılıqdan   heç cür qurtula bilməz…

Putin yaxşı başa düşür ki, Borell kimi boşbağazlar heç nəyi həll etmir, “Dağ Məhəmmədə  sarı gəlmirsə, Məhəmməd dağa tərəf gedəcək”. Bunun üçün isə  Putinə ciddi hərbi uğur lazımdır.     

karta_dnr_lnr.jpg (117 KB)        

Ukraynanın şərqindən gələn informasiyalar kifayət qədər tərəfli olsa da, Kiyev ətrafından geri çəkilən Rusiya qoşunlarının müharibədən üzü bəri ilk ciddi hərbi uğuruna çox yaxınlaşdığı deyilir. Biz müharibəyə uzaqdan baxırıq, amma  yalnız Donbas ərazisini götürsək, aktiv döyüşlər böyük bir ərazini əhatə edir.  

Donetsk (ərazisi 26.517 kvadrat. km) və Luqanskdan (ərazisi 26.683 kvadrat.km) ibarət Donbasda (Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadrat kilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən  Krım(ərazisi 26 min 861 kvadrat kilometr) və  Sevastopulu da(1079 kvadrat kilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadrat kilometr idi. Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 

donbass-war-1280x720.jpg (155 KB)

52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4% təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə 2020-ci ildə administrativ ərazi dəyişiklikləri edilib.  Ağır döyüşlər gedən Mariupol rayonun (ərazisi 2,62 kvadrat kilometr) əhalisi 500 mindən bir qədər artıq olub.   

37 şəhəri olan Luqansk Ukraynanın vilayətləri arasında əhalinin sayına görə altıncı, ərazisinə görə isə 10-cu yeri tutur.

Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.  

 Luqanskdakı qondarma qurum bəyan edib ki, ərazisinin 90 faizini artıq “azad edib”, Donetsk “xalq respublikası” isə Mariuopulun “təmizlənməsinin” tezliklə yekunlaşacağını  deyir. Rusiya bu liman şəhəri tam nəzarətinə almaqla Ukraynanın Azov dənizinə çıxışını bağlayacaq. Artıq nəzarətində olan Xerson vilayətindən keçməklə Rusiyanın Krıma quru yolunu açmış olacaq. Rusiyanın Odessa ilə bağlı planları haqda dəqiq bilgi yoxdur, amma bu vilayəti də almaqla Ukraynanın dənizə (Qara dəniz) çıxışlarını tam bağlaya da bilər. 

1350955.jpg (134 KB)

Hələlik, Rusiyanın nə qədər irəli gedəcəyi haqda yalnız Mariupola tam nəzarət edə biləcəyi halda danışmaq mümkündür. Ukrayna bura əvvəldən ən elit və ən döyüşkən, təxminən 18 min nəfərlik ordu toplamışdı  və bu məğlubiyyət Kiyev üçün həm də canlı qüvvə baxımından ciddi itki sayıla bilər. Ruslar israr edir ki, bir neçə həftədir mühasirədə olan “Azov” dəstələrinin içərisində Britaniyanın, Fransanın NATO-dakı generalları da var. Onları xilas etmək üçün iki dəfə cəhd olsa da, ruslar buna imkan verməyiblər.                 

Donbasın itirilməsi gerçəkləşərsə, bunun Kiyev hakimiyyətində hansı reaksiyalar doğuracağını da proqnozlaşdırmaq çətindir. Məğlubiyyətə görə qarşılıqlı ittihamlar, hakimiyyətdə parçalanmalar olarsa, Rusiyanın planları dəyişə, iştahı da arta bilər. Qərb liderləri görünür, həm də bundan ehtiyat etdikləri üçün Kiyevə səfərləri intensivləşdiriblər... 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR