İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Tatarıstanın xalq şairi Rkail Zəydullanın kitablarının təqdimat mərasimində çıxış edib FOTO VİDEO

435 11.04.2023 16:20 Son xəbər A A

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində “Çağdaş tatar hekayələri antologiyası” və Xalq şairi R.Zəydullanın “Ağ yapıncılı qoca” kitablarının təqdimat mərasimində çıxış edib.

Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyində “Çağdaş tatar hekayələri antologiyası” və Tatarıstan Dövlət Şurasının üzvü, Xalq şairi, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Dövlət Mükafatı laureatı Rkail Zəydullanın “Ağ yapıncılı qoca” kitablarının təqdimat mərasimində çıxış edib.

Tədbirdə Nümayəndəliyin əməkdaşları, Azərbaycan Tatar İcmasının təmsilçiləri, adıkeçən kitabların redaksiya heyətləri, ictimai fəal gənclər iştirak edib.

Tədbirin aparıcısı – MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı məlumat verib ki, Tatarıstan Dövlət Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydullanın hekayələri toplanmış “Ağ yapıncılı qoca” kitabını tanınmış şair-tərcüməçi İlqar Türkoğlu, “Çağdaş tatar hekayələri antologiyası”nı isə Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının magistrantı, Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin başçısı, DGTYB üzvü Məleykə Mirzəli Azərbaycan dilinə uyğunlaşdırıb.

Tatarıstanın Daimi Nümayəndəsi Murad Qadılşin MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanı, Tatarıstan Dövlət Şurasının üzvü Rkail Zəydullanı və bütün tədbir iştirakçılarını salamladıqdan sonra hər iki kitabın məsləhətçisi Q.Paşayevaya və kitabların redaksiya heyəti üzvlərinə Nümayəndəlik adından “Təşəkkürnamə”lər təqdim edib.

Sonra söz MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya verilib. Komitə sədri qardaş xalqlarımız arasında tarixdən gələn, bu gün də davam və inkişaf etməkdə olan möhkəm qardaşlıq, dostluq bağlarından söz açıb. Q.Paşayeva Azərbaycan maarifçilik hərəkatında, qadınların savadlanması, hüquq və azadlıqlarının təmin olunması yönündə fəal olmuş tatar əsilli Azərbaycan qadın ictimai xadimlərinin, maarifçilərinin adını çəkib, onların irsinə ehtiram ifadə edib. Hənifə Məlikova-Abayevanın, ünlü Terequlovlar (Tanrıqulovlar) nəslinə mənsub olan Azərbaycanlı sənətçilərin haqqında dərin məhəbbətlə danışan Q.Paşayeva, daha sonra Abdulla Tukay – Nəriman Nərimanov dostluğundan, Tukay və Musa Cəlil yaradıcılığının Azərbaycanlılar tərəfindən öz ədəbilərimizin yaradıcılığından ayırmadan qəbul görməsindən söz açıb.

O, kitabların gün üzü görməsini və Tatarıstanın Azərbaycandakı nümayəndəliyində təqdimatını, Tatarıstan Yazıçılar Birliyi başqanının təqdimata təşrif buyurmasını önəmli ədəbi-mədəni, ictimai hadisə kimi dəyərləndirib və kitabların ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. Q.Paşayeva təqdim olunan nəşrlərin Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə dəyərli töhfə olduğunu deyib.

Q.Paşayeva Rkail Zəydullaya xatirə hədiyyəsi təqdim edib.

“Çağdaş tatar hekayələri”nin, habelə özünün Azərbaycanda ilk kitabının gün üzü görməsindən məmnunluğunu bildirən Xalq şairi Rkail Zəydulla, Q.Paşayeva və Ə.Qoşalıya Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmədşinin “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını, hər iki kitabın redaksiya heyətinin digər üzvlərinə Tatarıstan Yazıçılar Birliyinin “Təşəkkürnaməsi”ni təqdim edib.

Sonra M.Mirzəli, İ.Türkoğlu, M.Osmanoğlu çıxış edib, ürək sözlərini bölüşüb.

Onu da vurğulayaq ki, DGTYB, ABAİ İB, RHİMİB və “Gözəl Yaşam Mərkəzi”nin ortaq nəşri olan, 31 yazıçının hekayələrindən ibarət “Çağdaş tatar hekayələri”nin redaktoru və önsözünün müəllifi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının Dos.Dr. Məti Osmanoğlu, məsləhətçiləri Q.Paşayeva, R.Zəydulla, RHİMİB sədri Arzu Bağırova, rəyçiləri AYB-nin katibi Səlim Babullaoğlu, Tatarıstan YB üzvü Fatih Kutlu, DGTYB başqanı İntiqam Yaşar və İ.Türkoğludur.

R.Zəydullanın hekayələr kitabının məsləhətçiləri Q.Paşayeva, DGTYB Məsləhət Şurasının üzvü İsmət Orucəliyev, rəyçiləri “MİMAR” İB başqanı, DGTYB Məsləhət Şurasının üzvü Yılmaz Okuklu, redaktoru şair-publisist Rəbiqə Nazimqızı, rəssamı Nəvai Metindir. Hər iki kitabın layihə rəhbəri Ə.Qoşalıdır.

Sonda R.Zəydulla və kitabların uyğunlaşdırıcıları oxucular üçün kitab imzalayıb.

Arzu edənlər izləyə bilərlər: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR