İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilərimizin ölməməsi üçün davamlı reabilitasiya mərkəzləri təklifi

819 07.09.2022 10:10 Sosial A A

Daha bir qazi özünü yandırıb.  Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov intihar edib. İddialara görə, Vətən müharibəsindən sonra bugünədək özünə qəsd edən qazilərin sayı 40-a yaxınlaşır. Onların özünəqəsd səbəbləri əsasən sosial problemlərlə bağlıdır.

Ancaq bir çox ekspertlər hesab edir ki, burada səbəblərdən biri müvafiq qurumların fəaliyyətsizliyi, laqeydliyidirsə, ən mühüm səbəb qazilərin aldıqları psixoloji travmalardır. Bəllidir ki, qazilərimizin bir çoxu posttravmatik stress pozğunluğundan əziyyət çəkir və onlarla təcili iş aparılmalıdır. Bu gərginlikdə olan qazilər sosial problemlə üzləşəndə, bu da artıq tətikləyici amilə çevrilir və ağır faciə baş verir. Bu səbəbdən təklif edilir ki, qazilərimiz üçün ayrıca və davamlı fəaliyyət göstərən psixoloji reabilitasiya mərkəzləri yaradılmalı, müvafiq olaraq qurumların təmsilçiləri və psoxiloqlar onları evlərində də ziyarət etməlidir və s. Bu təklifi ən qısa zamanda reallaşdırmaq mümkündürmü?

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:

“Öncə onu dəqiqləşdirək ki, qazi deyəndə kimi nəzərdə tuturuq. Bəli, qazi sözü rəsmi statusda deyil, yalnız ictimaiyyət arasında deyilən sözdür. Qazi adətən müharibədə yaralanmış şəxslərə deyilir, bizim rəsmi dildə isə bu müharibə veteranı və yaxud əlili adlanır. Lakin biz başa düşməliyik ki, fiziki yara almayan şəxs müharibə zamanı psixoloji travma aldığına görə o da qazi hesab olunmalıdır.  Buna əsaslansaq, təxminən 11 min yaralımız varsa, elə bu say qədər də müharibə travması almış, hansı ki biz buna posttravmatik deyirik, şəxslərimiz var. İndi onu da təsəvvür edək ki, bu qədər posttravmatik sindromu yaşayan şəxslərimiz varsa, xeyli sayda da onlarla işləyəcək peşəkar psixoloqlar lazımdır.

Doğrudur, ölkəmizdə müharibə travması almış şəxslərə pis-yaxşı psixoloji dəstək göstərilir, amma say azdır və bunu fiziki baxımından çatdırmaq mümkün deyil. Sizinlə razıyam ki, bu reabilitasiyanı mütəmadi aparmaq lazımdır, yəni bir-iki görüş konsultativi, dərmanla bu məsələni həll etmək mümkün deyil.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə: “Ölkəmizdə müharibə travması almış şəxslərə pis-yaxşı psixoloji dəstək göstərilir, amma... ”

Bu gün reabilitasiya mərkəzləri formalaşmağa başlayıb, lakin problem ondadır ki, onlar böyük şəhərlərdədir, yəni Bakıda, Gəncədə və çox az sayda hansısa rayon mərkəzlərində yerləşir. Kənddə yaşayan müharibə iştirakçıları bu yardımı ya ümumiyyətlə ala bilmir, ya da ara-sıra hansısa mərkəzlərə gedir. Amma qeyd etdiyim kimi, reabilitasiya üçün daha böyük və daha mühüm işlər aparılmalıdır. Üstəlik, göstərilən psixoloji dəstəklərdə pərakəndəlik var. Yəni kim necə bacarırsa onu edir. Bunun üçün  mərkəzləşdirilmiş proqram və yalnız bu proqram üzrə işləmək lazımdır. Və ən əsası, psixoloqlar hazırlanmalıdır, hər psixoloq bunu bacarmır. Əgər psixoloqun müharibə iştirakçısı ilə işləmək təcrübəsi yoxdursa, o, keyfiyyətli köməklik edə bilməyəcək. Bəli, bacardığını edəcək, amma etdiyi köməklik natamam olacaq.

Başa düşürük ki,  bu problem getdikcə artır və onun qarşısını almaq üçün indidən kadr hazırlamalı, mərkəzlər açmalıyıq.

Deyim ki, təkcə psixoloji yardımla məsələ həll olunmur, paralel olaraq həmin mərkəzlərdə hüquqşünaslar da olmalıdır. Çünki müharibə iştirakçılarına hüquqi köməkliklər, vəkillər də lazımdır. Həmçinin bu məsələdə sosial işçilərə ehtiyac var ki, onlar qazilərin sosial problemlərinin həllində köməklik göstərsinlər. Qazilər üçün kurslar açılmalı, onların hansısa peşələrə yiyələnməsi üçün şərait yaradılmalı və sözsüz ki, işlə təmin edilməlidir".

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli: “Bu məsələdə təkcə psixoloji deyil, həm də maddi problemlər var”

Hərbi ekspert Ramil Məmmədli də mövzu ilə bağlı danışıb:

“Bu mövzu dəfələrlə müzakirə edilib, mən də fikirlərimi bildirmişəm. Təbii ki, müharibə iştirakçılarına olan münasibətdə təkcə hökumət, dövlət  qurumlarının deyil, yerli ictimai təşkilatların, vətəndaşların da mühüm rolu var. Burada ən əsas isə əlbəttə ki, hökumətin, aidiyyəti qurumların müharibə iştirakçılarına olan diqqətidir. Onlar müharibə iştirakçılarıdır, müharibədə travmalar alıblar. Bu problem bütün müharibə görmüş ölkələrdə var. Lakin bunun sosial problemlər səbəbindən olması artıq hökuməti maraqlandıracaq  problem olmalıdır.

Bildiyimiz kimi, Vyetnam müharibəsindən sonra Amerikada yüzlərlə döyüşçü intihar edib. Eləcə də İkinci Dünya müharibəsindən sonra müharibədə iştirak etmiş ölkələrin vətəndaşları arasında intihar hadisələri olub.

Düşünməliyik ki, bu problemin həlli hansı formada olmalıdır. Müharibə iştirakçılarının istirahəti, onların reabilitasiyası üçün şərait yaradılmalı, maddi problemləri maksimum şəkildə həll olunmalıdır ki, bu cür problemlər yaşanmasın. Əks halda, müharibə iştirakçıları arasında intihar hallarınının sayı azalmayacaq və bu çox ciddi narahatlıq doğuran məsələdir.

Bir daha qeyd edirəm ki, əgər bu problem bir tək psixoloji problemlə bağlı olsaydı, məsələyə bir qədər fərqli yanaşmaq olardı, lakin burada həm də maddi problemlər var və bunu etiraf etmək lazımdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR