İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilər hambal sayılanda

1564 14.06.2023 10:57 Yazarlar A A

 

Yaxud bəzi adamlar kaş heç mayalanmazdı

Milli Məclisdə büdcə müzakirə edilərkən deputat Səyavuş Novruzov maliyyə naziri Samir Şərifova belə deyib: “Hörmətli Samir müəllim, hamıya pul ayırırsınız, qazilərin də "bir abbası"sını verməyi sizdən xahiş edirəm. Qarşıdan 26 iyun, Azərbaycan Ordusunun yaranma günü gəlir və bu ərəfədə qaziləri sevindirmək olar. Harada görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz".

Bunu yapçı deputatın qazilərə diqqəti saymaq olarmı? Yox. Əksinə, burada Səyavuş müəllim vətən uğrunda savaşıb can qoyan insanları ələ salmışdır. Çünki Azərbaycanda hər kəs bu “bir abbası” mövzusunun mənbəyini bilir. Yalan olmasın, bunu hətta azərbaycançılıq testi saymaq olar, kiminsə buralı olduğunu, Azərbaycanda doğulub-böyüdüyünü yoxlamaq istəsən sual ver ki, “bir abbası” nə deməkdir, əgər tapmasa, deməli, yadellidir. Mövzu isə dahi Üzeyir bəyin ölməz “O olmasın, bu olsun” operettasından gəlmədir. Orada Məşədi İbad adaxlıbazlığa gedəndə hasardan baxmaq üçün hambala 1 abbası verir, hambal onun ayağı altına uzanır. Hasar üzərindən Sərvərlə dialoqda əsəbləşir, ayağını çırpır, nəticədə hambal deyir ki, Məşədi, belimi qırdın, əlavə 1 abbası da verəcəksən. Lakin əsərin sonuna qədər hambal o 1 abbasını Məşədidən ala bilmir.

Bunu həm də ona görə izah elədim ki, deputat Novruzov qazilərimizin vətən yolunda xəsarət almasını hambalın başqasının adaxlıbazlığına gedərkən zədələnməsi ilə eyniləşdirib. Sanki Milli Şuranın üzvüdür və işarə edir: “He-he, sizə bu da azdır, niyə hökumətin sözünü eşidib vaxtilə davaya qalxırdınız, indi bu günə qalmısınız, 1 abbasıya möhtacsınız”. Xatırladıram, abbası Şah Abbasın dövründən qalma pul vahidi olsa da, son yüzillikdə bizdə adətən 20 qəpik ekvivalentində pula deyilib.

Hökumətimizin qazilərə, müharibə veteranlarına yüksək qayğısı fonunda Milli Məclisdə qaziləri təhqir etmək düzgün deyildir. Bir zamanlar bu temalara görə o territoriyada damarını doğrayan oğlanlar olmuşdur. Yəni hər mövzuda ağzına gələni danışmaq olmaz. Üstəlik, Səyavuş müəllimin özü Birinci, İkinci dünya savaşlarının, Yəməndə vətəndaş müharibəsinin, Əfqanıstan, Çeçenistan, Donbas münaqişələrinin, Çində Boksyor üsyanının, İspaniyada Korrida döyüşlərinin iştirakçısı, veteranı olduğu üçün (xalqımız onun medallarının sayını itirmişdir) qazi mövzusuna həssas yanaşmaq mənəvi borcudur. Bəs niyə belə edir, heç anlamıram. Yəqin istilər tez düşüb.

Yeri gəlmişkən, həmin gün Səyavuş müəllim ölkəmizdə uşaq artımının da qarşısına çıxmaq istəmişdir. Sanki and içib ki, bu gün ancaq dövlətimizin əleyhinə olacağam. Həkim-deputat Rəşad müəllim süni mayalanma haqda qanun layihəsini müzakirəyə çıxaranda yoldaş Novruzov buna etiraz edib. Deyib istəmirəm bizdə belə qanun olsun: “Allah məsləhət bilmirsə, uşaq lazım deyil”.

Allah, ona qalsa, çox şeyi məsləhət bilib, bəyəm yaxşıdır? Məsələn, Ukraynada hər gün qırğındır. Yaxud ermənilər Qarabağa doluşub. Səyavuş müəllim 30 ildir kreslo zanit edir. Və sairə. “Allahın məsləhəti ilə” bu dünyadakı min cür əcaib işi izah etmək olar. Necə ki, vaxtilə - orta əsrlərdə elə Novruzov ağılda keşişlər və mollalar həkimləri tutub öldürürdülər, deyirdilər bunlar Allahın əmrinə qarşı çıxır, adamları ölməyə qoymur. Süni mayalanma hazırda sonsuzluqdan əziyyət çəkən, övlad yiyəsi olmaq istəyənlərin son çarəsidir. Bu tibbi prosedur ilk dəfə 1978-ci ildə Britaniyada tətbiq olunub, həmin uşaq hazırda 44 yaşındadır, dayə işləyir və cəmiyyətə Səyavuş müəllimdən daha çox fayda verir. Ümumiyyətlə, indiyə qədər bütün planetimiz üzrə 8 milyondan çox uşaq süni mayalanma üsuluyla doğulubdur.

Azərbaycan əhalisinin artımı dövlətin diqqət mərkəzindədir. Dünən buna hörmətli Ərdoğan da münasibət bildirdi, arzu etdi ki, azərbaycanlıların hər birinin azı 5 uşağı olsun.

Əhali artımı bütün üsullarla aparılmalıdır. Hərçənd axırda bunlara uşaq pulu və bir abbası vermək lazım gəlir. Bəzilərini isə deputat qoymaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR