İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarşıdakı görüşlərə də üstün gedirik”-Politoloq

385 05.05.2023 18:11 Siyasət A A

“Azərbaycan və Ermənistan XİN başçıları – Ceyhun Bayramov və Ararat Mirzəyan səviyyəsində ilk dəfə ABŞ-da reallaşan çoxgünlük sülh danışıqları başa çatdı. Bu görüşləri müəyyən mənada rekord hesab edə bilərik. Çünki bundan öncə Ki-Vest danışıqları ən üzunmüddətli hesab olunurdu. Lakin ABŞ tərəfi görüşün nəticəsindən razılığını ifadə edir və çox nikbin görünür”.

Musavat.com bildirir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynova məxsusdur. Ekspert bildirib ki, istənilən halda Ermənistan və Azərbaycanın danışıqlarda əldə olunan irəliləyiş təqdir olunmalıdır: “Çünki ABŞ tərəfi Cənubi Qafqazda sülhün əldə olunması üçün bütün imkanlardan istifadə etdi. Şübhəsiz ki, davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq. Amma bizim üçün sülh gündəliyi dəyişməz olaraq qalır”.


İ.Hüseynov bildirib ki, qarşıdakı diplomatik raundun Rusiyanın vasitəçiliyinin iştirakı ilə olmasını da nəzərə almaq lazımdır: “Qeyd edək ki, Rusiya ABŞ-ın iştirakı ilə keçirilən görüşə çox qısqanclıqla yanaşdı və bunu Peskovun açıqlamasında da müşahidə etmək olar. Buna baxmayaraq, Vaşinqton görüşlərini də vaxt itkisi kimi dəyərləndirmək düzgün olmazdı. Görüşü heç də görüş naminə görüş adlandırmaq olmaz. Bununla yanaşı, Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Lakin hazırda qarşıdakı Rusiyanın vasitəçiliyi ilə növbəti raund danışıqlara hazırlaşmaq lazımdır”.

Politoloq qeyd edib ki, digər tərəfdən, Kişinyovda da ali səviyyədə görüşün keçirilməsi ehtimal olunur: “Fransa bu görüşə artıq hazırlıq görür, anons edir, hətta bu yaxınlarda ölkəmizdə səfərdə olan Fransa XİN başçısı Ketrin Kollonna yenə də Laçın yolunda qurulan nəzarət buraxılış məntəqəsindən narazılığını ifadə edib, canlı yayımda çıxışında bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib”.

Ekspert bir məqama da diqqət çəkib: “Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub. Lakin prosesi tam dərk etmək üçün geriyə nəzər salmaqda fayda var. Ötən dövrdə hələ ekoloqlarımızın aksiyası uğurla davam etdi və müvəqqəti dayandırıldı və aksiyaya rəğmən qarın əriməsi ilə torpaq örtüklü yolla silah-sursat, mina daşınması müşahidə olunurdu. Bu gün isə Həkəri çayının üzərində sərhədçilərimiz tərəfindən təhlükəsizlik təmin olunur və nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir. Maraqlarımız siyasi-diplomatik və təhlükəsizlik baxımdan zəmin üzərində təmin olunur. Qarşıdakı görüşlərə də üstün gedirik. Tanrı Azərbaycanı qorusun!”

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR