İnsanlara hürriyət, millətlərə istiqlal!

Qars müqaviləsi Azərbaycanın ziyanına bağlanıb?

1489 21.04.2023 09:55 Siyasət A A

Ekspert: “30 min kvadrat kilometrə yaxın ərazimiz faktiki Ermənistana verilib”

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 657 kvadrat kilometr ərazisi SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilib. “Report”un xəbərinə görə, bu, Naxçıvan Televiziyasının 1921-ci ildə imzalanan Qars müqaviləsinin şərtlərinin və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması barədə apardığı araşdırma zamanı məlum olub. Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsi çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olmaqla yanaşı, muxtar respublikanın ərazi mənsubiyyəti, sərhədlərinin təsbiti və qorunmasına təminat verir.

Lakin Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə qəsdlər olunub, bu müqavilə ilə təsbit edilmiş ərazinin təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib. Belə ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisinin bir qismi, daha dəqiq desək, 657 kvadrat kilometr ərazi qanunsuz olaraq Ermənistana verilib.

Naxçıvanın 657 kvadrat km ərazisi qanunsuz olaraq Ermənistana verilib -  ARAŞDIRMA | KONKRET

Araşdırma zamanı məlum olub ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Ağbinə, Ağxəç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi Ermənistana verilib. 1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana birləşdirilib. Lehvaz, Astazur və Aldərə kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verilib. Təsadüfi deyildir ki, Ermənistana verilmiş Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Bo-loraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar qoymaqla Azərbaycan toponimləri saxtalaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 1929-cu il qərarı Qars müqaviləsinin kobud şəkildə pozulması idi: “Çünki bu qərarla bəhs edilən ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Sonrakı mərhələlərdə də Naxçıvanın 6 min kvadratkilometrdən çox ərazisi 5,5 min kvadratkilometrədək endirildi”.

Elbrus İsayev — Vikipediya

Elbrus İsayev 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə deyib ki, Ermənistan sonradan Qars müqaviləsinin maddələri ilə razılaşmayıb: “Baxmayaraq ki, bütün bunları öz qanunvericilik məclislərində təsdiq etmişdilər. Ermənilər Naxçıvana olan ərazi iddialarını yenidən gündəmə gətirdilər. Həmin dövrdə sovet rəhbərliyinin dəstəyini alaraq Qars müqaviləsinin ləğvi, yaxud sərhədlərin dəyişdirilməsi ilə bağlı çıxış ediblər. Təəssüf ki, bu iddiaların bir qismi həyata keçirildi və 1929-cu ildə Naxçıvanın 12 kəndi ermənilər tərəfindən işğal olundu”.

Sonrakı illərdə Sədərək rayonunun Kərki kəndi də daxil olmaqla, bir sıra ərazilər Ermənistan tərəfindən işğal olunub, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın bir qismi deportasiya olunaraq Naxçıvana köçməyə məcbur edilib.

Tarix elmləri doktoru Emin Şıxəliyev qeyd edib ki, həm Moskva, həm də Qars müqaviləsində ərazisi təsbit olunmuş bir yerin sonradan ermənilərə peşkəş verilməsi qanun pozuntusudur: “Ona görə də Azərbaycan bu gün haqlı olaraq delimitasiya və demarkasiya məsələlərində itirilmiş torpaqlarını gündəmə gətirir”.

Beləliklə, tarixi sənəd və faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, sovet hakimiyyəti illərində Naxçıvanın 12 kəndi Ermənistana verilib, bu kəndlərdən yerli azərbaycanlı əhali çıxarılıb, yer adları dəyişdirilib.

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…”

Oqtay Qasımov 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Qars müqaviləsi 1921-ci ildə bağlanan, Naxçıvanın muxtariyyəti və onun təhlükəsizliyinə təminat verən bir sənəd kimi önəmlidir. Burada Naxçıvanın həm də statusu təsbit olunub: “O ki qaldı Naxçıvanın 657 kvadrat kilometr ərazisinin sovet hakimiyyəti dövründə müxtəlif illərdə Ermənistana bağışlanmasına, bu, əlbəttə, təkcə Naxçıvana aid olan məsələ deyil, ümumiyyətlə, Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərinin əksəriyyətində belə problemlə qarşılaşmaqdayıq. Həm Zəngəzur, həm Göyçə istiqamətində, həm də Qazax-Tovuz istiqamətində sovet dövründə ərazilərimiz Ermənistana bağışlanıb. Dediyim həm də odur ki, Naxçıvanın 657 kvadrat kilometr ərazisinin Ermənistana bağışlanması Qars müqaviləsi ilə əlaqədar deyil. Bu müqavilə Azərbaycanın torpaqlarının Ermənistana bağışlanmasını özündə əks etdirən müqavilə deyil, müqavilədə belə bir bənd, müddəa da yoxdur. Azərbaycan Xalq Cümhuriyyətinin malik olduğu 114 min kvadrat kilometrlik ərazi sovet hakimiyyəti dövründə 86,6 min kvadrat kilometr əraziyə qədər endirilib. Yəni 30 min kvadrat kilometrə yaxın ərazimiz Ermənistana faktiki olaraq verilib, Ermənistan Respublikası adlanan respublika 9 min kvadrat kilometrdən 29 min 800 kvadrat kilometrə qədər genişlənib. Bu cür hallar yeganə hallar deyil. Naxçıvan Muxtar Respublikasında qeyd olunan ərazilərin Ermənistana verilməsi də sırf sovet hökumətinin siyasəti ilə bağlıdır".

Politoloq vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra onun ərazilərinin pay-püşk edilməsi birbaşa Moskvanın göstərişi ilə həyata keçirilib. Azərbaycan SSR adlı nominal dövlət quruluşu da heç bir qərarvermə və hansısa problemi həll etmək hüququna malik olmayıb. O baxımdan, məsələnin Qars müqaviləsinin Azərbaycanın əleyhinə olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Problemin kökündə sovet hakimiyyətinin Azərbaycana qarşı münasibəti, Ermənistanın ərazisinin süni şəkildə Azərbaycan torpaqları hesabına genişləndirilməsi siyasəti dayanır.   

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR