İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarğaya paxıllıq

1989 23.05.2023 12:12 Yazarlar A A

“Qarğa, məndə qoz var”

(məsəl)

Dünən bir videoya baxdım, zəhmətkeşimiz qarğa haqda danışırdı. Deyir qarğa çox intellektual heyvandır, beyninin bədəninin ümumi kütləsinə nisbətində primatlara, o cümlədən insana yaxın canlıdır. “Gilqameş haqda dastanda” Utnapişti dünyanı su basanda öncə göyərçini göndərir, göyərçin fırlanır qayıdır. Bu dəfə qarğanı göndərir, qarğa qayıtmır və başa düşür ki, quru, torpaq haradasa yaxındadır.

Təbii, yuxarıda yazdıqlarım zarafat idi, Tik-tok adlı şeydən paylaşılan videoda isə soydaşımız qarğaya sözün əsl mənasında paxıllıq edirdi (açığı, mən hələ o Tik-tokdan nəsə faydalı bir zad paylaşılmasına rast gəlməmişəm, bəlkə günah məndədir). Zəhmətkeşimiz deyirdi ki, qarğanın 300 il yaşamasının səbəbi ev-eşik, kredit, bahaçılıq dərdi çəkməməsidir. “Məndə də bunlar olmasa o qədər yaşayaram” - təxminən məzmun belə idi. Düşük paylaşımları dəqiqliklə yadda saxlamaq öhdəliyim yoxdur.

Əgər mən radikal müxalifətçi olsam indi belə yazmalıydım: “Ah, vay, gör milləti nə günə salıblar, qarğaya paxıllıq etməyə məcburdur” və sairə. Ancaq yazmıram. Çünki qənaətimə görə insan heç bir halda qarğa-quzğuna paxıllıq etməməlidir. Təbiət səni təkamül nəticəsində o cür yüksək mərtəbəyə gətirib çıxarıb ki, qarğaya həsəd aparasan? Bu heç zarafat olaraq da gülməli deyil. Necə ki, “Bu şəhərdə” cütlüyünün guya İranı ələ saldığı səhnəciyə baxanda şəxsən mənim nəinki gülməyim tutdu, hətta pis çıxmasın, qusmağım gəldi. Məncə, İran əleyhinə o cür səviyyəsiz propaqanda aparmaq elə İrana xidmət eləməkdir.

Başqa yöndən, videopaylaşım kökündən yanlış bilgi üzərində qurulmuşdur. Qarğalar 300 il yaşamır. Ən çox yaşayan qarğanın 70-80 ilə çatması elmə məlumdur, bu da təxminən orta statistik azərbaycanlının ömrü qədərdir. Paxıllıq elənəsi heç zad yoxdur. Uzağı qarğa bizim kimi pensiyaya çıxıb böcəkdən-qozdan nəsə tapıb yeyər.

Qoz demişkən... Əslində mən zəhmətkeşlərimizin qurda-quşa paxıllıq etməsinin milli kökləri olduğu qənaətindəyəm (yəqin bu həm də şamanizm və animizmlə bağlıdır). Məsələn, bizim şimal-qərb bölgəmizdəki rayonların birində kənd var, o kəndin ayaması, ləqəbi el arasında bilirsinizmi necədir? Qarğa bağrı çatladan! Ayamanın yaranmasının tarixçəsi maraqlıdır. Kənd uşaqları bilir, qoz yetişəndə qarğalar bunu yeməyi çox sevirlər. Ağacdan dərir, dimdiyində aparır, hansısa daşlıq, bərk yerə atıb sındırır, sonra ləpəsini yeyir. Bəzən də bir dirəyin başında oturub dimdiyi ilə sındırır. Yuxarıda yazdığım kimi, qarğalar çox ağıllı quşdur. Hətta dünyanın hansısa ölkəsində gizli kamera ilə video çəkmişdilər: qarğa yoldakı piyada keçidində qozu atır, avtomobillər qozun üstündən keçib sındırır. Sonra qarğa gözləyir, qırmızı işıq yanır, maşınlar dayanır, bu zaman enib sınmış qozları yeyir. Qayıdaq kəndimizin hadisəsinə. Orada qarğa qozu aparanda bütün kənd düşüb bunun dalınca, imkan verməyiblər quş haradasa nəfəs dərsin, qozu yesin. Axırda yazıq quşun dayanmadan uçmaqdan ürəyi partlayıb.

İndi adam mübarizə aparmaq, həyatını yaxşılaşdırmağa çalışmaq əvəzinə qarğaya paxıllıq eləyir. Yaxşı ki, qarğalar video çəkə bilmir, bizi biabır edərdilər.

Əslində mən siyasətə qarışmıram, bu yazını da ölkəmizdəki iqtisadi-sosial, zooloji-mənəvi mühiti tərənnüm etmək məqsədilə yazdım. Hara baxsan toy-bayramdır, narazılığa ehtiyac yoxdur. Daha millətə at-eşşək leşi satıldığı əski qara günlər geridə qalmışdır! İndi leşi qarğalar yeyir. Rayonlarda çiyələk festivalı keçirilir. Düzdür, ucuz və dadlı çiyələk qəhətə çəkilib, ancaq əsas festivaldır, çiyələk olmasa da olar. Gilasın kilosu 10 manatdır, nə qədər istəyirsən al, ye. 10 manat da boldur, hökumət dayanmadan pul kəsir, axırı yaxşı olacaq, inşallah. Pul elə şeydir kəsdikcə dəyəri artır.

Dünən Bakı Zooparkında ayının doğum günü təntənəli şəkildə qeyd olunub, ona tort verilib. Halbuki bizim yadımızdadır, ayını kəsib yeyən məmur uşaqları var idi. Gör nə qədər inkişaf getmişdir!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR