İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaragüruh ermənini susduran xanım spikeri hədəfə alıb VİDEO

2323 31.03.2022 09:40 Gündəm A A

Deputatlar Sahibə Qafarovanın müdafiəsinə qalxdılar

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Qazaxıstanın Almatı şəhərində keçirilən MDB Parlament Assambleyası Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verərkən bir dəfə “Azərbaycan Respublikası” deyil, “Azərbaycan SSRİ” ifadəsini işlətməsi sosial şəbəkələrin Azərbaycan seqmentində və saytlarda tənqid mövzusuna çevrilib. Spiker Sahibə Qafarovanın bir ifadəsini böyüdüb ciddi qalmaqala çevirmək cəhdləri açıq görünür. Bir sıra müxalifətçilər və siyasi fəallar Milli Məclis sədrini “Azərbaycan SSR” ifadəsinə görə linç edirlər. Hətta məsələni “31 il müstəqil dövlət olasan, amma hələ məmurun ölkəni azad və müstəqil təsəvvür etməyə,  bu, doğrudan faciədir” kimi şərhlərlə daha da dramatikləşdirməyə çalışanlar da var.

Milli Məclisin deputatları isə sədr Sahibə Qafarovaya qarşı hücum kampaniyasının əsassız və qərəzli olduğunu bildirirlər.

Deputat Aydın Hüseynov bu barədə açıqlamasında bildirdi ki, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın Ermənistan parlamentinin sədrini susdurması sanki özünü azərbaycanlı adlandıran bir qrup qaragüruhçunu narahat eləyib: “Ermənistan parlamentinin sədri Alen Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqda iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz alaraq, bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

İƏT Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, Ermənistana göz dağı  verdi

Aydın Hüseynov

Milli Məclisin sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. Spiker həmçinin deyib ki, ”Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Ermənistan parlamentinin sədri faktiki olaraq susdurulub. Hətta Simonyan sonda Azərbaycanın 5 şərtinin qəbuledilən olduğunu dedi.

Özünü azərbaycanlı sayan bəzi vətəndaşlarımız isə Milli Məclisin sədrinin ermənini geri oturdan qətiyyətli və arqumentli çıxışını alqışlamaq, bunu Azərbaycan adına bir uğur kimi qəbul etmək əvəzinə təəssüf ki, çirkin kampaniya apardılar. Bir texniki yanlışlıq üzündən baş vermiş hadisəni şişirdib böyük faciə kimi qələmə vermək bədxahlıq və qaragüruhçuluqdur. Özləri Azərbaycanın maraqlarının qorunması üçün zərrə qədər bir iş görməyən adamların Azərbaycanı bütün iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdə, konfranslarda ləyaqətlə təmsil edən, ölkəmizin maraqlarına xidmət edən spiker Sahibə xanım Qafarovanı hədəfə almaları hiddət yaradır".

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər”

Deputat Fazil Mustafa isə hesab edir ki, gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə bir çoxları texniki səhvə ilişib qalıb: “Çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gün də onunla eyni qafada olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular və qaragüruçkalar ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir”.

Rəşad Mahmudov koronavirusdan sağalmağın sadə yollarını açıqladı: Bal, çay  və mürəbbə... - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR PORTALI

 Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov isə Facebook hesabında yazıb ki, bəzi sosial media “qəhrəmanları” xanım spikerin iclasda səsləndirdiyi və ölkəmizin milli maraqları üçün vacib olan olduqca əhəmiyyətli cavabını heç nə olmayıbmış kimi bir yana qoyaraq, texniki bir yanlışlıqdan yapışaraq mənasız şou düzəldirlər: “Milli maraqlarımızı əsas vəzifəsi hesab edən Sahibə xanım istər ölkə daxilində, istər xarici ölkələrə səfərləri çərçivəsində xalqımızı ləyaqətlə təmsil edərək fəaliyyəti ilə hər birimizə başucalıgı gətirib.

Mənasız şou düzəldənlər anlamırlar ki, bu, milli məsələdir. Sahibə xanım Qafarovanın Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın sərsəm, mənasız, mahiyyətcə çürük iddialarına özünəməxsus, tutarlı və mükəmməl cavabı erməni yalanının mötəbər tribunada növbəti ifşası ilə nəticələndi.

Spiker Simonyana və iclas iştirakçılarına sübut etdi ki, ordumuz tərəfindən suveren ərazilərimizdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi aparılır.

Buna baxmayaraq, qanunsuz erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərir. Hansısa texniki səhv yox, əsl müzakirə olunası mövzu budur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR