İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağdakı haylar əvvəllər 70% Rusiyanın təsiri altında idilərsə, indi tam təsir altındadırlar”- Müsahibə  

1341 11.09.2023 15:29 Müsahibə A A

Sahib Alıyev: “Cənab Ərdoğanla Paşinyan arasındakı bugünkü telefon danışığı başlarına yenidən “Dəmir Yumruq” endirilməməsi üçün onlara verilən son şansdır”

Son açıqlama və bəyanatları ilə bölgədəki sülh perspektivlərini sual altına qoymuş Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın sərt reaksiyaları və xəbərdarlıqları, atdığı addımların qarşılığında “val”ı dəyişib. Separatçı xunta rejiminin növbəti “seçki” şousu, təklif olunan yardımların qəbulundan imtina olunması, Avropa Birliyinin rəhbər şəxslərinin anormal davranışları, Rusiyanın yürütdüyü siyasət, həmçinin qardaş Türkiyədən İrəvana verilən növbəti xəbərdarlıqlar və digər məsələlərlə əlaqədar deputat Sahib Alıyev Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Sahib bəy, regionda baş verən proseslərə diqqət yetirəndə görürsən ki, sanki havadan yenə “barıt qoxusu” gəlir. Biz bu ilin sonuna kimi sülh anlaşmasının imzalanacağını gözlədiyimiz halda, nədən belə bir reallıqla üzləşdik?

- Təbii ki, Ermənistanın yeritdiyi ağılsız siyasət nəticəsində. Baxın, heç kimə sirr deyil ki, 44 günlük savaşdan üzü bəri, özəlliklə də ötən ilin sentyabrında baş verənlərdən sonra Paşinyan bütün gücü ilə özü qurbana çevrilmədən Qarabağ yükündən qurtulmağa çalışır. Amma bunun reallaşdırılması yönündə atdığı addımlar ziddiyyətlərlə doludur ki, onun da iki səbəbi var. Səbəblərdən birincisi Paşinyanın bir siyasətçi kimi primitivliyi, burnundan uzağı görməməsi, böyük siyasətlə sarı jurnalistikanın fərqli nəsnələr olduğunu, “özfəaliyyət”in və məsuliyyətsiz davranışların birincidə ikincidəkindən qat-qat böyük təhlükələrə- həm də təkcə özü üçün deyil - yol açdığını anlamamasıdır. İkinci səbəb Ermənistanın obyektlikdən çıxaraq beynəlxalq subyektə çevrilə bilməməsidir. Ədalət naminə deyək ki, sələflərindən fərqli olaraq, Paşinyan bu yöndə xeyli cəhdlər də etdi. Amma böyük siyasət sarı jurnalistika davranışlarını sevmədiyindən, onun hərəkətləri əks nəticəyə aparıb çıxardı. Əgər Ermənistan ikinci Qarabağ savaşından öncə bir dövlətin forpostu idisə, indi orada Vardanyanın çirki pullar yuduğu Lixtenşteyn boyda bir neçə forpostun yaranması təhlükəsi var. Artıq təkcə Rusiya deyil, Fransa da, ABŞ da, Paşinyanın Rəisi ilə son telefon danışığı göstərdi ki, hətta İran da Ermənistana öz forpostları kimi yanaşır və ondan maraqlarına uyğun siyasət yeritməyi tələb edirlər. Belə getsə, yəqin Ermənistana “forpostıstan” kimi baxanların arasında biz Hindistanı da görəcəyik. Bax, bu üzdən də hələ keçən ilin sonlarında sülh anlşaması bağlanacağı düşünüldüyü təqdirdə, vəziyyət indiki hala gəlib çıxıb, yəni hər an savaş təhlükəsi var.

- Müharibə böyük risk olmaqla yanaşı, həm də ağır itkilər, fəlakətlər deməkdir. 44 günlük döyüşlərdə sarsıdıcı zərbələr almış Ermənistanın növbəti dəfə ağılsız davranış sərgiləməsi heyrət doğurur. İndiki situasiyada savaş təhlükəsinin olması onun baş verəcəyi deməkdirmi?

- Heç kimə sirr deyil ki, bəli, Azərbaycan savaşa hazırdır. Amma onun baş verməsini istəyirmi? İstənilən halda savaş ölüm və itkilərə yol açacağından təbii ki, istəmir. O da heç kimə sirr deyil ki, regionda savaşın baş verməsini istəməməklə yanaşı, bu yöndə ən çox çalışan da Azərbaycanla Ermənistanı sözdə sülhə səsləyənlər deyil, məhz bizik. Məsələn, biz rejimin ləğvi tələbimiz qarşılığında Xankəndikdəki hərbi xunta “parlament” adladırdıqları yığnaqda özlərinə yeni başsız “seçərkən” həmən yerə raket zərbəsi endirməklə əksəriyyəti separatçı ünsürlərdən ibarət olanları anındaca məhv edə bilərdikmi? Bəli, bilərdik. Bəs niyə etmədik? Ona görə ki, savaş istəmirik, xəstə topulumun sağalmasına çalışır, Azərbaycanda yaşayıb da, bu dövləti görməzdən gəlmək azmış kimi, bizə qarşı düşməncəsinə davranışın yaxşı heç nəyə aparıb çıxarmayacağını dərk edəcəklərini düşünürük. Amma bunun üçün ayrılan zaman artıq bitmək üzrədir. Mən ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ bir neçə ay öncə etdiyi xəbərdarlığa dayanaraq bunu deyirəm. Və təəssüflə onu da bildirərəm ki, bu xəbərdarlıqdan hayların da, onlara geosiyasi alət kimi yanaşanların da düzgün nəticə çıxarmadıqlarını, yeritdikləri siyasətlə Azərbaycanı öz torpaqları üzərində suverenliyini tam təmin etmək üçün yenindən gücə əl atmağa vadar etdiklərini görürük. Mən bir daha vurğulayram ki, çox az vaxtları var, əgər tələbimizə əməl etməsələr, Qarabağdakı qanunsuz rejim və silahlı qüvvələrin ləğvi yönündə əməliyyat başladılacaq. Əgər Ermənistan onun qarşısını almağa çalışacaqsa, bu da yeni savaşa aparıb şıxaracaq ki, onun da məsuliyyəti burunları əzildikdən sonra belə işğalçılıq siyasətindən əl çəkmək istəməyənlərin üzərindədir.

- Paşinyanın son günlər ayrı-ayrı ölkələrin paytaxtlarına, liderlərinə telefon zəngləri gülüş predmetinə çevrilməkdədir. Ölkəyə rəhbərlik edən şəxs öz davranışları ilə özünü gülünc vəziyyətə salıb. Paşinyan Qərb liderləri ilə telefon danışqları sizcə, nə üçündür? Baş verə biləcək savaşın qarşısını almaq məqsədiləmi edilir bu telefon zəngləri?

- Mən qərbdəki bəlli çevrələrin, Paşinyanın son günlər telefon danışığı apardıqlarının çoxunun ikinci Qarabağ savaşından sonra yeritdikləri siyasətin regionda sülhdən çox, qarşıdurmanın qalmasına və hətta daha da güclənməsinə xidmət etdiyi düşüncəsindəyəm. Fransanı, ABŞ-ı demirəm, baxın görün, Azərbaycanın daha çox güvənlə yanaşdığı, ən yüksək səviyyədə jest edərək bu güvəni dilə gətirdiyi Avropa Birliyi necə davranır. Ermənistan baş naziri artıq neçənci dəfədir ki, həmən qurumun başında duran adamın moderatorluğu altında keçən danışıqlarda əldə edilən razılaşmanın üstündən xətt çəkir, ona görə buna etiraz bildirən oldumu? Şarl Mişel ona dedimi ki, sənin Qarabağın Azərbaycanın bir hissəsi olduğunun bildirməndən sonra sentyabrın ikisində oradakı hərbi xuntanı “müstəqillik günü” ilə bağlı təbrik etmən təkcə anormallıq yox, həm də bizə qarşı sayğısızlıqdır. Yəni Avropa Birliyinin son vaxtlar yeritdiyi siyasət, yaydığı açıqlamalar, özəlliklə də onun xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Barrelin davranışları, regionda qarşıdurmanı daha da kəskinləşdirən fikirləri sözügedən quruma olan-qalan güvəni sıfıra endirir. Jozep Barrel ağzını açanda adama elə gəlir ki, danışan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı deyil, Azərbaycanda artıq “böyük Ermənistan” kimi yanaşılan Fransanın xarici işlər naziridir. Bunların təsiri altında olan Beynəlxalq Qızıl Xaç Komitəsinin davranışlarına fikir verin, sanki bu, humanitar qurum yox, qırmızı səlibçilər yığnağıdır. Həmən təşkilatın, xüsusilə də son zamanlar atdığı bir sıra addımlar nə beynəlxalq normalara, nə öz nizamnaməsinə, nə də Azərbaycanın qanunlarına uyğun gəlir.

- Sahib bəy, bəs Rusiyanın davranışları haqda nə demək olar, Moskva indi kimin yanındadır?

- Moskva həmişə öz maraqlarının yanında olub və yenə eyni siyasəti yeridir. Amma görün işin harasıdır ki, regionda qarşıdurmanın qalmasında maraqlı olduğunu heç vaxt gizlətməyən Rusiyanın hərəkətləri və yeritdiyi siyasət artıq qərbdəki bəlli çevrələrinkindən daha konstruktiv təsir bağışlayır. Yəqin buna dayanaraq bir sıra hay ekspertlər bizim son zamanlar guya Rusiya ilə sinxron hərəkət etdiyimizi deyirlər.

- Maraqlıdır, xəstə təfəkkürlülər bunu deyərkən həmən Rusiyanın Qarabağdakı hərbi xuntaya yanaşmada Paşinyancasına davranışlarını görmürlərmi? Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi marşrutuyla göndərmək istədiyi humanitar yükü oradakı “miatsum”çuların guya qəbul etmək istəməmləri nə deməkdir?

- Kim bilmir ki, o “miatsumçu”ların əksəriyyəti hələ sovet dönəmindən Moskvadakı bəlli struktura bağlı ünsürlərdir. Və kim bilmir ki, hazırda Xankəndindəki xunta həm də Paşinyanın Qarabağ yükündən özünə xətər yetirilmədən qurtarmaq üçün yeritdiyi siyasət nəticəsində tam şəkildə Rusiyanın kontrolundadır və onun proksisi kimi çıxış edirlər. Bəli, Qarabağdakı haylar əvvəllər 70% Rusiyanın təsiri altında idilərsə, indi tam təsiri altındadırlar. Hətta burada söhbət təsirdən də yox, Paşinyanın terror hədəfinə çevrilməmək üçün rüşvət qismində ayırdığı bir neçə yüz milyon dollar maliyyəni nəzərə almasaq, tam asılılıqdan gedir. Ona görə də Moskvadan tam asılı olan və üstəlik də “acından ölənlər”in onun göndərdiyi humanitar yükdən guya imtina etmələri çox ucuz şou təsiri bağışlayır. Bir sözlə, demək istədiyim odur ki, əgər regionda yeni toqquşma baş verərsə, bunda adı Qızıl Xaç olan, amma qırımızı səlibçilər yığnağına bənzəyən qurumdan tutmuş, Fransası, ABŞ-si, İranı, Rusiyası qarışıq burada hər kəsin öz payı var. Ona görə da Paşinyanın son telefon diplomatiyasından sonra rəsmi Bakının davranışları detallara varmadan deyim ki, bizim nə Ermənistan baş nazirinə, nə də onun ünsiyyətdə olduqlarına güvənmədiyimizi açıq şəkildə ortaya qoydu. Və kim bilmir ki, hazırda Xankəndindəki xunta həm də Paşinyanın Qarabağ yükündən özünə xətər yetirilmədən qurtamaq üçün yeritdiyi siyasət nəticəsində tam şəkildə Rusiyanın kontrolundadır və onun proksisi kimi çıxış edirlər. Maraqlıdır, indi onları müstəqil hərəkət edən biriləri kimi göstərməklə, yəni Paşinyancasına subyektliklərini qabartmağa çalışmaqla kimi aldadırlar?

- Siz belə bir durumda Türkiyə Prezidenti cənab Ərdoğanla Nikol Paşinyan arasında bu gün baş tutacaq telefon danışığını necə qiymətləndirirsiniz?

- Türkiyə Prezidenti cənab Ərdoğanın Nikol Paşinyanın 3 dəfə əlaqə yaratmaq cəhdindən sonra onunla telefon danışığına razı olması da göstərir ki, Ankarada o, sözünə və imzasına əməl etməyən biri kimi tanınır. Bu danışıqlardan öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə məsləhətləşmələr isə iki müttəfiq dövlətin regiondakı proseslərə yanaşmalarının tam üst-üstə düşdüyünün və sinxron hərəkət ediləcəyinin təsdiqidir. Həm də onun təsdiqidir ki, regionda sülhün qorunub - saxlanmasında Azərbaycan qədər maraqlı olan və bizim qədər bunun üçün çalışan yeganə dövlət Türkiyədir. Türkiyə Prezidentinin Ermənistan baş naziri ilə telefon danışığına razılıq verməsini mən regionda sülhün yaranmasında maraqlı olan bir dövlətin rəhbərinin böyük lütfü kimi qiymətləndirirəm. Bu lütf əslində necə bir tip olduğu yaxşı bilinən Paşinyana yox, bütövlükdə haylara edilib. Ona görə edilib ki, bir daha vurğulayıram, biz-yəni Azərbaycan və Türkiyə regionda sülh istəyirik. Proseslərin hansı yöndə gedəcəyi isə artıq qarşı tərəfdən-Ermənistandan və onu geosiyasi alət gözündə görənlərdən asılıdır. Cənab Ərdoğanla Paşinyan arasındakı bugünkü telefon danışığı başlarına yenidən “Dəmir Yumruq” endirilməməsi üçün onlara verilən son şansdır. Ermənistan Azərbaycanla Türkiyənin torpaq bütünlüyünü tanıdığını sözdə yox, əməldə təsdiqləməli, tezliklə bu yöndə hərəkətə keçməlidir. Məncə, cənab Ərdoğanın Paşinyandan tələbi bu olacaq.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR