İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda davam edən mina terroru

847 17.12.2022 13:43 Gündəm A A

Beynəlxalq təşkilatların məsuliyyəti və cinayətkar susqunluğu

Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın vaxt ərzində saysız-hesabsız  minalar basdırıb. 44 günlük Vətən savaşından sonra - postmüharibə dövründə 200-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub.

Mütəxəssislər bildirir ki, ermənilər Azərbaycan ərazilərini mina ilə xaotik şəkildə çirkləndirib, bu da onların aşkarlanmasını çətinləşdirir.

Son olaraq dekabrın 14-də Kəlbəcərin Çıraq kəndində 8 Azərbaycan vətəndaşı minaya düşüb, onlardan 1-i həlak olub.

Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov mətbuata deyib ki, bu minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.

“Çıraq kəndindən nə Birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsində heç bir müdafiə xətti keçməyib. Hər hansı hərbi zərurətin olmadığı halda bu ərazilərdə minaların insan tələfatı məqsədi ilə basdırılması qarşı tərəfin terror fəaliyyətlərinin sübutudur. 2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olması da məhz erməni terrorçularının fəaliyyətinin nəticəsidir”.

İlkin ehtimala görə, ərazidə partlayan “TM 62-M” tipli tank əleyhinə minadır.

Azərbaycanlıların Laçın yolunda mina terroruna, ekoterrora və Qarabağda sülhməramlıların nəzarətindəki zonada baş verən qanunsuzluqlara son qoyulması tələbi ilə keçirdikləri dinc aksiyadan təlaşlanan, bəyanatı bəyanata calayan beynəlxalq təşkilatlar ermənilərin davam edən mina terroruna kar-kor olublar.

Minaların təmizlənməsinə yardım göstərmək də “yadlarına düşmür”.

Azərbaycan mina təhlükəsinə beynəlxalq qurumların, dünyanın diqqətini çəkmək üçün daha hansı addımları atmalıdır?

Minalardan təmizlənməmiş ərazilərə giriş tamamilə qadağan olunmalıdırmı? Dünya təcrübəsində mina ilə mübarizənin effektiv üsulları hansılardır?

49494c0e-fa5a-41ad-b20a-0fecd0c1.jpg (84 KB)

 Züriyə Qarayeva

Beynəlxalq münasibətlər üzrə şərhçi Züriyə Qarayeva Qarabağda hazırda hərbi cinayətlərin törədildiyindən söz açdı: “Beynəlxalq Ottova və Cenevrə Konvensiyasına görə, piyada əleyhinə minalar hərbi cinayətdir. Xüsusən minaların müharibə bitdikdən sonra basdırılması bütün beynəlxalq hüquq prinsiplərinin pozulması deməkdir. Ötən günlərdə Laçın rayonunda Sarıbaba yüksəkliyində 2021-ci ilin istehsalı olan minaların tapılması faktı göstərdi ki, ermənilər dinc insanlara qarşı terrorun bütün növlərini, eyni zamanda mina terrorunu davam etdirir. Özü də bu hallar rus sülhməramlı qüvvələrinin gözü qarşısında baş tutur.  Azərbaycan Ermənistanın törətdiyi terror fəaliyyətləri, təbiətə, tarixi və mədəni irsə, insanlığa qarşı cinayətləri, eyni zamanda, hərbi cinayətləri barədə beynəlxalq birliyə, BMT-yə faktları çatdırır.  Lakin buna baxmayaraq, müvafiq təşkilatlar insanlıq əleyhinə baş verən cinayətlərə səssiz qalır, səbəbkarı cəzalandırmaqdan çəkinirlər. Necə ki, bugün Qarabağda ekoloji terrora qarşı təbiəti mühafizə təşkilatları, Yaşıllar Partiyası və digər müvafiq strukturlar lal olub, eyni ritorikanı insan haqqlarını müdafiə edən təşkilatlar və beynəlxalq qurumlar da yürüdür. Belə bir mənzərədə yalnız Azərbaycan tərəfinin edə biləcəyi bir addım qalır: terrorçunu öz ordumuzun gücü ilə cəzalandırmaq”.

TEKNOFEST"in Azərbaycanda keçirilməsi analoji şirkətlərin ölkəyə axınını  sürətləndirəcək - FOTO/VİDEO » BAYRAQDAR MEDİA

 Ramil Məmmədli

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli mina probleminin aradan qaldırılması üçün iki istiqamətdə işlərin getdiyini bildirdi: “Müharibə bitdikdən sonra əsasən işğaldan azad edilmiş ərazilərdə əsas problem mina problemi kimi meydana çıxdı. Bu problemin aradan qaldırılması üçün Azərbaycan hökuməti iki istiqamətdə layihələrin icrasına başladı. Birinci istiqamət hərbi təyinatlı minatəmizləmə işləri idi. Bu işlərdə də əsas qurumlar güc strukturları idi. Yəni Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmələrin mühəndis istehkam qüvvələri bu istiqamətdə layihələr həyata keçirməyə başladı. Minalardan təmizlənməmiş ərazilərə giriş məsələsinə gəlincə, buraya mülki şəxslərin girişi birmənalı şəkildə qadağan olunmalıdır. Hər dəfə bununla əlaqədar maarifləndirici materiallar dərc olunur. Həmin işğaldan azad olunmuş ərazilərdə də bu məlumatlandırılır. Dünya təcrübəsində də eyni vəziyyətdir. Sadəcə olaraq Azərbaycan həmin ərazilərdə infrastruktur layihələr həyata keçirdiyi üçün bəzi məqamlarda bunlar icra olunmalıdır, özü də sürətli şəkildə. Amma birmənalı şəkildə girişi tamamilə qadağan olunması mümkün deyil. Bu infrastruktur layihələrinə görədir. Həmin infrastruktur layihələrdə iştirak edən işçilər də bu məsələdə diqqətli olmalıdırlar ki, problem yaranmasın”.

Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə burada beynəlxalq aləm tərəfindən Azərbaycana qarşı olan ikili standartların da daim qabardılmasını çox vacib sayır: “Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. İrəvanın burada əsas məqsədi Azərbaycanı itkilərə məruz qoymaqdır. Bu xalqımıza qarşı etnik düşmənçilik və patoloji nifrətin təzahürüdür. Müharibədən iki il keçməsinə baxmayaraq bu ölkə diversiya qrupları ilə minalama işi aparır. Bunun bir adı var, terror. Azərbaycan assimetrik Ermənistana cavab verə bilər. Amma Azərbaycan sülhün əldə edilməsində maraqlıdır. Basdırılan minalalar müharibədən sonraya təsadüf edir. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli və Ermənistandan təzminat tələb olunmalıdır. Bu bir cinayətdir, bir dövlətin digər ölkəyə qarşı müharibənin yeni bir formasıdır. Ona görə də beynəlxalq təşkilatları dəvət etməli və yerində olanları göstərməliyik. Hazırda böyük köçürülmə işi aparılmır. Bu ərazilərdə tikinti işləri həyata keçirilir. Düşünürəm ki, mina təmizləmə işi dəqiq aparılmalı və təmizlənməmiş ərazilərin xəritəsi hazırlanıb, əlaqədar təşkilatlara və Müdafiə Nazirliyinə verilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR