İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa sığınan ermənilər aclıq təhlükəsi qarşısında

899 03.06.2022 10:10 Gündəm A A

Separatçılar ciddi maliyyə sıxıntısı ilə üzləşiblər

Qarabağdakı baş separatçı Araik Arutyunyan erməni mediasına geniş müsahibə verib. O, rəsmi İrəvanı onlara ayrılan vəsaiti verməməkdə ittiham edərək qeyd edib ki, hazırda bir çox çətinliklərlə üz-üzədirlər: “Ciddi problemlərlə üz-üzəyik. Bu problemləri həll etmək üçün beynəlxalq təşkilatlar və rəsmi İrəvan bizə dəstək olmalıdır. Əgər bu problemlərin həllini istəyiriksə, tezliklə lazım olan maliyyə vəsaiti ilə təmin olunmalıyıq. Amma görünən odur ki, kimlərsə bizim vəsaitlə təmin olunmağımıza maneçilik törədir. Bizə ayrılan vəsait bizə çatdırılmır. 2022-ci ildə bizə verilməli olan vəsaitin böyük hissəsi bizə çatmayıb. Biz yeni quruculuq işlərini həyata keçirə bilmirik. Məhz bu səbəbdən elektrik enerjisi, həmçinin əhalinin su ilə təmin edilməsində problemlərlə üzləşirik. Həmçinin bir çox yaşayış məntəqələrinin təmiri və bərpası bizim üçün prioritet məsələdir. Lakin biz bunları həyata keçirə bilmirik. Əgər yaxın zamanda bizi vəsaitlə təmin etməsələr, biz başqa mənbələrdən bu vəsaiti əldə etmək üçün hərəkətə keçəcəyik”.

Belə görünür ki, Qarabağdakı separatçılar ciddi maliyyə sıxıntısı ilə üzləşiblər. Açıqlamada diqqət çəkən məqam odur ki, Arutyunyan “yaxın zamanda bizi vəsaitlə təmin etməsələr biz başqa mənbələrdən bu vəsaiti əldə etmək üçün hərəkətə keçəcəyik” eyhamını vurur. Bu o deməkdir ki, Araikin Qarabağ ermənilərinin Bakıya yalvarmasına az qalıb...

102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Xankəndindəki quldurbaşının açıqlamasının bir məsələni gündəmə gətirdiyini söylədi: “Ermənilərin Qarabağı və ətraf rayonları işğal etdikdən sonra təsis etdikləri qeyri-qanuni xunta rejimi 30 il ərzində bölgəni və təbii resurslarımızı istismar etmiş, həmçinin yaratdıqları ”boz bazar"da xarici şirkətlərin qeyri-qanuni fəaliyyət göstərməsinə şərait yaradaraq, əlavə maddi gəlir əldə etmişlər. Həmin müddətdə əsas olaraq Ermənistandan və xarici mənbələrdən maddi yardım formasında əldə etdikləri vəsaitlərin hesabına yaşayan Qarabağın xunta rejimi 44 günlük Vətən müharibəsində hərbi olaraq məhv edildikdən sonra, indi həm də iqtisadi olaraq məhv olmaq üzrədir. Belə ki, Qarabağda 160-a yaxın qiymətli metal yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink və s. yataqlarının böyük hissəsi, həmçinin geniş əkin və təsərrüfat sahələri, o cümlədən 2500 hektar meyvə bağı, minlərlə hektar üzüm, on minlərlə hektar taxıl və yonca əkin sahələri və təbii olaraq müvafiq gəlirlər qanunsuz xunta rejiminin əlindən çıxmışdır. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan bir neçə ay sonra Ermənistanda toyuq əti və yumurta qiymətlərində, o cümlədən bir sıra kənd təsərrüfatı məhsullarında kəskin bahalaşma olmuşdu. Çünki Qarabağ Ermənistanın “arxa bağçası” idi, burada əkib-becərir, mədənləri talayır və Ermənistana göndərirdilər. Bunun qarşılığında isə Ermənistan büdcəsindən hər il rəsmi olaraq maddi yardım alırdılar. Məsələn, 44 günlük müharibədən sonra Ermənistan Qarabağda 136 milyard dramlıq (300 milyon dollardan çox) layihələr həyata keçirmiş, tək 2021-ci ildə Ermənistandan Qarabağa 120 milyard dram ayrılmışdı. Bu, Qarabağın 2021-ci il büdcəsinin 78%-nin Ermənistandan təmin edildiyi deməkdir. 2022-ci il üçün bu rəqəmin 144 milyard dram olması nəzərdə tutulmuşdu. Lakin artıq Qarabağdan Ermənistana ixracat əvvəlki səviyyədə deyil, Qarabağın xunta rejimi isə Ermənistanın yardımlarının əvvəlki səviyyədə olmadığından, təminat gəlmədiyindən şikayətlənir. Arutyunyanın “yaxın zamanda bizi vəsaitlə təmin etməsələr, biz başqa mənbələrdən bu vəsaiti əldə etmək üçün hərəkətə keçəcəyik” eyhamı əslində ərazinin Rusiyaya birləşməsi məsələsini gündəmə gətirir. Çünki ermənilər üçün hazırda ən optimal variant olaraq bu görünür. Lakin Rusiyanın belə bir addım atması, yəni Qarabağı ilhaq etməsi Azərbaycanı itirməsi demək olardı ki, bunun baş verməsi mümkün deyil. Odur ki, Arutyunyanın ətəyini əlinə büküb, rəsmi Bakıya üz tutacağına az zaman qalıb. Qarabağ erməniləri maddi xilas yoluna yalnız Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət sayəsində çıxa biləcəklərini anlayacaqlar. Əks təqdirdə, onların, sadəcə, bir yolu qalır - bölgəni tərk etmək".

Ağdamda görüşərik - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu açıqlamanı təəccüblü saymır: “Avropa İttifaqı ilə Rusiya arasında, belə demək mümkünsə, iki od arasında qalmaq, əlbəttə, Ermənistanın, o cümlədən qondarma qurumun işini çətinləşdirir. Burada maliyyə problemləri xüsusi yer tutur. Bildiyiniz kimi, həm Ermənistanın, həm də separatçıların əsas maliyyə mənbəyi Avropa İttifaqıdır. Moskva isə İrəvanla Qərbin əlaqələrində maraqlı deyil. Ona görə də əlindən gəldiyi qədər buna mane olmaq istəyir. Bu baxımdan, Araikin açıqlaması təəccüblü deyil. Görünür, onunla Paşinyan arasında müəyyən fikir ayrılıqları var. Ola bilsin, Arutyunyan rəsmi İrəvanın ”bir əldə iki qarpız tutmaq" xarici siyasət kursundan narazıdır. Araiklə Paşinyan arasındakı narazılıqların tədricən bir az da artması gözləniləndir. Araikin yaxın gələcəkdə Bakıya müraciət edəcəyi, düzü, ağlabatan deyil. Belə olsa belə, Ermənistan daxilində və xaricində buna mane ola biləcək qüvvələr var. Amma narazılıq bir az artarsa, Araikin Rusiyaya səfəri ola bilər. Hər halda, bu xaos və onun fonunda səslənən bəyanatlar Ermənistanda siyasi hakimiyyətin “kreslosunun silkələndiyini” göstərir".

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov

Politoloq Tural İsmayılov isə bunları dedi: “Aydın görünür ki, rəsmi İrəvanla Xankəndindəki terrorçular arasında ciddi rabitə problemləri var. Bütövlükdə Ermənistan cəmiyyətinə uzun illərdir nüfuz edən İrəvan erməniləri ilə Qarabağ erməniləri arasındakı qarşıdurma indi siyasi cameəyə də sıçrayıb. Hazırda Araik Arutyunyan, David Babayan, Artak Beqlaryan və bu qəbildən olan separatçı terrorçuların bütün imkan və limitləri tükənib. Məsələ bundan ibarətdir ki, revanşistlər Qarabağda yaşayan erməniləri qızışdırmaq istəyirlər. Hakimiyyətin Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışması Xankəndindəki separatçıları daha da çarəsiz edir. Araik də, digərləri də yaxşı anlayır ki, rus sülhməramlısının müvəqqəti qaldığı yerlərdən əvvəl-axır qaçmaq məcburiyyətində qalacaqlar. Həm də görünən əsas faktorlardan biri də odur ki, Ermənistan iqtidarı Xankəndindəki separatçılarla açıq əlaqələrdən çəkinir. Eyni zamanda separatçıların təhdidləri də daha çox maliyyə dilənməyə hesablanıb. Bütövlükdə separatçıların rəsmi İrəvanı təhdid etməyinin 3 səbəbi var: 1) Daha çox pul almaq və Ermənistan hakimiyyətinin daha çox yanlarında olduğunu Qarabağdakı ermənilərə göstərmək. 2) Rusiya ilə Ermənistanın razılığı olmadan hansısa işbirliyi etmək şantajını dirçəltmək. 3) Azərbaycana müraciət edəcəkləri görüntüsü yaratmaq. Lakin bütövlükdə Xankəndi separatçılarının ömrünün bitməyinə az qalıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR