İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ məsələsi bitdi”

2536 21.09.2023 16:18 Müsahibə A A

Toğrul İsmayıl: “Mənə görə, son dönəmlərdə atılan ən ciddi imzalardan biridir”

Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbiri bir sutkalıq çəkdi. Erməni separatçılar “ağ bayraq” qaldırdılar. Qələbimizin elan olunduğu dəqiqələrdə  Ankara Universitetinin professoru  Toğrul İsmayılla gündəmi dəyərləndirirdik. Həmin müsahibəni təqdim edirik:

- Toğrul bəy, bu dəqiqələrdə qələbəmiz elan olundu. Bu prosesləri necə dəyərləndirərdiniz?

- Öncəliklə dövlətimizi, xalqımızı, ordumuzu təbrik edirəm. Möhtəşəm tarixdir. Digər məsələyə keçək. İstənilən belə bir lokal tədbirlərdə əsas məsələlərdən biri bunun qanuni olub-olmamasıdır. Burada da ilk ağıla Vətən müharibəsindən sonunda 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat gəlir. Onun dördüncü maddəsinə əsasən Qarabağa, yəni Azərbaycan ərazilərinə Rusiya sülhməramlıları gəlincə, erməni silahlı qruplaşmaları həmin əraziləri tərk etməli, silahlarını təhvil verməli idilər. Amma təəssüflər olsun ki, 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu həyata keçmədi. Bu azmış kimi, Azərbaycanın xoş niyyəti də istismar olundu.

Məsələn, “Laçın koridoru”nun bir ara sərbəst qalması, sərhəd kontrolunun edilməsi və digər məsələlər. Burada bəzi güclərin də onları dəstəklədiyini unutmamaq lazımdır. Digər ölkələrin “mütəxəssisləri” də həmin ərazilərə qanunsuz girib-çıxırdılar ki, bu da problemlər yaradırdı. Oradakı silahlılar Azərbaycan qanunları ilə qanunsuz silahlı birləşmələr idi. Onun üçün də Azərbaycan bu əməliyyatı aparmaq hüququna və haqqına tam sahib idi. Biz terrorun növbəti növünü də gördük. Belə ki, ermənilər məğlubiyyətlərindən sonra tərk etdikləri əraziləri minalayırdılar. Məhz bunun nəticəsində mülki şəxslərimiz, hərbiçilərimiz, polislərimiz minaya düşür, son dəfə də bu baş verdi və artıq Azərbaycan tərəfi səbir göstərə bilməzdi. Bunun da nəticəsində daxili qanunlar və beynəlxalq hüququn verdiyi əsaslarla lokal terror tədbirləri həyata keçirdik.

Hətta bir mütəxəssis olaraq, Azərbaycanın gecikdiyini də qeyd edə bilərəm. Çünki bu qruplar silahlanır, istehkamlar qururdular. Dövlətin əlində, əlbəttə, dəqiq məlumatlar var idi. İndiki vaxtda bu əməliyyatın aparılması mənə görə çox uğurlu addım idi. Burada bir də müsbət bir məsələ gördük ki, həm Müdafiə Nazirliyinin, həm də daxili və xarici işlərinin nazirliklərinin mətbuat xidmətləri operativ işlədilər. Belə müharibələrin əsas xüsusiyyətlərindən biri də propoqanda mübarizəsidir. Burada da Azərbaycan bu dəfə uğurlu oldu.

- Beynəlxalq aləmin reaksiyaları Azərbaycanda narazılıq yaratdı, xüsusilə ABŞ və Avropa İttifaqı. Doğrudur, bunun üzərinə cənab Ərdoğanın BMT-dəki çıxışı “soyuq duş səpdi”. Niyə belə mövqe sərgilədilər?

- Amerikanın bölgədə öz maraqları var. Bu maraqları da Ermənistan üzərindən həyata keçirməyə çalışır. Unutmayaq ki, ABŞ-ın ən böyük səfirliyi Ermənistanda yerləşir. Bu da çox ciddi məsələdir, yəni Azərbaycanda deyil. Ermənistan Avrasiya İttifaqının, KTMT-nin üzvüdür. Buna baxmayaraq, Ermənistanla bağlı ABŞ planlarını, tədbirlərini həyata keçirir. Bu da ABŞ-ın Ermənistana necə yanaşdığının göstəricisidir. Amerika rəsmilərinin istər “erməni soyqırımı” olsun, istərsə də, digər məsələlər olsun, Azərbaycan və Türkiyəyə qarşı münasibətləri ortadadır. 44 günlük Qarabağ savaşında ABŞ mətbuatının “obyektivliyini” gördük, siyasilərinin də “insancıq” olduğunu. Vətən müharibəmizdə Ermənistan ərazisindən sivil insanlarımız atılan raketlərlə qətlə yetirildi, o bölgəyə aid olmayan yerlər vuruldu. Amma avropalıların gözləri həmin an kor idi.

Minsk Qrupunda da Amerika rəsmilərinin davranışları məlumdur. Amma açıqlamaların belə olacağını gözləyirdik. Burada bizim üçün əsas olan bu açıqlamaların beynəlxalq hüquqa uyğun olub-olmamasıdır. Digər tərəfdən, Almaniya və Fransanın da açıqlamalarını gördük. Mətbuatları tamamən anti-Azərbaycan xarakterli idi. Yəni oyunlar gedir. Bilirsiniz ki, o ölkələrdə də diasporları çox aktivdir. Avropadakılar da maliyyə qaynaqları əldə etmək baxımından daha çox anti-Azərbaycan mövqeyi tuturlar.

- Rusiya nə üçün son proseslərə qarışmadı? Gözlənilməz deyildimi?

- Öncəliklə unutmayaq ki, rus sülhməramlıları bölgədədir. Bu, həmin qüvvələrin başını ağrıdan bir məsələ olardı. Sülhməramlıların oradakı varlığı separatçı qüvvələri dəstəkləməkdən daha ziyadə mülki ermənilərlə mülki türklər arasında yarana biləcək qarşıdurmanı önləməkdir. Təbii ki, burada Azərbaycan tərəfin beynəlxalq hüquqlara söykənməsi də çox önəmlidir. Rusiya gerçəkləri görür. Azərbaycan bu məsələdə haqlıdır. 10 noyabr bəyanatı beynəlxalq xarakter daşıyır. Məhz onun nəticəsində Rusiya Azərbaycan ərazisində varlığını sürdürür. Bu tədbirlər də əlisilahlı terrorçulara qarşı aparılırdı. Amma müəyyən mənada rahatsızlığını diplomatik dillə göstərsə də, qarışmadı. Hətta Paşinyan da məcbur olub etiraf etdi ki, bu, Azərbaycanın daxili məsələsidir. Dolayısı ilə dedi ki, Qarabağa görə Azərbaycanla müharibə apara bilmərik.

Rusiya bölgədə olan oyunları hiss edərək, eyni zamanda Azərbaycanın da haqlı olduğunu görərək, bu cür davranmağa həm də məcbur oldu. Cənab Ərdoğanın da “2+2" təklifini də unutmayaq. Bu da ən gözəl təkliflərdən biri idi. Rusiya da bunu başa düşməmiş deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq istəmir.

- Bəs İran necə? Günlər öncə Hakan Fidanla görüşdə İran rəsmisi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xət”ləri olması kimi fikirlər səsləndirmişdi. Amma Tehran Azərbaycanın haqq savaşında susmağa məcbur qaldı...

- Burada əsas Azərbaycanın gücü, haqlı davası, beynəlxalq hüquq və Türkiyə ilə olan müttəfiqlikdir. Şuşa Bəyannaməsini unutmamaq lazımdır. Mənə görə, son dönəmlərdə atılan ən ciddi imzalardan biridir. Hətta Qarabağ savaşından öncə yazmışdım ki, belə müttəfiqliyə böyük ehtiyac var. Azərbaycan lokal və geniş miqyasda öz ərazisində əməliyyat apara bilər. Beynəlxalq hüquqla bu onun haqqıdır. Azərbaycan Ermənistanın ərazisində hər hansı bir əməliyyat aparmır. İran tərəfin belə açıqlamaları onların problemidir. Ermənilər dua etsinlər ki, Azərbaycan və Türkiyənin onların ərazilərində gözləri yoxdur. Amma tarixən həmin ərazilər türk torpaqları olub. Bunları da İran yaxşı bilir. Rusiyanın susqun qaldığı yerdə İran gurlaya bilməz. İranın “qırmızı xətti” saydığı Ermənistan əsas düşmənlərindən biri kimi qəbul etdiyi ilə Amerika ilə ərazisində hərbi təlimlər keçirir. Bu nə dərəcədə İrana xoş gələ bilərdi?

- Bu lokal tədbirlər başladığı ilk dəqiqələrdən Paşinyanı devirməyə çalışan qüvvələr hərəkətə keçdi. Amma bu dəfə də baş tutmadı...

- Bu tədbirlər, əksinə, Paşinyanın əlini gücləndirdi. O, zatən hakimiyyətə uduzmuş bir lider olaraq gəldi. Qarabağ mafiyasından da qurtuldular. Artıq erməni cəmiyyəti Qarabağın Ermənistanın problem olmadığına baxmağa başlayıb. Onsuz da kasıb yaşayan əhalinin boşuna övladlarını itirməsi artıq anlamsız xarakter daşıyır. Bu bir gerçəklikdir. Burada əsas problem Qarabağdakı separatçıların kökünün qurudulmasıdır. Azərbaycan onları təslim etməklə Paşinyana əsas problemlərindən birinin həllində kömək etmiş oldu.

Paşinyan ən azından reallığı qəbul edən bir liderdir. Düzdür, xarici dövlətlərin təzyiqi və təsiri ilə özünü bəzən itirir, atdığı imzalara hörmət etmir, götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistana rəhbər bir daşnakın gəlməsi daha ciddi problem olardı. Bir də masada sülh danışıqlarında kimin oturması da önəmlidir. Bu bəlkə də Azərbaycan üçün daha sərfəlidir, yəni Ermənistanın tamamən itirməsi nöqteyi-nəzərindən.

- Düşünək ki, Paşinyan devrildi...

- Onun devrilməsi Ermənistanın daxili məsələsidir. Çünki bu gün başqa birisi gəlsə də, 10 noyabr bəyanatı ilə hərəkət etməyə məcbur qalacaq. Yeni gələn siyasi lider Azərbaycana nə problem yarada bilər ki? Bir sözlə, kim hakimiyyətə gəlirsə gəlsin, Azərbaycan onu masa arxasına otuzduracaq.

- Rusiyanın bu mövqeyi ilə bağlı haqlı olaraq belə suallar meydana çıxdı ki, bu susqunluq qarşısında Azərbaycandan nə istəyə bilər?

- Əslində Rusiya susmadı. Açıqlamalar verdi. Onun üçün də belə yanaşmaları doğru qəbul etmirəm. Sadəcə, Kreml qarşı gəlmədi. Amma bu məsələ Rusiyanın da işinə yarayır. Çünki ölkədəki qalıcı durum Rusiya üçün də vacibdir. Bir gerçəklik var ki, bu gün Ukrayna ilə mübarizə aparan Rusiya üçün Azərbaycan və Türkiyə ilə münasibətlər çox önəmlidir. Ermənistan isə buna əngəl yaradır. Ermənistan Rusiya ilə müttəfiq ölkədir, amma davranışları müttəfiqlik davranışları deyil. Açıq şəkildə bu gün Ermənistan bir xəyanətkar kimi davrandı. Paşinyanın həyat yoldaşının Kiyevə ziyarətə getməsi, humanitar yardımın göndərilməsi, Amerika ilə oturub-durma oyunu, hərbi təlimlər keçirməsi Rusiyaya xəyanətdir. Məşədi İbad demişkən, “heç hənanın yeridir”. Rusiya Qərblə müharibə vəziyyətindədir, amma müttəfiqi o istiqamətə yönəlik siyasət yürüdür. Rusiya üçün isə bu, əlbəttə, yolverilməz olacaq. Ona görə də dolayı yolla bir növ cəzalandırır. Rusiya üçün şimal-cənub dəmir yolu xəttinin nəqliyyat koridorunun fəaliyyəti çox vacibdir. Enerji satışını da Kreml üçün çox vacib məsələlərdən biridir. Türkiyənin özünün də Amerika və digər Avropa gücləri ilə problemləri var. Bu səbəbdən təbii olaraq, Türkiyə və Azərbaycan Rusiyaya ilə əlaqələrə önəm verir, həmçinin qarşı tərəf də. Tərəflər, sadəcə, bundan faydalanmağa çalışırlar.

- Hamının gözü Xankəndidədir. Bu problemi birdəfəlik həll edə biləcəyikmi?

- Bu, təbii ki, indiki vaxtda mümkün deyil. Çünki bu lokal tədbirlərə Xankəndi aid deyil. Bu tədbirlər mülki insanlar yaşayan yerlər üçün deyil, separatçıların olduqları yerlər üçün aparıldı. Burada tərk-silah etmə məsələsi çox vacibdir. Birdəfəlik bu məsələnin həll edilməsi olduqca ağırdır. Bu problemlər mərhələ-mərhələ həll olunacaq. Amma birdəfəlik bu məsələnin həll edilməsi də mümkündür. Azərbaycan istənilən şəkildə bunu həll etmək gücünə və dəstəyinə sahibdir. Bu və ya digər şəkildə problemlər mütləq şəkildə həll olunacaq. Qarabağ məsələsi bitdi. Burada Azərbaycan diplomatiyasının uğurlu olması çox önəmlidir. Hələlik çox müsbətdir. Allah Azərbaycan Ordusuna kömək olsun, ayağına daş dəyməsin.

Cavanşir ABBASLI, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR