İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsevər notarius

1911 19.05.2022 10:00 Yazarlar A A

Qarabağda, Ağdərədə rus mədəniyyət mərkəzinin açılmasını tənqid edənlər kimlərdir? Bakıda uşağını rus sektorunda oxutduranlar. 30 ildir Mixail Zabelin kimi mənasız birisinə deputat mandatı bağışlayıb parlamentdə bir kürsünü “zanit” eləyənlər. Rusiyanın ən ucqar və təhsili beş qəpiyə dəyməyən universitetlərinin Bakıda filialını açanlar. Azərbaycanın idxalatında ən böyük payı Rusiyaya bağışlayanlar. Və sairə və ilaxır.

Ermənilər Ağdərədə yaşasalar da, bizim bəlalı vətəndaşlarımızdır, yollarını azıblar, pis adamlara qoşulublar, ancaq rus mərkəzi işində dövlət siyasətimizi dəstəkləyirlər. Onları qınamaq lazım deyil. Bakıdan örnək götürürlər. Şair demişkən, yolumuz Lelin yoludur, partiyadır rəhbərimiz...

Hələ nə qədər zəhmətkeşimizin gözünə işıq gəlir - şimal tərəfdə SSRİ propaqandası gücləndikcə. Orda az qalır, oraq-çəkicli qırmızı bayrağı bərpa edəcəklər. Ondan sonra bizim də belə jurnalistika, publisistika-zad kimi mənasız işlərdə küllənməkdən canımız qurtaracaq, gedib fermada hər inəkdən min litr süd sağan Sona xaladan oçerk yazacağıq. Yoxsa bu nədir? Bilmirsən hansı sistemdə yaşayırıq, harda idik, hara gəlib çıxmışıq. Mən uşaq olanda raykom katibi olan adamın övladı indi rayonda icra başçısıdır. İnstitutda komsomol katibimiz gənclər nazirliyində müavin işləyir. Elmi ateizm professorumuz cümə məscidinin axundudur. Kommunist Partiyası Mərkəzi Komitəsində ideologiya şöbəsinin müdiri iki-üç il qabağa qədər bizi idarə eləyirdi. Deməli, hardasa irəliləyiş yaranıb - Ramiz müəllimi yerindən çıxara bilmişik. Fəxr edirik. Biz nələrə qadirmişik, Allahım!?

Ümumiyyətlə, tam qanunsuzluq şəraitində yaşadığımızı iddia etmək düzgün deyil, adamın üstündə Allah var. Keçmiş MTN generallarının çox maraqlı məhkəmə-dastanında “Texnibank”ın müdiri Etibar Əliyevin yağmalanması boyu müzakirə edilirdi. Deyir,  çekistlər 2012-ci ildə məni tutub basdılar içəri, yarım milyardacan pul istədilər. Bankın müştərilərinin pullarını bankın müdirindən almaq istəyirmişlər. Soyğunçuluğun miqyasına, xarakterinə baxın, ləzzət alın. Yəqin dünyada hələ belə bank soyğunu hadisəsi olmamışdır. Mədəniyyət Nazirliyi də kino çəkməyə mövzu tapmır. Açın gözünüzü, baxın.

Etibar Əliyev deyib ki, axı mən o pulları sizə necə çıxarıb verim, müştərilərindir. MTN generalları, başda Eldar Mahmudov olmaqla, deyiblər, hələ sən burda dur, kamerada bir az gəziş, gör biz necə çıxarırıq. Bankın yiyəsini dəyişiblər, hesabı olan adamları ya tutub içəridə soyublar, ya da hesabdan pulları öz hesablarına atıblar, bankı da axırda iflas elan ediblər. Vəssalam. Sadə soyğun mexanizmi. Burda nə çətinlik var? Ölkəmiz inkişaf edir.

E.Əliyevin ailəsinin adına bir 5 qatlı mənzil varmış, bunu almaq üçün oğlunu tutub incidiblər. Məcbur olub binanı çekistlərin dediyi adama “satsın”. Bax, qanunların aliliyini, hüquqa necə hörmət elədiyimizi bu məqamda görə bilərik. Notarius Ərəstun müəllimi gətiriblər MTN-in binasına, orda evin 3 milyona satılması sənədləşdirilib. Çekistlər istəyirmiş Etibar müəllim evin satışından aldığı 3 milyonu elə nağd şəkildə ordaca bunlara versin. Lakin notarius etiraz edib! Təsəvvür elə. Gör necə qanunsevər adamdır! Fısqırıq. Notarius deyib, pul hesaba keçməlidir. Ondan sonra nağdlaşdırıb çıxara bilərsiniz. Etibar Əliyevin ailəsi bu cür qanuni şəkildə hesabdan evin dəyərini çıxarıb, çekistlərə ödəyibdir. İki qara çantada. Çekistlərdən biri çantanın ağır olmasından şikayətlənibmiş. Ancaq bunun bizə o qədər dəxli yoxdur. Zəhmət çəkib diyircəkli çantada alaydılar.

Mən təklif edirəm o qanunsevər notariusa Ağdərədə heykəl qoyaq. Rus mədəniyyət mərkəzinin düz qabağında.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR