İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanuni dövlət

1721 01.10.2022 08:20 Yazarlar A A

Hansısa mənasız şairə iki dəfə ev vermək lazım gələndə əlaqədar orqanların yadına nədənsə bunun qanunlara uyğun olub-olmadığı düşmürdü. Eyni əhvalat jurnalistlərə, artistlərə, manıslara ev paylanması, hədiyyə edilməsi faktlarına da aiddir. Təbii ki, rüşvəti qanuna salmaq çətindir. Ancaq azadlığımız uğrunda qurban gedən insanın qardaşına bir yox, iki otaqlı ev vermək lazım gələndə aləm qarışdı.

Əslində hamımız bilirik ki, bunu qanuna-zada baxmadan, kirimişcə, o biri şəhid qardaşları xəbər tutmadan icra başçısının üçüncü müavini, nazirlikdə şöbə müdiri, ya da nə bilim, adi uçaskovı həll edərdi, çıxıb gedərdi. Nə çətin işdir? Ərazidən bir nəfər dükançı tapırsan, sonra onun piştaxtasının altından qanunsuz dövriyyədə olan ot-mot tapırsan, vəssalam, şüttəmam. Ondan sonra harda istəyirsən ev alsın, sənə versin, sən də kimə istəsən ver.

Lakin bunu etmədilər, lazımsız səs-küy çıxdı. Bəlkə də belə səs-küyün olması hökumətin özünə lazımdır. Ölkəmizdə hər bir zadın qanunauyğun şəkildə olduğunu göstərmək istəyirlər. Hüquqi dövlətdə yaşayırıq, xəbərimiz yox imiş... Qanunun hərfini poza bilmərik. Orda yazılıb ki, sən şəhid ailəsi deyilsən, deməli deyilsən. Bizim əlimizdən nə gəlir?

Hələ Allahına şükür elə, bəzi vətəndaşlarımız neçə illərdir əllərində pasport, sübut edə bilmirlər ki, Azərbaycan vətəndaşlarıdır, seçib-seçilmək haqları var, təhsil, toplaşmaq, yaşamaq, sağalmaq, nə bilim, lap elə mahnı oxumaq hüquqları vardır. Yox. Hökumət qanun kitabını açır, onlara maddə-maddə isbat edir ki, vallahi, siz adam yox, misal üçün, ördəksiniz. Ya da qaz. Girin gölə, üzün. Qaqqıldaşın. Burnunuzu qoltuğunuza soxub dimdikləyin. Başqa heç nəyə icazə yoxdur, çünki qanunda qazlara yalnız bu nəzərdə tutulubdur.

Biz şəhidlərə, o cümlədən şəhidlərin yetim evində böyüyən qərdeşlərinə məhz bu baxımdan da minnətdar olmalıyıq ki, onlar ilin-günün bu çağında, qəfildən, durduğumuz yerdə bizə hüquqi dövlətdə yaşadığımızı anlatdılar. Onların sayəsində mümkün oldu. Yoxsa axırıncı dəfə bizdə hansısa qanunun bu qədər müzakirə olunmasını heç deputat Zahid Oruc da xatırlamır.

Yeri gəlmişkən, dünən Milli Məclisin iclasında gündəliyə 30 məsələ qoyulmuşdu, bunlardan yalnız biri şəhidlər haqda qanuna düzəlişlərə aid idi. Lakin deputatlar əsasən o 1 qanunu müzakirə etdilər, qalan 29-u yada düşmədi. Məntiqi nəticə çıxır: biz hər qanun yolunda şəhid verməsək, müzakirəsi mümkün olmayacaqdır.

Halbuki, orada başqa taleyüklü qanunlar da vardı. Məsələn, prokuror işləyərkən fərqlənməyə görə ordenin təsis edilməsi haqda qanun. Bu, açığı, mənim üçün çox gözlənilməz oldu. Deməli belə çıxır bizdə indiyə qədər prokurorluqda fərqlənənləri təltif etməyə uyğun orden olmamışdır? Bəs prokurorlarımız fərqlənəndə onlara nə verirdilər? Başqa idarələrin medallarınımı? Məsələn, hansısa müxalifətçini içəri basırsan, səni çağırıb “Gömrükdə fərqlənməyə görə medalı” verirlər. Ya da əməkdar mədəniyyət işçisi adı. Yoxsa, əlim qurusun yazdığım yerdə: onlar heç nə almırdılar?

Hər halda, qəribə vəziyyətdir, ümidvaram əlaqədar orqanlar izahat verər.

Son anda dəqiqləşdirdim, ürəyim yerinə gəldi, siz də rahat olun. Sən demə prokurorların təltifi haqda qanun var imiş, sadəcə, indi buna nəsə düzəliş olacaqdır. Mən deyirəm də, bizdə qanunsuz sahə yoxdur.

Dünən deputatlar bələdiyyə torpaqları qanununa da düzəliş etməliydilər, lakin məndə olan məlumata görə prosedur çətinliyi yaranmışdır, çünki bələdiyyələr əllərində olan bütün torpaqları kiməsə satıblar. Torpaq qalmayanda, onu qanuna salmaq bir az uzun işdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR