İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqazın Xirosiması” Ağdama həyat qayıdır

838 20.11.2023 11:57 Siyasət A A

Ermənistanın işğalından ən çox zərərçəkən rayonlardan biri də məhz Ağdam oldu. Vaxtilə öz şöhrəti ilə, istehsal etdiyi məhsullarla təkcə Cənubi Qafqazda yox, dünyada tanınan bu rayonumuz təəssüf ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olundu.

Uzun illər Qarabağda ticarətin ünvanı olaraq ad qazanmış Ağdam ziyalıların, şairlərin, yazıçıların evi idi. Lakin 90-cı illərdə Ermənistan tərəfindən başlanmış işğal bu rayondan da yan keçmədi. Ağdam şəhərinin və kəndlərin işğalı ilə on minlərlə soydaşımız Bakıya və müxtəlif rayon və şəhərlərə pənah gətirməyə məcbur oldu. 30 illik işğal dövründə öz yurdlarına dönmək həsrəti ilə yaşadılar.

AGDAM.jpg (204 KB)

Tarixin bu keşməkeşli anlarına şahidlik edən Ağdam və ağdamlılar qəlblərində yurd nisgilini hər zaman hiss etdilər. Doğma yurdlarından ayrı düşən məcburi köçkünlər üçün dövlət tərəfindən yaradılmış şəraitə baxmayaraq, hər an öz evlərinin həsrətini çəkdilər. Bu həsrətə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu son qoydu. 2020-ci ilin 27 sentyabrında başlanmış və uğurla davam edən hərbi əməliyyatlar zamanı Ermənistan döyüş meydanında məğlub olaraq təslim oldu. Qazanılmış Zəfər Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla bərabər, Ermənistanın kapitulyasiya aktını imzalaması ilə yekunlaşdı. Hərbi əməliyyatların gedişi zamanı dövlət başçımızın verdiyi mesaj qısa və konkret idi. Dövlət başçısı bildirirdi ki, əgər hərbi əməliyyatların dayandırılmasını istəyirlərsə torpaqlarımızdan çıxmaq öhdəliyini götürsünlər və ərazimizi dərhal boşaltsınlar.

2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına qol çəkən düşmən Ağdamla bərabər, Kəlbəcər və Laçın rayonlarını da boşaltmaqla bağlı öhdəliyi öz üzərinə götürdü. Nəticə etibarı ilə 1 güllə belə atmadan düşmən torpaqlarımızı qaytarmağa məcbur oldu. Bu isə məhz rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və dövlət başçısının diplomatik müstəvidə bizə qazandırdığı növbəti qələbə oldu. 

Ağdam şəhərini təhvil verən düşmən həmin əraziləri birdəfəlik tərk etməyə məcbur oldu. Bundan sonra isə ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq və quruculuq işləri start götürdü.

Münaqişənin tarixinə nəzərə salanda görürük ki, Ağdam rayonu 90 kəndi ilə bərabər rayonun mərkəzi işğal olunub və 130 minə yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul olunmuş dörd qətnamədən biri - 853 saylı qətnamə Ağdamın işğalı ilə əlaqədar qəbul olunub. Məhz həmin qətnamədə də digər 3 qətnamə də olduğu kimi Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz işğal etdikləri Ağdam rayonunu boşaltmağı tələb edirdi. Lakin, uzun illər bu qətnamələr icrasız qaldı. Ağdamdan olan məcburi köçkünlər düşmənin təcavüzü ilə bərabər beynəlxalq ictimaiyyətin susqunluğuna, “ikili standart”ına məruz qaldı. Bu qətnamələri reallaşdıran, həyata keçirən rəşadətli Azərbaycan ordusu qazandığı qələbə ilə həm ərazi bütövlüyümüzü bərpa etdi, həm də ki, uzun illər icrasız və kağız üzərində qalmış beynəlxalq qətnamələrin icrasını təmin etdi.

AGDAM SON.jpg (388 KB)

İşğal dövründə Ağdamda daşı-daş üzərində saxlamayan və vandalizmi dövlət siyasəti səviyyəsində aparmış Ermənistanın törətdiklərini beynəlxalq ictimaiyyət bu şəhərə səfər edərkən özləri əyani şahid oldular. Məhz Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması dağıntıların hansı dərəcədə olmasını göstərir.

İstər Ağdamın dağıdılması, istərsə də mədəni, tarixi abidələrin viran olunması faktı ilə bərabər coğrafi obyektlərinin adının dəyişdirilməsi məhz Ermənistanın təcavüzkar siyasətinin əyani nümunəsi idi.

Bu gün artıq əli məsum həmvətənlilərimizin qanına batmış şəxslər cinayət məsuliyyətinə cəlb olunur və məhkəmələrimiz qarşısında cavab verirlər.

Ağdam şəhəri təsdiq olunmuş baş plana əsasən yenidən qurulur və genişmiqyaslı abadlıq quruculuq işləri aparılmaqla, Ağdama həyat qayıdır.

Adil Əliyev, Milli Məclisin sədr müavini

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR