İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafanda hava limanının açılmasını onlar sifariş ediblər - DETALLAR

3139 18.08.2023 19:17 Gündəm A A

"Qafan Azərbaycanla sərhəddə yerləşən və strateji baxımdan önəmli bir ərazidir və bu ərazidə hava limanının fəaliyyətə başlamasının təkcə mülki uçuşların həyata keçirilməsi məqsədi daşıdığını düşünmürəm".

Bunu Musavat.com-a siyasi şərhçi Elçin Mirzəbəyli Paşinyanın Qafana təyyarə reysləri açacağı barədə açıqlamasını şərh edərkən bildirib.

O Azərbaycanın Füzuli və Zəngilanda hava limanları inşa etdiyini və Laçında da hava limanı inşa etməkdə olduğuna diqqət çəkib.

Ekspert hesab edir ki, Qafanda işə salınan hava limanı təkcə Azərbaycanla sərhədə deyil, eyni zamanda Zəngilan və Füzuli hava limanlarına da yaxın məsafədə yerləşir: "İnşa edilməkdə olan Laçın hava limanı ilə Qafan hava limanı arasındakı məsafə çox deyil. Şübhəsiz ki, Ermənistanın Qafan hava limanını işə salması, həm də əraziyə beynəlxalq reyslərin təşkil edilməsi ilə bağlı ola bilər. Bunun da “erməni ağlı”nın məhsulu olduğunu düşünmürəm. Avropa İttifaqının missiyasını Ermənistanın Azərbaycanla sərhədinə göndərənlər Qafanda hava limanının fəaliyyətə başlamasını da sifariş verə bilərlər. İrəvanla Qafan arasındakı məsafə hava yolu ilə 196, avtomobil yolu ilə isə 296 kilometrdir. Relyefi və yolların arzuolunan səviyyədə olmaması səbəbindən ermənilər bu məsafəni avtobuslarla 7,5 saata, şəxsi nəqliyyat vasitələri ilə isə 5 saata qət edirlər. Qafan Hava Limanının işə salınması İrəvanla Qafan arasındakı əlaqənin intensivləşməsi baxımından da nəzərdə tutula bilər. Ermənilər bunu belə də təqdim edirlər. Ermənilərin ənənəvi xislətlərini, həmçinin xarici qüvvələrin təhriki ilə hərəkət etdiklərini nəzərə alsaq, bütün hallarda Qafan Hava Limanının fəaliyyətə başlamasına sadəcə sərnişin və ya yükdaşınma məqsədi kontekstindən yanaşılması doğru olmazdı. Qeyd edim ki, Qafan hava limanı, hələ sovet dövründə də mövcud olub. 27 illik fasilədən sonra 2017-ci ildə ilk reys həyata keçirilib. Lakin bu, davamlı olmayıb. Hava limanının açılışı 2020-ci ilə planlaşdırılsa da, müharibə səbəbindən baş tutmayıb. Hava limanının uçuş-enmə zolağı Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir və 2000 metr uzunluğundadır və mütəxəssislərin rəyinə görə, bu uzunluq orta və ağır tonnajlı təyyarələrin enişinə və qalxmasına imkan verir".

İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə eynidir - Elçin  Mirzəbəyli

E.Mirzəbəylinin fikrincə, uçuş zolağının sərhədə çox yaxın məsafədə yerləşməsi Azərbaycanın hava məkanının pozulmasına yol aça bilər: "Təbii ki, bu, sadəcə ehtimaldır. Amma ərazinin relyefi və burada iqlim şəraitinin tez-tez uçuşların həyata keçirilməsi üçün əlverişsiz olması belə ehtimalı gücləndirə bilər. Bu halda, əgər hava sərhədi mülki təyyarələr tərəfindən pozularsa, bu zaman məsələyə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya kontekstindən yanaşmaq lazımdır. Sözügedən konvensiyanın 3-cü maddəsinin “b” bəndində deyilir ki, konvensiaya qoşulan tərəflər -hər bir dövlət öz suverenliyini həyata keçirərkən mülki hava gəmisinin onun ərazisi üzərindən icazəsiz uçuşlar həyata keçirəcəyi təqdirdə həmin hava gəmisinin təyin olunmuş hava limanına enməsini tələb etmək hüququna malikdir. Bu (hava məkanının pozulması) Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı niyyət üçün istifadə edildikdə belə hava gəmilərinə bu cür pozuntulara son qoymaq üçün hər hansı digər göstəriş verə bilər. Burada çox güman ki, hərbi təyyarələrin müşayiəti ilə hava məkanı pozulan tərəfin müəyyən etdiyi hava limanına eniş, yaxud geriyə qayıtmaq tələbi nəzərdə tutulur. Çünki sözügedən maddənin “a” bəndində mülki təyyarələrə atəş açılması istisna olunur.

Yox, əgər hava məkanı hərbi təyyarələr tərəfindən pozularsa, yaxud mülki təyyarədə hərbi təyinatlı yüklərin daşındığı təsdiqini taparsa, o zaman bu hava məkanı pozulan ölkəyə təcavüz hesab olunur və burada Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın təqdim etdiyim müddəası keçərli deyil".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR