İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “Z” ordusu Kiyevdən sürətlə çəkilir - aldadıcı manevr, yoxsa...

1122 31.03.2022 10:10 Gündəm A A

 

 

Asif Nərimanlı: “Ruslar hücumun daha geniş mərhələsinə keçid üçün aldadıcı manevr edirlər”

Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Kiyev və Çerniqov vilayətləri istiqamətində “hərbi fəallığın kardinal şəkildə ixtisar ediləcəyi” barədə qəbul etdiyi qərarın ardınca qoşunların bəzi hissələrinin Belarus sərhədləri istiqamətində geri çəkildiyi qeydə alınıb. Lakin ABŞ və Böyük Britaniyanın müdafiə nazirlikləri xəbərdarlıq edirlər ki, Rusiya aldadıcı manevr edir - qoşunlarını hücumun uğursuz olduğu istiqamətlərdən geri çəkərək yenidən qruplaşdırmağa və Donbas istiqamətinə yönəltməyə hazırlaşır.

“Yeni Müsavat”ın xəbərinə görə, Pentaqonun mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə Rusiyanın bu manevrinə aldanmamağa çağırıb. O, xəbərdarlıq edib ki, Rusiya “o qədər də çox olmayan miqdarda” qoşunları Kiyev ətrafından geri çəksə də yeni hücuma hazırlaşa bilər. “Biz bunu qoşunların real olaraq geri çəkilməsi yox, yenidən dislokasiya hesab edirik. Və biz hamımız Ukraynanın digər rayonlarında irimiqyaslı hücumlara hazır olmalıyıq”, - Pentaqon rəsmisi bildirib. Pentaqon nümayəndəsi onu da qeyd edib ki, Kiyev ətrafından geri çəkilən Rusiya qoşunları o qədər də çox deyil. O, Rusiyanın Ukrayna paytaxtına aviazərbələr endirdiyini də xatırladıb.

“Heç kim özünü Kremlin bu bəyanatı ilə aldatmalı deyil ki, onlar qəfildən Kiyev ətrafında hücumlarını, sadəcə olaraq, elə-belə ixtisar etməyi, yaxud öz qüvvələrini geri çəkməyi qərara aldılar. Rusiyanın Kiyev ətrafında hərbi fəallığı azaldacağı barədə bəyanatı ona dəlalət edir ki, onlar bu regionda hərbi təşəbbüsü əldən veriblər və digər regionlara qüvvələri yönəltməyə hazırlaşırlar”,- C.Kirbi deyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi də analoji dəyərləndirmə ilə çıxış edərək bildirib ki, Rusiya işğalçıları indi əsas səyləri Donbasın işğalına yönəltməyə hazırlaşırlar. Nazirliyin açıqladığı son məlumata görə, ruslar öz qüvvələrini yenidən komplektləşdirmək və Ukraynanın şərq regionlarına yönəltmək üçün qismən geri çəkirlər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında isə deyilir ki, işğalçılar Kiyev və Çerniqov vilayətlərindən öz bölmələrini geri çəkməkdə davam edirlər. Və yenidən qruplaşma apararaq Donetsk və Slobajansk istiqamətlərinə səyləri cəmləşdirməyi planlaşdırırlar.

Belə çıxır, müharibənin yaxın zamanlarda bitəcəyi ilə bağlı nikbin proqnozlar özünü doğrultmayacaq. Bəs Ukrayna böhranı hara qədər davam edə bilər? Rusiyaya qarşı ağır sanksiyalar altında Putinin bu israrının səbəbi nədir?

Yeri gəlmişkən, martın 30-da Kiyev səmasında bir neçə raket vurulub. Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib ki, paytaxt səmasında bir neçə raket vurulub. Üstəlik, Britaniya baş naziri Boris Conson Nazirlər Kabinetinə müraciətində Ukraynaya daha ölümcül silah göndərmək niyyətində olduğunu deyib. Conson konkret hansı silahların göndəriləcəyini açıqlamayıb. Lakin “Tayms” nəşri müdafiə dairələrindən əldə etdiyi məlumata görə, baş nazir Ukraynaya uzaqmənzilli silahlar, xüsusilə ağır artilleriyalar lazım olduğunu bildirib. Görünür ki, Qərbdə rus ordusunun Kiyevdən çəkiləcəyinə inam azdır. Bəs bizim analitiklər necə düşünür? Rus ordusu Kiyevə təkrar həmlələr edə bilərmi? Nə üçün rus ordusu Kiyevə daxil ola bilmədi və uğursuzluğa düçar oldu?

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov: “Rus ordusu ilk günlərdə nəticə əldə etməyibsə, ikinci dəfə bu hərəkətlərinin perspektivi yoxdur”

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a qeyd etdi ki, hər iki versiyanın - yəni həm rus ordusunun uğursuzluğunun, həm manevr etdiklərinin əsası var: “Rusiya doğrudan Kiyev istiqamətində 1 ay ərzində heç nəyə nail ola bilmədi. Xüsusən də son günlərdə yalnız itkilər verirdi. O baxımdan Qərb kəşfiyyatının açıqladığı versiya istisna deyil. Ancaq rus qüvvələri indi cənub istiqamətində olan qoşunlara dəstək verəcək”.

M.Sadəddinovun sözlərinə görə, növbəti günlər göstərə bilər ki, rus ordusunun addımları necə olacaq: “Amma mən Qərbdən gələn versiyaları daha çox bölüşürəm. Hazırda Rusiya cənub istiqamətində möhkəmlənməklə yanaşı, hücum istiqamətini gücləndirəcək. Ehtimal var ki, yenidən hücuma keçsinlər, amma rus ordusu ilk günlərdə nəticə əldə etməyibsə, ikinci dəfə bu istiqamətdə hərəkətlərinin heç bir perspektivi yoxdur. Ona görə cənub istiqamətində olan qüvvələrə əlavə dəstək veriləcək”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, danışıqların getdiyi vaxt Rusiya Müdafiə Nazirliyinin Krım və Çerniqov istiqamətində hücumu ciddi şəkildə azaltmaq qərarı diqqət çəkir. “Sergey Şoyqu bildirir ki, müharibənin birinci mərhələsində əsas tapşırıqlar yerinə yetirilib, bundan sonra əsas məqsədə - Donbasın işğalına diqqət yetirəcəklər. Danışıqlar prosesi, təkliflər və Rusiyanın müharibə ilə bağlı qərarı iki versiyanı önə çıxarır: Birincisi, müharibənin planlaşdırıldığı kimi getməməsi Rusiyanı əsas məqsəd dediyi minimum qazanca - Donbasın işğalı, Krıma quru yolun açılması, Azov dənizinə nəzarətin bağlanması və s. məcbur edir. İkincisi, ruslar hücumun ikinci və daha geniş mərhələsinə keçid üçün aldadıcı manevr edirlər. Moskva Kiyevin təklifləri üzərində düşünəcəklərini desə də, rusların saziş imzalanması üçün qoşunları Ukraynadan çıxaracağı ehtimalı az görünür”, - ekspert belə hesab edir.

Bu arada, rus ordusunun Çerniqov istiqamətində geri çəkilmək qərarı verilsə də, bu vilayətdə gedən müharibədə daha 2 azərbaycanlı həlak olub. Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədov həlak olublar. Onlar mülki vətəndaş olublar. Azərbaycanlılarla yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.

Martın 30-da Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilirdi ki, rus ordusunun Kiyev və Çerniqov bölgələrindən çəkilməsi davam edir. Məlumatda Rusiya ordusunun Kiyev şəhərini mühasirəyə almaq tapşırığını yerinə yetirə bilmədiyi, Kiyev və Çerniqov vilayətlərindən geri çəkilən düşmənin böyük ehtimalla öz qoşunlarını ölkənin şərqində cəmləşdirəcəyi bildirilib. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR