İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin imzası Xankəndidə niyə işləmir?

2076 15.07.2022 21:48 Yazarlar A A

Prezident Əliyev xəbərdarlıq etdi; Rusiya dövlət başçısı 5 aydır ki, imzasının arxasında dayanıb müharibə edirsə, o halda, bu prinsipiallıq sülhməramlıların Qarabağda üzərinə götürdüyü öhdəlikdə niyə görünmür?

44 günlük müharibənin nəticəsi olaraq imzalanmış 10 noyabr üçtərəfli sənədinin bəzi mühüm bəndlərini icra etməkdən boyun qaçıran təkcə Ermənistan deyil, Rusiya da bu razılaşmanı sanki görməzdən gəlir. Halbuki ortada Rusiya Prezidentinin imzası var. Prezident İlham Əliyevin bu fikrini çox bəyənirəm: Sözümüz imzamız qədər mötəbərdir. Amma belə görünür ki, Paşinyan bir qırağa, Rusiya yetkililəri ölkənin başında duran şəxsin imzasına ya hörmət etmir, ya da atılan imza Putinin özü üçün əhəmiyyətli deyil. Üçüncü variant da var: Azərbaycanın maraqlarını gözardı etmək. Əgər bu üç variant üzərində düşünməli olsaq, əvvala deyə bilərik ki, Putinin ölkə məmurlarının üzərində nəzarəti zəifləməyib. Putinin özünün isə imzasına etinasızlığı da bir az mübahisəlidir. Adam verdiyi bir qərara görə az qala 5 aydır təkcə Ukrayna ilə deyil, dünyanın yarısı ilə müharibə edir. Üstəlik, heç nəyə baxmadan da deyir ki, qarşısına qoyduğu məqsədə çatmayanadək müharibə davam edəcək. Yəni imzasının arxasında dayanır. O halda, bu prinsipiallıq Qarabağda sülhməramlıların üzərinə götürdüyü öhdəlikdə niyə görünmür? Eyni imza, eyni şəxs, amma fərqli yanaşmanın anlamı nədir? Üstəlik, Ukrayna müharibəsindən bir gün əvvəl Putin Azərbaycan Prezidenti ilə münasibətlərin daha da dərinləşməsinə xidmət edən dövlətlərarası saziş də imzalayıb.

16455572165934813943_1000x669.jpg (412 KB)

Aydındır ki, dövlət rəhbərləri postda olduğu müddətdə yüzlərlə sənədə, fərmana imza atırlar, onların icrasına birbaşa nəzarət etmək digər strukturların işidir. 44 günlük müharibənin yekunu olaraq imzalanmış üçtərəfli sənəd isə bir az fərqlidir, bunu Putin də bilməmiş deyil.

Rusiyanın Azərbaycandakı səfiri iki gün əvvəl Şuşada olub, doğru olanı edib. Oradan əlbəttə ki, Xankəndinə tərəf də boylanıb. Rusiya Qarabağ konfliktinin ilk ayından onun içərisində olub, əsasən də mənfi rolda iştirak edib. Amma İkinci Qarabağ savaşında ən azı bitərəfliyini qorumağa çalışdı və hərbi əməliyatlar üçtərəfli sənədin imzalanması və rus sülhməramlılarının 5 il müddətinə Qarabağda yerləşməsi ilə yekunlaşdı. Bu yekunlaşma Rusiyanın üzərinə çox ciddi öhdəliklər qoyub ki, bunu icra etmək lazımdır. Bu icra prosesini yubatmaq olar, amma ondan birdəfəlik yayınmaq, həmişəlik iqnor etmək mümkün olası iş deyil.

Prezident İlham Əliyev iyulun 15-də keçirdiyi müşavirədə də bu barədə lazımı mesajları verib. 10 noyabr sənədinin icrasında Rusiya rəhbərlyinin məsuliyyətini xatırladıb. “Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb”.

Prezident deyib ki, Ermənistan 10 noyabr bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. “Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir”. Rusiyanın üzərinə düşən öhdəliyi yerinə yetirməməsini bundan artıq necə ifadə etmək olar ki? İlham Əliyevin fikirinin davamı da çox mühümdür və Azərbaycanın maraqlarının mütləq nəzərə alınmasına bir çağırışdır: “Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik...”

ilham əliyev bəyanat 6488281[1] (1).jpg (141 KB)

İlham Əliyev nəyi, harada danışmağın yerini bilən liderdir, bunun dəfələrlə şahidi olmuşuq. O səbəbdən, bu gün dediklərinin sətiraltılarını da həm Rusiya, həm İrəvan dəqiq oxumalıdır: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

Prezident Əliyevin Qarabağa stutusun yenidən gündəmə gətirilməsi barədə danışıb, deyib ki, Ermənistan kapitulyasiya aktına imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olub ki, status məsələsinə toxunulmur. “Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq” deyə, xəbərdarlıq edib.

1640685910_1630063704_400.jpg (95 KB)

Aydındır ki, bu gəlişi gözəl sözlər deyil. Görünür, Azərbaycan artıq ciddi şəkildə Zəngəzur muxtariyyəti məsələsini öyrənir, bunun üçün isə tam hüquqi əsaslar mövcuddur. Rusiya qondarma status məsələsində Ermənistanın ağzının üstündən vurmasa, Azərbaycanın da irəli sürdüyü şərtlə regionda qarşıdurma meylləri və müharibə riski yenidən artacaq ki, bu da yaxın illərdə Moskvanın maraqlarına qətiyyən cavab vermir. Qərb isə əksinə, bu gərginliklərdən yararlana bilər.

Dövlət başçısı Minsk Qrupunu “diriltmək” cəhdləri arxasında net bir fikri də diqqət çəkdi. İlham Əliyevə görə, bu “diriltmə” niyyətinin arxasında ölkəmizə qarşı ərazi iddiası dayanır: “Biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın”.

Nədənsə, mənə elə gəlir ki, bu xəbərdarlıqdan ən çox “pay” məhz Rusiyaya düşür...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR