Rusiyanın keçmiş müdafiə naziri və Prezident Administrasiyasının sabiq rəhbəri Sergey İvanov 73 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-i “VTB Vahid Liqası”na istinadən məlumat yayıb.
İvanov həmin qurumun fəxri prezidenti idi.
Onun ölüm səbəbi açıqlanmayıb.
Sergey İvanov uzun illər Vladimir Putinin ən yaxın silahdaşlarından biri hesab olunurdu. Onlar hələ DTK-da birlikdə çalışdıqları dövrdən tanış idilər. İvanov sonradan Rusiyanın müdafiə naziri, daha sonra isə Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.
Bir vaxtlar o, Putinin hakimiyyətdə mümkün varislərindən biri kimi də qiymətləndirilirdi və Rusiya siyasi elitasının ən nüfuzlu fiqurları sırasında yer alırdı.
İvanovun ailəsi də illər əvvəl səs-küylü hadisə ilə gündəmə gəlib. Onun oğlu Aleksandr İvanov 2005-ci ildə Moskvada piyada keçidində 68 yaşlı qadını avtomobillə vuraraq ölümünə səbəb olmuşdu. Lakin həmin cinayət işi sonradan bağlanıb. Aleksandr İvanov daha sonra Rusiyanın dövlət inkişaf korporasiyası VEB-də yüksək vəzifədə çalışıb. O, 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərində faciəvi şəkildə həlak olub.
Musavat.com






