İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya “yox” deyir

10235 13.03.2022 23:31 Yazarlar A A

Putin indi elə havadadır ki, istəkləri yerinə yetirilməsə, heç Co Baydenlə də razılaşmağa meylli görünmür

Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli variantına keçirilməsi ilə bağlı cəhdlər nə yazıq ki, nəticə vermir. Həm Rusiyanın, həm Ukraynanın müharibənin ilk günündən diplomatiyaya qapıları bağlamaması yaxşı haldır, amma fakt odur ki, nəticə yoxdur. Nəticə olmadığı üçün də artıq tərəflərin üzbəüz görüşü video-formata keçirildi. Yaxşı əlamətə işarə deyil...

“Müharibə nə vaxt dayanar” sualına cavab dərin analitik təhlil tələb etmir. Elə hər iki ölkənin dövlət başçılarının son mövqelərinə baxmaq kifayətdir ki, mənzərə aydınlaşsın.

Ukrayna prezidenti Zelenski hələ ki, son olan açıqlamasında ölkəsinin müstəqillik, xalqının azad olmaq davasından vaz keçməyəcəklərini deyib. Putin isə dünən Almaniya kansleri Şoltz və Fransa prezidenti Makronla birgə Ukraynadakı atəşkəsi müzakirə ediblər. Kremlin rəsmi məlumatı ümumi cümlələrdən ibarətdir, amma Yelisey sarayından sızan məlumat (bu barədə BFMTV telekanalı xəbər yayıb) danışıqların “çox gərgin” keçdiyini göstərib. Hətta Qərb liderləri Putinə “danışıqlardan sonra Avropa Birliyinin yeni sanksiyalarına qərar verəcəklərini” deyib təzyiq ediblər də. Telekanal bildirib ki, Putin hərbi əməliyyatı dayandırmaq üçün "heç bir istək göstərməyib".

Rusiya prezidentinə müharibədən bəri çoxsaylı zəng gəlib, amma danışıqlarda üç liderin əsas fiqurant olduğu məlumdur: Makron, Şoltz və Bennet. İsrail baş nazirinin Moskvada Putinlə təkbətək görüşündə bir neçə gün sonra Zelensiyə “xalqı itkilərdən qorumaq üçün Rusiyanın şərtlərini qəbul etməyi istəməsi” barədə iddialar da maraq doğurur. Bildirilir ki, Zelenski təklifi “kapitulyasiyanı qəbul etmək kimi” qiymətləndirib.

Rəsmi Moskva “kapitulyasiya” terminini hələ işlətmir, amma bəzi sərt mövqdə olan ekspertlər telekanallarda “Ukraynanın kapitulyasiyası” haqda tez-tez danışımağa başlayıblar. Kreml dilə gətirməsə də, Ukrayna üçün şərtləri elə kapitulyasiya deməkdir. Putin bu şərtlərin qəbul edilməyənədək irəli getməyi düşünür. İndilikdə görünən odur ki, əgər cəbhədə Ukraynanı xeyrinə ciddi dəyişiklik olmasa, Putin tez ya gec Kiyevin işğalına qədər gedəcək. Onu ancaq kapitulyasiya sənədi durdura bilər. Ukrayna isə məlumdur ki, belə bir alçaldıcı sənədi qəbul etməyəcək. Zelenski Paşinyan, Ukrayna Ermənistan deyil. Paşinyan uduzduğunu etiraf etsə də, 10 noyabr sənədini publika qarşısında imzalamadı. Ukraynaya təklif edilən şərtlər isə 10 noyabrla müqayisə edilə bilməz, bu ölkəsini Rusiyaya təslim etmək sənədidir.

Zelenski bu qədər həngamədən sonra belə bir sənədə imza atarmı? Mən ölər, imza atmaz deyirəm. Hətta Qərbdəki dəstəkçiləri istəsə, belə...Müstəqil hərbi mənbələr cəbhədə Rusiyanın üstünlükləri olduğuna işarə edir. Gerçək vəziyyəti Zelenski və komandası yaxşı bilir, nə qədər duruş gətirə biləcəklərini də... İndi vəziyyət elədir ki, qızıl ortanı tapmaq hər keçən gün daha da çətinləşir. Zelenski Ukraynanı bu odun arasından tam yanmamış qurtararsa, tarixdə müsbət işarə ilə qalacaq. Yox, Ukraynanı sonadək Rusiya ordusuna yem edəcəksə, o zaman...

İndi gələk Qərbin, daha dəqiqi ABŞ-ın mövqeyinə. Çünki onlar da artıq özlərini şübhəli aparmağa başlayıblar. ABŞ Dövlət Departamentindən bildirilib ki, Kiyevin “faydalı hesab etdiyi diplomatik addımları atmağa hazırdırdırlar ”. “ABŞ danışıqlarda Rusiyanın əlverişsiz, ukraynalıları isə mümkün olan ən güclü mövqeyə qoymağa çalışır” deyə, açıqlamada bildirilir. Demək, Ukrayna xalqının başına bu müsibətlər gətiriləndən sonra ABŞ Ukraynanın danışıqlar masasına oturmasına meyllənib. Ukraynanın “muskullarını döyüş qabağı masaj etmək”, silah verməklə iş bitmirdi. Bitməyəcək də...

Putin isə indi elə havadadır ki, istəkləri yerinə yetirilməsə, heç Co Baydenlə də bu mövzuda razılaşmağa meylli görünmür. Sanksiyalar Rusiyanın belini qırıb, Putin isə bunu nə qədər qəddar səslənsə də, ölən rus əsgərlərinin canı hesabına “kompensasiya” etməkdə qərarlıdır. Vəziyyət bu...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR