İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən postsovet ölkələrinə şifrəli mesaj

1694 07.11.2023 11:42 Siyasət A A

Krımla bağlı açıqlamada Rusiya prezidenti Vladimir Putin sətiraltı deyib ki, əgər Ukrayna Krımda rus xalqına, onun dili və mədəniyyətinə normal münasibət bəsləsəydi, Rusiya yarımadanı öz tərkibinə qatmazdı. Dövlət başçısı bunu Rusiya İctimai Palatasının üzvləri ilə görüşündə söyləyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə normal, müasir, dostluq münasibətləri olsaydı, o zaman, məsələn, Krımla bağlı məlum addımı atmaq heç kimin ağlına da gəlməzdi. Putin həmçinin iddia edib ki, yaranmış durumda Rusiya insanları “nasist pisliyindən” qorumağa borclu idi.

“Biz, sadəcə, Krımda yaşayan insanların müdafiəsinə qalxmaqdan başqa heç nə edə bilməyəcəyimiz bir seçim qarşısında qoyulduq. Eyni proses daha sonra Donbas və Novorossiyada getdi” - Kreml başçısı əlavə edib.

Putin nə dərəcədə haqlıdır? Tutaq ki, bir ölkənin daxilində insan haqları problemi var, məgər bu, işğala əsas verir? Beynəlxalq hüquq necə olsun bəs? Putinin bu açıqlaması rusdilli əhalinin kompakt yaşadığı postsovet ölkələrinə, özəlliklə Qazaxıstana da mesaj və ya hədə deyil ki?

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov: “Putin istər xaricdə, istərsə də daxildə mövqelərini itirməkdədir”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Kreml sahibinin durmadan mövqelərini itirdiyini söylədi: “Putinin Krımda rus xalqına, rus dilinə, mədəniyyətinə hörmət edilmədiyi və buna görə ərazini Rusiyaya ilhaq etmək məcburiyyətində qaldıqları barədə söylədikləri işğala bəraət qazandırmaq və rus cəmiyyətinin müharibə ilə bağlı günbəgün artan narazılığı dayandırmaq üçün uğursuz cəhddir. Rusiyanın təcavüzkar siyasəti üçün Kreml hər cür bəhanə və yalanlar uydura bilər. Həmin məntiqlə götürəndə dünyanın hər guşəsində ruslar yaşayır və heç də hər yerdə həmin millətə yüksək sevgi və rəğbət göstərilmir. Baltikyanı ölkələrdə, ümumiyyətlə, rus dili qadağan edilib. Amma Putin ora hücum edə bilmir. Çünki NATO müttəfiqləridir. Kreml adətən hədələyici və şantaj üslubundan yararlanıb. Rusiya ölkələrə yatırımlarla, maliyyə və iqtisadi, ticari vasitələrlə deyil, hərbi gücün hesabına daxil olur. Lakin Ukrayna-Rusiya müharibəsi göstərdi ki, hərbi vasitə heç də həmişə nəinki uğur gətirmir, hətta böyük fəlakətlərə gətirib çıxarır. Putin istər xaricdə, istərsə də daxildə mövqelərini itirməkdədir. Moskva tarixən özünün nüfuz dairəsində olan coğrafiyanı əldən verir. Orta Asiya, Qazaxıstan ehtiyatla da olsa, Çinlə və Qərblə yaxınlaşmağa üstünlük verir. Cənubi Qafqaza Ermənistanla konfrontasiya mövcuddur və İrəvan Qərbin regiona gəlməsi üçün alət rolunu oynayır. Moldova və Gürcüstanla soyuq münasibətlər qalır. Göründüyü kimi, Belarus və Tacikistan istisna olmaqla, bütün postsovet məkanında Moskvadanqaçma meylləri güclənməkdədir. Bunu Kreml anlayır. Odur ki, Putin hədələyici ritorika ilə ölkələrə təcavüzkar niyyətdən vaz keçmədiyi xəbərdarlığını edir. Məncə, Moskva indiki halda bütün keçmiş müttəfiq respublikalarda rus xalqını, rus dilini və mədəniyyətini qorumaq bəhanəsi ilə müharibə etmək istəməzdi. İkinci Dünya müharibəsində Almaniya da Polşaya alman xalqını qorumaq üçün səhnələşdirilmiş təxribat quraraq təcavüz etdi. Sonucu da məlumdur. Bu bəyanat həm də beynəlxalq hüquq normalarına Rusiya prezidentinin göstərdiyi neqativ münasibətdir. Bir daha təsdiqləndi ki, BMT TŞ-nin 5 daimi üzvündən biri olaraq Rusiya beynəlxalq sülhün və təhlükəsizliyin təminaçısı deyil, təhlükə və qorxu mənbəyidir. Eyni zamanda beynəlxalq hüquq normaları və hamılıqla qəbul edilən prinsiplər Rusiya üçün vacib əhəmiyyət kəsb etmir”.

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? –  RƏYLƏR

Şəhla Cəlilzadə: “Burada Rusiyaya ilhaq modeli baş tutmayıb, çünki...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə təmsilçisi olduğu Sosial Tədqiqatlar Mərkəzinin çox maraqlı bir sorğusunda ortaya çıxan nəticələri bir daha gündəmə gətirdi: “Rusiya daima rus icmasından öz imperial məqsədləri üçün istifadə edib. Buraya Rusiya maraqlarını qorumaq məqsədilə müvafiq müdaxilə, işğal, psevdoreferendum keçirilməsi yolu ilə ilhaq etmək aid edilə bilər. Bu ssenari hələ ki Krımda və Donbasda reallaşdırılıb. Gürcüstanın Şimali Osetiya və Abxaziya bölgələrinə Rusiyanın müdaxiləsi ilə separatizm canlı tutulsa da, hələ ki burada Rusiyaya ilhaq modeli baş tutmayıb, çünki Gürcüstan Ukrayna qədər irəli gedə bilmədi, yaxud getmək istəmədi. Ukraynanın irəli getməsi deyərkən NATO ilə üzvlük danışıqları nəzərdə tutulur. Yəni hər bir qlobal gücün qırmızı xətləri var. Məsələn, İran üçün bu, regionda sərhədlərin toxunulmazlığı, Çin üçün milli sərhədlərinin qorunması, Rusiya üçün isə postsovet sərhədlərinin pozulmamasıdır. Yəni Rusiya bu arealda yerləşən dövlətlərin öz təsirindən kənarlaşaraq Qərb siyasi-iqtisadi-hərbi təsir arealına düşməsini milli maraqlarına təhdid hesab edir. Bu anlamda, Ukrayna Rusiyanın milli-imperial maraqlarını təhdid edirdi və nəticə etibarilə günümüzdə yaşananlara şahid oluruq. STM tərəfindən 2023-cü ilin 28-31 may tarixlərində, 384 respondent arasında keçirilən sorğu nəticələrində də bu əks olunmaqdadır. Belə ki, respondentlərin 32,2%-i Rusiya-Ukrayna müharibəsinin başlanmasının əsas səbəbləri olaraq Rusiyanın qlobal maraqlarını, 31,2%-i Ukraynanın Qərb təşkilatlarına (Aİ, NATO) üzv olmaq istəyini qeyd etmişdilər. Rusiya hazırda KTMT və Avrasiya İqtisadi Birliyi üzvü olan Qazaxıstan barədə bənzər narahatlıq keçirmir, çünki Qazaxıstan siyasəti anti-Rusiya təmayüllü deyil və Rusiya üçün təhdid xarakteri daşımır. Burada son illərdə həyata keçirilən C5+1 formatlı Qərb inisiativli görüşlər Qazaxıstanın KTMT-dən ayrılması ilə nəticələnərsə, əslində gələcəkdə bənzər narahatlıqları dilə gətirməyə əsas verə bilər, lakin hazırki dövrdə belə bir narahatlıq yoxdur. Həmçinin güc tətbiqi beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsidir. Hazırda beynəlxalq münasibətlər daha çox güc tətbiqi ilə təsis olunur, nəinki diplomatiya və beynəlxalq hüququn tənzimləmələri ilə. Əslində beynəlxalq hüququn əsas tənzimləyici orqanı olan BMT də hazırda qeyri-işlək vəziyyətdədir. Yeni dünya nizamı təsis olunanadək bu sistemdə xaos və hüququn deyil, gücün üstünlüyü qalmağa davam edəcək”.

Asif Nərimanlı: “Separatçıların Ordumuzu izləməsi, açıq müharibə elanıdır”  – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Putinin hədəflərindən birinin bu ölkə ola biləcəyini qeyd etdi: “Rusiya Krımın ilhaqına haqq qazandırmaq üçün həmişə müxtəlif iddialar, fikirlər irəli sürüb. "Nasist", yaxud “mehriban münasibətlər” məsələsi də bu bəhanələrdən biridir. Bəzən də Xuruşovun Krımı Ukraynaya verməsi kimi fikirlər irəli sürürlər. Lakin SSRİ dağılandan sonra yaranmış beynəlxalq münasibətlər sistemini, bu sistemin istinad nöqtəsi olan beynəlxalq hüququ Rusiyanın özü də qəbul edib və Krımın ilhaqı faktiki işğaldır. Buna hansısa formada haqq qazandırmaq mümkün deyil. Sadəcə olaraq, artıq beynəlxalq hüquq və onun üzərində qurulan beynəlxalq münasibətlər sisteminin qalmadığı faktı da ortadadır. Buna görə Rusiyanın Ukraynaya hücum etməsindən sonra haqlı olaraq, dünyanın artıq əvvəlki vəziyyətə qayıtmayacağı bildirilir. Putinin Krımın ilhaqını indi “Ukrayna ilə münasibətlər” məsələsi fonunda şərh etməsi isə postsovet ölkələrinə açıq təhdiddir. Kreml zaman-zaman belə təhdidlər irəli sürüb, indi - Qərblə mübarizənin hər keçən gün daha da açıq müstəviyə keçdiyi vaxt bu təhdidin yenidən təkrarlanması digər ölkəyə mesaj xarakteri daşıyır. Misal üçün, Qazaxıstan Rusiyaya qarşı müəyyən sanksiyalara qoşulur, o cümlədən Makronun səfəri fonunda Qərblə münasibətlərdə yaxınlıq artır. Putinin mesajının ünvanlarından biri Astana ola bilər. Eləcə də digər postsovet ölkələrinə də ünvanlayıb. Rusiya açıq şəkildə bəyan edir ki, Moskva ilə onların istədiyi kimi münasibət qurmayan ölkələrə hücum edə, yaxud daxildə problemlər yarada bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR