İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ilginc Ukrayna açıqlaması - “parlament inqilabı” anonsu, yoxsa...

1692 30.05.2024 08:49 Siyasət A A

Savaş həm siyasi, həm də hərbi baxımdan yeni, kritik mərhələyə qədəm qoyur

Dalana dirənmiş Ukrayna-Rusiya müharibəsinin hərbi yolla həlli mümkünsüz görünür. Artıq rəylər ona doğru yön alır ki, məsələ yaxın aylarda - payızda gözlənilən seçkilər ərəfəsində və yaxud ondan dərhal sonra siyasi və ya inqilab yolu ilə həllini tapa bilər.

Belə rəylər var ki, Zelenski seçkilərdə devriləcək, Ukraynada rusiyayönlü qüvvə hakimiyyət idarəçiliyini götürəcək və bundan sonra anlaşmalar baş verə bilər.

Rusiya prezidenti Vladimir Putin bu kontekstdə ilginc açıqlamalar və əslində anonslar verib. 

“Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir”, - deyə Vladimir Putin bildirib: “Görünən və mənə məruzə olunan ilk şey odur ki, Ukrayna konstitusiyasında səlahiyyətlərin uzadılması nəzərdə tutulur, ancaq Radanın səlahiyyətləri uzadılır və Ukrayna prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir. Ukrayna konstitusiyasının 111-ci maddəsi var ki, ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət şəraitində parlamentin səlahiyyətləri uzadılır”. (APA)

Putin əlavə edib ki, Ukrayna dövlətçiliyi prezidentlik yox, parlamentli respublika ideyasına əsaslanır: “Konstitusiyanın özünün və onun əsasında qəbul edilən hüquqi aktların bu şəkildə qurulması tamamilə məntiqlidir”.

Rusiya prezidenti deyib ki, Ukraynada hakimiyyətin legitimliyi sualına yekun cavabı Ukraynanın siyasi və hüquqi sistemi verməlidir və “bu o qədər də çətin deyil”. O həmçinin deyib ki, Rusiya təhlükəsizlik zonası yaradır.

Bunu Putin Rusiya qoşunlarının Xarkov istiqamətində irəliləməsi haqqında danışarkən bildirib. Onun sözlərinə görə, Xarkov istiqamətində hadisələr Qərbin hərəkətləri ilə təhrik edilib.

Putin vurğulayıb ki, uzaqmənzilli silahlardan istifadə ediləcəyi təqdirdə Rusiya Silahlı Qüvvələri yenidən sanitar zona ilə bağlı qərar qəbul etməli olacaq.

Rusiya lideri NATO baş katibi Yens Stoltenberqin Rusiya ərazisinə yüksək dəqiqlikli raketlərlə zərbə endirilməsi bəyanatına da münasibət bildirib: “Stoltenberq Rusiya ərazisində yüksək dəqiqlikli silahların tətbiqindən danışarkən bilməyə bilməz ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. NATO ölkələrinin nümayəndələri nə ilə oynadıqları barədə özlərinə hesab verməlidirlər. Ukraynada muzdlular var, biz bunu yaxşı bilirik. Yüksək dəqiqlikli silahlara kim xidmət edir? Təlimatçılar muzdlular şəklindədir və onlar itkilər verirlər”, - deyə Putin NATO ölkələrinin Rusiya Federasiyası ərazisini vurmaq çağırışları haqqında suala cavab verərkən bildirib.

Rusiya prezidenti əlavə edib ki, polyaklarla bərabər Avropa ölkələrinin kontingenti Ukrayna ərazisinə girsə, başqaları gedəcək, polyaklar isə heç vaxt getməyəcək: “Ukrayna ərazisində kimin olmasından asılı olmayaraq, biz yenə də lazım bildiyimizi edəcəyik. Hazırda Ukrayna döyüş meydanında vəziyyəti döndərə bilmir və buna nə qədər çox cəhd etsə, bir o qədər çox itki verəcək”.

Onu da qeyd edək ki, Putin bu açıqlamanı verdikdən sonra Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Aİ-yə üzv dövlətlərin müdafiə nazirlərinin görüşündə bildirib ki, müharibə qanunlarına görə, Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var. O deyib ki, bu yolda tərəfdaşların rəsmi Kiyevə verdiyi silahlar işə salına bilər.

Borrelin sözlərinə görə, Ukrayna tərəfi indiki halda özünümüdafiə hüququndan istifadə edir.

Niderland və Estoniyanın müdafiə nazirləri Kaysa Ollonqren və Hanno Pevkur da bu fikirləri dəstəkləyiblər...

Görünən budur ki, Ukrayna-Rusiya savaşı həm siyasi, həm də hərbi baxımdan yeni, kritik mərhələyə qədəm qoyur. Bəs Putinin anons etdiyi versiyanın anlamı nədir? O, bununla hansı mesajları verdi?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Rusiya kimi dövlətə qarşı müharibədə Ukraynanın qalib gəlməsini mümkünsüz hesab edir: “Rusiya-Ukrayna müharibəsi haqqında kimin nə fikirdə olmasından və nə deməsindən asılı olmayaraq, Ukrayna bu müharibəni onu başlaması ilə uduzdu. Bu müharibəni layihələndirənlərin əsas məqsədi də bu idi. Müharibə başlayandan Azərbaycanda da gəlişi gözəl çıxışlar edən "siyasi şərhçilər" Ukraynanın Rusiyanı məğlub edəcəyinə, Rusiyanın bu müharibənin yekununda bir dövlət kimi parçalanaraq çökəcəyinə dair nağıllar uydururdular. Elə bir çoxları bu gün də eyni eyforiya ilə bu nağılları danışmaqda davam edirlər. İki ildən artıq davam edən müharibəni bu şəkildə şərh edənlər, onun dərində olan köklərindən xəbərsizdilər və ona görə də müharibənin səbəblərini Ukraynanın Qərbə meyllənərək, Rusiyanın təsirindən çıxmağa cəhd göstərməsi fonunda, ruslarla ukraynalıların arasında yaranan nifrətin son həddə çatması kimi izah edirlər. Bəli, bu səbəb də ortadadır, lakin bu səbəb aysberqin suyun üzərində görünən hissəsi qədər hissəsidir, məsələnin alt qatında isə bundan bir neçə dəfə böyük səbəblər dayanır. 

Bu müharibə dünya güclərinin iqtisadi və biznes maraqlarını bölüşdürmək yolunda tərtib etdikləri böyük planın bir fraqmentidir. Dediklərimizin sübutu ortadadır. Ukraynanı körükləyib bu müharibəyə təhrik edən Qərbin iki ildən çoxdur ki, Ukraynaya necə hərbi yardım etdiyini bütün dünya görür. Bu yardımlarla bütün səviyyədə olan resursları Rusiyadan 5-6 dəfə zəif olan Ukrayna kimi bir ölkənin Rusiya kimi nüvə dövlətinə qalib gəlməsi mümkün deyil. Qərbin oyunları artıq yekunlaşmağa doğru gedir - Ukrayna sürətlə geri çəkilir, ruslar isə hər gün yeni torpaqlar işğal edərək irəliləyirlər. Məqsəd bəllidir. Rusiya Xarkovu, Odessanı işğal edib, Ukraynanın dənizə çıxışını qapatmağı və Moldova ərazisinə çıxaraq, Prednistroviyanı öz nəzarətinə götürməyi hədəfləyir. Əgər Qərb Rusiyanın bu planının reallaşdırılmasının qarşısını almaq məqsədilə Ukraynaya ciddi hərbi yardımlar göstərməyə qalxarsa, o halda Rusiya çəkinmədən taktiki nüvə silahından istifadə edəcək. Qərb Rusiyanın belə bir addım atacağından çox əndişəlidir və ona görə də bu müharibəni tədricən Ukraynanın məğlubiyyəti ilə yekunlaşacaq sonluğa doğru aparır. 

Baxın, bu gün Qərb İranın İsrailə istiqamətləndirdiyi yüzlərlə pilotsuz uçuş aparatlarını və atdığı raketləri İsrail ərazisinə çatmamış havada məhv edirsə, nədən Ukraynada minlərlə insanın ölümünə səbəb olan raketlərin və pilotsuz uçuş aparatlarının heç olmasa Ukrayna ərazisində vurulmasını təmin edə biləcək hava hücumundan müdafiə sistemlərini ona tam şəkildə vermir?"

Sabiq nazir proseslərin Ukrayna üçün dalana dirəndiyini düşünür: “Qərbin bu gün Rusiyaya tətbiq etdiyi sanksiyalar demək olar ki, işləmir. Bu sanksiyalar Rusiya ilə iqtisadi əlaqələrin ön qapısını qapatsa da, Qərbin biznes dairələri məmnuniyyətlə Rusiya ilə "arxa qapıdan" işləyirlər. Rusiya bu gün sanksiyalarla qadağan olunmuş bütün məhsulları və hətta hərbi sənaye üçün zəruri olan yüksək texnologiyalara aid məmulatları həmin o “arxa qapıdan” alıb gətirir və bu hesaba da ayaqdadır. 

Ukrayna bu gün heç olmasa müəyyən bir ərazidə dövlət kimi qalmaq istəyirsə, nə qədər gec deyil, kapitulyasiya aktına qol çəkməlidir".  

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev isə Putinin çıxışlarında əsəbi göründüyünü qeyd etdi: “Putinin verdiyi son açıqlamalar Ukrayna cəbhəsində vəziyyətin dəyişə biləcəyi narahatlığından irəli gəlir. Rusiya üçün uğurlu yaz əməliyyatları son günlər səngiməyə başlayıb, Ukraynanın isə silah-sursat ehtiyatlarında nəzərəçarpacaq artımlar hiss olunur. Bu gedişatla müqavimətin artacağı və əks-hücum planlarının reallaşacağı, eyni zamanda uzunmənzilli raketlərdən istifadə ediləcəyi artıq real görünməyə başlayıb. İndiyədək ABŞ və Qərb Ukrayna arsenalında olan uzunmənzilli raketlərdən istifadəyə imkan vermirdi. Amma artıq bu addıma yaşıq işıq yandırılmağa başlayıb, Rusiya ərazisində mülki sənaye, neft və neft emalı obyektləri istisna olmaqla, digər hərbi və hərbiyə yaxın olan obyektlərin vurulması məqsədilə hətta yenidən uzunmənzilli raketlər verilməyə başlayıb. O səbəbdən Putin bufer zonanın genişləndirilməsi ilə bağlı işlər görüləcəyini deyir. Çünki bilir ki, proses sürətli şəkil ala bilər və ən azı son aylar əldə etdiyi əraziləri artıqlaması ilə itirə bilər, həmçinin hava hücumları vasitəsilə Rusiyanın içərilərinə doğru intensiv raket və təyyarə vasitəsilə zərbələr endirilə bilər. "F16"nın Ukraynaya veriləcəyi məsələsi ciddiləşib və artıq Ukrayna pilotlarının ikinci qrupu ABŞ təlimatçıları tərəfindən sürətləndirilmiş şəkildə təlimlər keçməyə başlayıblar. Bunların hamısı Rusiyanı çox narahat etdiyindən atılacaq addımlara cavab olaraq daha kəskin münasibət göstərəcəklərini deyir. Rəsmi Moskvanın ümid etdiyi kimi, Ukraynada siyasi böhranın yaşanmaması da bəzi planları pozub. Ölkədə prezident seçkilərinin qeyri-müəyyən vaxta təxirə salınması və bu hadisədən dolayı siyasi partiyalar arasında hər hansı ciddi qarşıdurmaların yaşanmaması, fikir və fəaliyyətlərin yalnız ölkənin müdafiəsinə və ərazilərin azad olunması istiqamətinə yönəldilməsi, Qərbdən yardımların intensiv daxil olması müharibənin gedişatında köklü dəyişikliklər etməsə də, prosesin uzun müddət davam etməsinə bir növ təminat verəcək. Yəni bu yaxınlarda İsveçin hərbi qüvvələrinin baş komandanın verdiyi bəyanatın reallaşmaq üzrə davam edəcəyi gözlənilir. Belə ki, baş komandan demişdi ki, Ukrayna-Rusiya müharibəsinin qalibi olmayacaq, eyni zamanda bu müharibənin nə vaxt bitəcəyi də bilinmir. Bu proqnozu indiyə kimi müəyyən fərqlərlə bir çoxları verib. Belə perspektiv isə rəsmi Moskvanı heç cür təmin etmir. O səbəbdən Putinin açıqlamalarında bir sıra əsəbi notlar da mövcud idi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR