İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynanı niyə darmadağın etməyə çalışır- ŞƏRH

1153 10.02.2023 16:26 Siyasət A A

 

Rusiya Moldova və Rumıniya hava məkanından Ukraynaya  iki raket atıb. “The Guardian” qəzetinin yazdığına görə bu barədə Ukrayna silahlı qüvvələrinin baş komandanı general Valeri Zalujnıy  məlumat yayıb. General qeyd edib ki, iki “Kalibr” raketi səhər saat 10.18-də Moldovaya keçib, daha sonra saat 10.33-də dövlət sərhədinin kəsişməsindən Rumıniyaya uçub, oradan isə Ukraynanın qərbinə hərəkət edib.

Moldova Müdafiə Nazirliyi əvvəlcə bu məlumatdan yayınmağa çalışsa da, daha sonra raketin onun ölkəsinin hava məkanını keçdiyini təsdiqləyib. Açıqlamada deyilir:

“Saat 10.18-də raket Moldova hava məkanı, Dnestryanı bölgənin Mokra şəhəri üzərindən, daha sonra isə Soroca rayonundakı Kosauti şəhəri üzərindən keçərək Ukraynaya doğru hərəkət edib. Müdafiə Nazirliyi ölkənin məsul qurumları ilə birlikdə regiondakı vəziyyəti diqqətlə izləyir və Moldova Respublikasının hava məkanının pozulmasını qətiyyətlə pisləyir”.

Rumıniyanın müdafiə nazirliyi də əvvəlcə xəbərləri təsdiq etmək istəməsə də növbəti açıqlamada müşahidə sistemlərinin Krım yaxınlığındakı Rusiya gəmisindən atılan qanadlı raketə bənzədiyini aşkar etdiyi, lakin onun Rumıniya hava məkanına keçmədiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Kiyevin Rumıniya və Moldova üzərində Rusiya raketlərini vurmaq imkanı var, lakin bunu etməyib. "Hərbçilər xarici dövlətin əhalisi üçün riskləri və təhdidləri başa düşdülər, buna görə də bunu dərhal etmədilər",- İqnat deyib.

Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa ölkələrinə səfərindən bir gün sonra cümə Rusiya yenidən “kütləvi” raket və dron hücumlarına başlayıb. Məlumata görə, Rusiya bu gün səhər şəhərlərə və mühüm infrastruktur obyektlərinə zərbələr endirib, Azov dənizindən İran istehsalı olan yeddi "kamikadze" pilotsuz təyyarə və Qara dənizdən altı "Kalibr" qanadlı raket buraxıb.

Rusiya həmçinin şərqdə Xarkov bölgəsini və cənubdakı Zaporijya bölgəsini hədəf alan 35-ə qədər zenit raketi ilə kütləvi hücum həyata keçirib. Qubernator Oleq Sinegubov bildirib ki, Xarkovda kritik və infrastruktur obyektlər hədəfə alınıb və lakin yanğınlar  tez bir zamanda söndürülüb.  O, heç kimin xəsarət almadığını, lakin şəhərin bəzi hissələrinin elektrik enerjisinin kəsildiyini deyib. Yerli rəsmi Anatoli Kurtev bildirib ki, Zaporijyada “energetika və sənaye infrastrukturu” zədələnib, şəhərin bəzi hissələri işıqsız qalıb.

Məlumata görə Rusiya qarşıdakı on gün ərzində Ukraynada genişmiqyaslı hücuma başlayacaq.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a danışıb. Ekspert bildirib ki, Rusiyanın nə etmək istədiyini hələ də heç kəs anlamır:

 “Ötən gün Rusiyanın Prezidenti Putin deyirdi ki, biz ümumiyyətlə, Ukraynaya hücum etməmişik, oradakı gərginliyin bitməsinə çalışırıq. Ona sual vermək lazımdır ki, Ukraynaya hücum etməmisən, amma bir ildir ki, Ukrayna ərazisində hərbi əməliyyatlar keçirib, bunu gah millətçilərlə mübarizə, gah Ukraynanın hərbisizləşdirilməsi, gah şeytanlara qarşı mübarizə kimi qiymətləndirirsən. Yaxın on gün deyil, ümumiyyətlə, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi mümkünsüzdür. Rusiya çalışır ki, insan amili hesabına nəyəsə nail olsun, amma bu, mümkün deyil. Ona görə ki, Rusiya peşəkar ordusunun demək olar ki, əksəriyyəti Ukrayna şəhərlərində, ərazisində məhv edilib. Vaxtilə təlim görmüş, hazırlıq keçmiş hərbi qulluqçuları öz döyüş qabiliyyətlərini itiriblər. Bu gün gah Kiyevə, gah Zaporijyaya raket atır. Bununla nə etmək istəyir? Göründüyü kimi Ukraynanı Kahramanmaraşa çevirmək istəyir və buna görə onsuz da cavab verməlidir.

Bu gün bütün Avropa bildirir ki, Rusiyanın Ukraynaya hücumu hərbi cinayətdir. 50-dən artıq ölkə artıq Rusiyaya qarşı hazırlıq görür və Ukraynaya çox ciddi dəstək verir. Bütün bunlara  Rusiya hansı silahlarla hazırlaşacaq?

Ötən gün Medvedyev deyir ki, Rusiya silah istehsalını  artırmalıdır. Adama sual verərlər ki, nəylə, hansı imkanlarla artıracaqsan? Məlum olduğu kimi Rusiyaya qarşı 10 paket sanksiya qəbul olunub və bu sanksiyalar hərbi sənaye kompleskinə, iqtisadiyyatına,  siyasi sferasının bütün sahələrinə ciddi təsir edib. Ona görə də Rusiyanın bu hücumları heç nəyə gətirib çıxarmayacaq”.

Onu da qeyd edək ki, Ukrayna müharibənin 352-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Ukrayna Baş Qərargahının məlumatına görə Rusiya indiyə qədər 135 740 hərbçi, 3258 ədəd tank, 6471 ədəd zirehli döyüş maşını, 2251 ədəd artilleriya sistemi, 463 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 233 hava hücumundan müdafiə sistemi, 295 ədəd hərbi təyyarə, 286 ədəd helikopter, 5126 ədəd avtomobil texnikası, 1 970 ədəd PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 211 xüsusi avadanlıq itirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR