İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin qoşunlarını niyə Kiyev və Çerniqovdan çıxarır?- Amerikalı general danışır

3003 03.04.2022 18:14 Gündəm A A

"Rusiya ordusu Kiyev və Çerniqov istiqamətlərindən çıxarılmır, Donbasda növbəti "mərhələ” üçün yenidən yerləşdirilir".

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın Avropa Ordusunun keçmiş komandanı, general Ben Hodges TSN-ə müsahibəsində Putinin qoşunlarını bu ərazilərdən çıxarmağa razılıq verməsinin səbəblərindən danışarkən deyib.

"Rusiya hərbi birləşmələri məğlub olub, liderlərini itiriblər, onların texnikası darmadağın edilib, Ukrayna müdafiəçilərinin sayəsində xeyli texnika itiriblər. Beləliklə, indi onlar geri çəkilməyə, yenidən təşkil olunmağa, növbəti "mərhələ" üçün yenidən qruplaşmağa çalışırlar. Fikrimcə, hazırda baş verənlər bundan ibarətdir. Deməli, bu, geri çəkilmə deyil", deyə general bildirib.

Ben Hodges qeyd edib ki, Rusiya ordusunun Kiyevi ələ keçirmək üçün resursları və kifayət qədər əsgəri yoxdur: "Şəhər çox böyükdür, ətrafındakı müdafiə çox güclüdür. Ona görə də düşünürəm ki, onlar nə edə biləcəklərini qiymətləndirirlər. Xüsusilə Azov dənizi ilə əlaqəni kəsmək istəyirlər. Başa düşürlər ki, bu, Ukrayna iqtisadiyyatına ağır zərbə vuracaq. Berdyansk və Mariupoldan ixrac edə bilməsə, o zaman Ukrayna iqtisadiyyatına zərbə dəyəcək və çoxlu problemlər yaranacaq. Düşünürəm ki, diqqətlərini buna yönəltməyə çalışacaqlar”.

Rusiya qoşunlarının Ukrayna qüvvələrini mühasirəyə alması ehtimalını qiymətləndirən general qeyd edib ki, bu ehtimal var, amma həyata keçirmək üçün qarşı tərəf ciddi səylər göstərməlidir: "Bilirsiniz, xəritədə bunu etmək asandır. Amma reallıqda (döyüş meydanında-red.) vəziyyət tamam başqadır. Əmin deyiləm ki, onlar bunu etmək üçün o qədər də ağıllıdırlar. Ukrayna generalları çox ağıllıdır. Onlar artıq bunu əmr vermək bacarıqları ilə əla nümayiş etdiriblər. Ona görə də əminəm ki, Baş Qərargah bunun baş verə biləcəyini anlayır və vəziyyəti diqqətlə izləyir, Rusiya qüvvələrinə növbəti zərbəni layiqincə çatdırmaq üçün bütün imkanları dəyərləndirir".
 
General bildirib ki, yaxın üç həftə müharibədə həlledici olacaq: "Üç həftə ərzində Ukrayna Kremlin boynunu ayaqlayacaq. Müttəfiqlər Ukraynanın irəli getməsi üçün daha çox kömək etməli və Ukraynanın istədiyi hər şeyi təcili şəkildə təmin etməlidirlər. Əgər biz kömək etməsək, ruslar toparlanmağa başlayacaq, yeni silah-sursat gətirəcək, səhvlərini anlayacaq və yeni hücuma keçəcəklər. Ona görə də hazırda bu kampaniyanın kritik mərhələsindəyik.

Ben Hodges bildirib ki, Ukraynanı uzaqmənzilli raketlər, artilleriya qurğuları, gəmiləri və qanadlı raketlər buraxan təyyarələri məhv etməyə kömək edəcək silahlarla təmin etmək lazımdır. 

Rusiya prezidenti Vladimir Putinin planlarından danışan Ben Hodges, onun hücumdan bir neçə gün sonra Kiyevin ələ keçirilməsini gözlədiyini və əsgərlərinin Ukraynada qəhrəman kimi qarşılanacağına ümid etdiyini bildirib: "Düşünürəm ki, rusların bunu edə bilmələri ilə bağlı təkəbbürləri onların təlimlərindəki səhv hesablamaların nəticəsidir. Rusiya generallarının Ukrayna sim kartları ilə mobil telefonlardan istifadə etmələrinə görə öldürülməsi bu təkəbbürün bir nümunəsidir".

General qeyd edib ki, Rusiya ordusu hazırda məğlubdur, lakin onların hələ də nüvə silahı, çoxlu imkanları, minlərlə əsgəri var: "Ona görə də indi fürsətdən istifadə etməliyik. Uğursuzluğa düçar olduqları zaman onları "sındırmalıyıq". Əks halda, 2-3 ildən sonra yenidən bununla məşğul olmalıyıq. Ona görə də indi qələbədən danışmalıyıq. Hətta müzakirə olunacaq başqa bir şey də yoxdur. Prioritet qələbə qazanmaq və Ukraynanın suverenliyini bərpa etməkdikr. Və bu, ABŞ və Avropanın məqsədi olmalıdır, Ukraynaya öz suverenliyini bərpa etməkdə kömək edilməlidir".
 
"Növbəti üç həftə ərzində baş verənlər Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq qərarını müəyyən edəcək. Fikrimcə, bu, qarşıdakı üç həftə ərzində baş verəcəklərdən asılıdır. Əgər biz indi Ukraynanın rusları məğlub etməsinə kömək etməsək, bu, aylarla, illərlə uzanacaq və Rusiya Ukraynanı qana bulamağa davam edəcək. Ancaq rusları məğlub etsək, o zaman biz bu məsələ ilə bağlı daha sürətli danışıqlara başlaya bilərik”, deyə Hodges bildirib.

Polşanın baş naziri Mateuş Moravetskinin Rusiyanın Ukrayna ərazisinin üçdə birini tutmağa çalışacağı ilə bağlı bəyanatını şərh edən general qeyd edib ki, Moskvanın arzusu budur: "Amma onlar artıq dayandırılıb. Ona görə də qarşıdakı üç həftə çox vacibdir. Biz Ukraynanın irəli getməsinə və onun boynunu (Rusiyanın-red.) qırmasına kömək etməliyik ki, 2-3 ildən sonra eyni şeyi təkrarlamasın".

 
ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR